ABŞ dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Suriyada atəşkəslə bağlı razılığa gəldiklərini bildirib. O qeyd edib ki, Suriya münaqişəsinin həlli hərbi yolla mümkün deyil. Kerri yaxın vaxtlarda Suriyada döyüşlərin dayandırılması ilə bağlı ABŞ və Rusiya prezidentləri arasında müzakirələrin aparılacağını da istisna etməyib.
Dövlət katibinin sözləri dünya mətbuatına bomba kimi düşüb. İki nəhəng dövlətin Suriya məsələsi ilə bağlı ilkin razılığa gəlmələri heç də birmənalı qarşılanmayıb.
Rusiya Xarici İşlər Nazirliyi də Kerri ilə Lavrov arasındakı telefon danışığı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının terrorçu təşkilat kimi tanıdığı qruplaşmalara qarşı əməliyyatlar istisna olmaqla, Suriyada döyüşlərə son qoyulması uğrunda birgə fəaliyyətlərini davam etdirəcəklər.
Ekspertlər hesab edirlər ki, Suriya münaqişəsi dayandırılarsa, Türkiyə tərəfindən ciddi narazılıq doğuracaq. Çünki hazırda türk ordusu Suriyada uğurlu əməliyyatlar keçirərək, PKK düşərgələrini darmadağın edir. Belə bir vəziyyətdə ABŞ və Rusiya arasında danışıqların aparılması bəzi suallar yaradır. Heç şübhəsiz ki, Suriya münaqişəsində atəşkəs əldə olunarsa, bu, Rusiyanın qələbəsi olacaq. Çünki ən azından Rusiya Bəşər Əsədin hakimiyyətini bir müddət də qoruyacaq.
Politoloq Şahin Cəfərli isə fərqli düşünür. O hesab edir ki, Suriyada atəşkəsin əldə olunması asan məsələ deyil: “Suriya kimi çoxlu sayda dövlətin, ən müxtəlif qrupların, o cümlədən terror təşkilatlarının aktiv rol oynadığı bir münaqişədə atəşkəsə nail olunması elə də asan deyil. İki həftə əvvəl Münhendə əldə olunan atəşkəs razılaşması heç bir nəticə vermədi. Əksinə, hərbi əməliyyatlar daha da gücləndi və Türkiyə-Suriya sərhədində gərginlik zirvə nöqtəsinə çatdı. Hətta iki dövlətin və iki tərəfin arasındakı konfliktlərdə belə, atəşkəsə nail olunması və ona əməl edilməsi çətinliklə mümkün olur. O ki qala Suriya kimi çoxtərəfli və mürəkkəb konflikt olsun”.
Ş.Cəfərli atəşkəsin Rusiyaya sərf etmədiyini düşünür: “Hazırkı şəraitdə atəşkəs Rusiya-İran-Əsəd ittifaqına sərfəli deyil, çünki onlar hücumdadır. Bu koalisiyanın məqsədi mümkün qədər çox ərazini geri alaraq, masa başında Əsədin əlini gücləndirmək, əsas opponentlər olan mötədil müxalifəti zəiflədib marginallaşdırmaq və İŞİD-lə baş-başa qalmaqdır. Mötədillər sıradan çıxarılarsa, dünya Əsəd və İŞİD arasında seçim etməli olacaq. Bu zaman daha az pis olan Əsədi seçmək məcburiyyətində qalacaq. Ona görə də Rusiyanın atəşkəs məsələsində səmimi olduğuna inanmıram. Sadəcə olaraq, Moskva özünü sülhsevər göstərmək üçün atəşkəs və humanitar yardım çağırışlarına müsbət yanaşmağa məcburdur. Əsəd də o cümlədən”.
Politoloq ABŞ-ın da Suriya münaqişəsinin qızışmasında maraqlı olmadığını iddia edir: “Obamanın prezidentliyinin son ilində Ağ Ev Suriya müharibəsinin daha da qızışmasını və proseslərin nəzarətdən çıxmasını istəmir. Tez-tez belə fikirlər eşidirik ki, Suriyada və ümumən Yaxın Şərqdə ABŞ-Rusiya rəqabəti gedir, bu rəqabətdə Rusiya və İran ABŞ-ı, Qərbi üstələyir və s. Bunlar yanlış düşüncədir. Obama hökuməti problemin başlanğıcından etibarən heç vaxt Suriyaya aktiv müdaxilədə, ora böyük hərbi kontingent göndərməkdə maraqlı olmayıb. Rusiya və İranın İŞİD-lə mübarizə adı altında Suriyaya hərbi müdaxiləsinə də ABŞ etiraz etməyib. ABŞ-ı İraqdakı bataqlıqdan çıxaran Obama Rusiya və İranın Suriya bataqlığına girməsinə məqsədyönlü şəkildə göz yumub. Ümumiyyətlə, Obama dövründə Vaşinqtonun Yaxın Şərq regionuna baxışı dəyişib ki, bu, başqa bir söhbətin mövzusu olduğu üçün üzərində geniş dayanmaq istəməzdim. Hazırda Vaşinqtonda narahatlıq yaradan ehtimallar, müharibənin miqyasının daha da böyüyərək içindən çıxılmaz hala gəlməsi, Türkiyənin kürd qruplaşması PYD-YPG ilə münaqişəsi, Ankaranın Suriyaya müdaxilə etməyi düşünməsi və bunu edəcəyi halda Türkiyə ilə Rusiya arasında toqquşmanın baş verməsi, eyni zamanda mötədil qüvvələrin tamamilə məhv edilərək Əsədin yeganə güc halına gəlməsidir. Obama bu ehtimalların gerçəkləşməsinə yol vermək istəmir və Suriya məsələsi ətrafında az-çox sabitlik yaradaraq öz kreslosunu yeni prezidentə təhvil vermək fikrindədir”.
Şahin bəy Suriyada atəşkəs əldə olunarsa, bunun Türkiyəyə də sərf edəcəyi qənaətindədir: “Atəşkəs qardaş ölkəyə də lazımdır. Çünki gərginlik kulminasiya həddinə çatıb və Əsəd qüvvələrinin, eləcə də kürdlərin Suriyanın şimalında irəliləməsi elə bir vəziyyət yaradıb ki, artıq Türkiyə hərbi müdaxilə ehtimalını ciddi şəkildə düşünmək məcburiyyətindədir. Belə bir müdaxilə isə Türkiyə üçün bir sıra riskləri özündə ehtiva edir. Ona görə də savaş meydanında hazırkı durumun ən azı bir müddət dondurulması həm aktiv diplomatiyaya zəmin yaratdığı üçün, həm də Suriyada Türkiyənin dəstəklədiyi qrupların nəfəs alması baxımından Ankaraya sərf edir. Təsadüfi deyil ki, müxaliflər də Rusiya bombardmanlarının dayandırılması şərti ilə atəşkəsə razı olduqlarını bildiriblər”.
Cia.az
