Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, teatrsevərlərin çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi bu baletin tamaşası 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr ediləcək.
Səhnə əsərində Odetta-Odilliya rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, beynəlxalq müsabiqələr laureatı Lyüdmila Xitrova dəvət olunub. L.Xitrova dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İspaniya, Meksika, Koreya Respublikası, Misir və digər ölkələrdə professional çıxışları ilə böyük tamaşaçı rəğbəti qazanıb.
Ölkəmizə ilk dəfə olaraq təşrif buyuran sənətkarın səhnədəki tərəf müqabili Belarusun Əməkdar Artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Oleq Yeromkin olacaq.
Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
