|
Birinci devalvasiyadan bir il ötdü:
Fevralın 21-də Azərbaycan xalqının “devalvasiya” sözü və onun acı nəticələri ilə tanış olmasından bir il ötdü. O vaxta qədər bir çoxları bu sözün varlığından belə xəbərsiz olsa da, bir neçə gün içində hər kəs onu cibində hiss etdi. Ən sadə vətəndaşdan, iqtisadçıya, mətbuatdan hökumətə qədər hər kəs devalvasiyadan danışdı. Ölkədə dollarlaşma prosesi sürətləndi, bazarlarda bahalaşma özünü göstərdi, bank sektoru da devalvasiyadan ciddi zərbə aldı. 
Əhali birinci devalvasiyanın təsirindən azad olmamış, dekabrın 21-də daha kəskin 47 faizlik devalvasiya baş verdi və ölkə hələ də son devalvasiyanın şokundan çıxa bilməyib. Bundan əlavə, üzən məzənnə prinsipinə uyğun olaraq 47 faizlik devalvasiyanın ardınca manat yenidən ucuzlaşsa da, hökumət bu prosesin qarşısını inzibati yollarla aldı. Ölkə üzrə valyutadəyişmə məntəqələri ləğv edildi. Manatın məzənnəsi yenidən Mərkəzi Bank tərəfindən  idarə edilir. Bəs görəsən, ötən bir ildə kimlər itirdi, kimlər bu prosesdən qazandı?  
 
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, devalvasiya Azərbaycan iqtisadiyyatı tarixində  ən kəskin şəkildə hiss olunan və təsirləri bu günə qədər də davam edən bir proses oldu: “Həm əhaliyə, həm banklara, həm iqtisadi aktivliyə, həm Azərbaycanın iqtisadi vəziyyətinə devalvasiya çox kəskin şəkildə təsir göstərdi. Bank sistemində olan problemlər daha kəskin şəkildə üzə çıxdı. Sadəcə, bir faktı deyim ki, ötən ilin yanvar ayının 1-də  əhalinin geri qaytarılması problemli olan kreditləri cəmi 900 min manat idi. Hazırda isə problemli kreditlərin həcmi artıq 2 milyardı keçib. Bu fakt isə onu göstərir ki, həm  əhalidə, həm də banklarda hansı problemlər yaşanır. Əhali ona görə borclarını qaytara bilmir ki, devalvasiyadan sonra onların borcları da artdı, həm də iş yerləri bağlandı, iqtisadi aktivlik zəiflədi, gəlirlər azaldı. Bu prosesi şəhərdə vizual olaraq da görmək mümkündür. Ticarət dövriyyəsi xeyli azalıb. Dükanlar bir-birinin ardınca bağlanır, obyektlər icarəyə verilir və bu cür elanları şəhərin hər yerində görmək mümkündür. Yan-yana olan ən azı 3 obyektdən birində belə elanların asılmasını görürük”. 
 
Ekspertin sözlərinə görə, dekabr ayında olan ikinci devalvasiya isə iqtisadi aktivliyi demək olar ki, sıfırladı:“Azərbaycanda bu gün həm pərakəndə ticarətin dövriyyəsində, həm bank sektorunda, daşınmaz əmlak bazarında, avtomobil bazarında durğunluq yaşanır. Rəsmi rəqəmlər də bunu sübut edir ki, ölkəyə gətirilən məhsulların və malların həcmində də ciddi azalma var. Deməli, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bu prosesin çox ciddi fəsadları olacaq və davamlı olaraq biz bunu hiss edəcəyik. Sadəcə, Azərbaycan hökuməti inzibati yollarla, manatın dövriyyəsini azaltmaqla, humanitar siyasəti sərtləşdirməklə, valyutadəyişmə məntəqələrini bağlamaqla, banklara məzənnə ilə bağlı əmr verməklə vəziyyəti  nəzarətdə saxlamağa çalışır və az da olsa buna nail olub”. 
 
