Fevralın 23-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Şairi, görkəmli dramaturq Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş “Nəriman Həsənzadə və teatr” adlı tədbir təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Əvvəlcə görkəmli poeziya xadiminin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək Nəriman Həsənzadənin həyat və yaradıcılığından bəhs edib. A.Nemət görkəmli dramaturqun Azərbaycan poeziyasındakı fəaliyyəti ilə yanaşı, onun teatr mədəniyyətinin formalaşmasındakı xidmətlərindən də söz açıb.
Bildirilib ki, şairin teatr səhnəsinin şərtlərinə və imkanlarına böyük zövqlə uyğunlaşdırılmış epik-dramatik əsərləri əsasında hazırlanmış tamaşalar hər zaman sevilərək rəğbətlə qarşılanıb.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xalq Şairi Nəriman Həsənzadəyə ünvanlandığı təbrik məktubunu oxuyaraq şairə təqdim edib.
Şairin çoxşaxəli yaradıcılığının əsas məqamlarına toxunan Ədalət Vəliyev N.Həsənzadənin şair, dramaturq, nasir kimi milli mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, XX əsrin axırlarında Azərbaycan ədəbiyyatında mənzum dramaturgiya ənənəsinin yaşadılması və inkişaf etdirilməsi şairin mühüm ədəbi xidmətidir.
Bildirilib ki, Azərbaycanda özünəməxsus inkişaf yoluna malik olan tarixi dram ənənəsi Nəriman Həsənzadənin tarixi dramları ilə daha da zənginləşib. Bu əsərlər mənzum tarixi dramlar kimi ciddi əhəmiyyət kəsb edir.
Tədbirdə şairin əsərləri əsasında hazırlanmış tamaşalardan fraqmentlər nümayiş olunub.
Daha sonra görkəmli Xalq Şairinə Teatr Xadimləri İttifaqı adından xatirə hədiyyəsi təqdim olunub.
Cia.az