Natiq Cəfərlinin fikrincə, inzibati yollarla vəziyyəti daimi olaraq nəzarətdə saxlamaq mümkün olmayacaq:“Ya iqtisadi aktivliyin azalmasına göz yummalı, manatın məzənnəsini indiki səviyyədə qorumalıdır. Ya da iqtisadi aktivliyi artırmaq üçün müəyyən stimullaşdırıcı addımlar atmalı, manatın dövriyyəsini sürətləndirməlidir. Ancaq bu da manatın dollara qarşı məzənnəsinə ciddi təsir göstərəcək, dolların bahalaşmasına gətirib çıxaracaq. Yəni hökumət iki pis seçimdən birinə getməlidir. Lakin inzibati yolla, əmr verməklə iqtisadiyyatı idarə etmək mümkün olmayacaq. Çünki iqtisadiyyatın öz qanunları var və bu qanunlar gec-tez işə düşəcək. Belə davam etsə, bir müddət sonra bazarlarda qıtlığın şahidi olacağıq. Büdcənin yeni parametrləri təsdiq olunduqdan sonra  hökumət müəyyən addımlar atmağa məcbur olacaq. Yaxın həftələrdə martın əvvəllərində bu özünü göstərəcək. Ancaq hansı istiqamətdə olacağını demək çətindir”. 
Samir Əliyev devalvasiyanı Azərbaycan iqtisadiyyatının fəlakəti kimi qiymətləndirdi və hökumətin bundan heç nə qazanmadığını ifadə etdi: “Manat ötən bir il ərzində iki dəfə dəyərini itirdi. Səbəbi də aydındır, bu, neft ölkələrinin düşdüyü bir durumdur. Neftin ucuzlaşması manatı da zərbə altında qoydu. Manatın devalvasiyası bank sektoruna ciddi zərbə vurdu. Bir neçə bank qısa müddətdə bağlandı. Hazırda bir neçəsinin də taleyi sual altındadır. Onların bağlanması da zaman məsələsidir. Bəzi bankların da filialları bağlandı, işçiləri ixtisar olundu, maaşlar azaldıldı. Eyni zamanda əhalinin milli valyutaya və bank sektoruna inamı azaldı. Bu da özünü ondan göstərdi ki, əmanətlər kütləvi şəkildə dollarlaşdı. Yəni əmanətlərin 85 faizi dollar hesablarına  yatırılıb. Bir qrup insan isə əmanətlərini artıq bank sektoruna etibar etmədiyi üçün banklardan geri götürüb. Kredit verilməsində manatın payı azalmağa başladı. Devalvasiyadan sonra problemli kreditlərin faizi artdı, bu gün rəsmi rəqəmlərdə bu, 7 faizə qədər göstərilsə də, əslində reallıqda 20 faizdən çoxdur. Elə banklar var ki, orada 60-70 faiz problemli kredit var. Bu problemlər devalvasiyanın fəsadlarıdır”.
Samir Əliyev onu da qeyd etdi ki, devalvasiyanın daha ciddi fəsadı valyuta ehtiyatlarının azalmasıdır:“Ötən ilin əvvəlində manat devalvasiyaya uğrasa belə, valyuta ehtiyatları 10 milyard manat azaldı. Bu gün  isə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard dollara yaxınlaşır. İkinci devalvasiyadan sonra da Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir. Devalvasiyadan sonra Neft Fondunun ehtiyatları da azaldı. Devalvasiyanın gözlənilən faydaları da özünü doğrultmadı. İlk dəfə devalvasiya olanda hökumət bunu belə əsaslandırdı ki, bu, ixracı stimullaşdırmaqdır. Yəni Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrdə milli valyuta ucuzlaşır və bizim rəqabət imkanlarımız zəifləyir. Devalvasiyadan sonra ixracın artması gözlənilirdi. Lakin bu sahədə də heç bir fərq olmadı. Sadəcə, ixrac şirkətlərinin gəlirləri artdı ki, dollarla aldıqları gəlirlərdən daha çox qazandılar. Daha çox valyuta alqı-satıqısı ilə məşğul olan möhtəkirlər qazandılar. İnsanların panikasından istifadə edib daha çox qazandılar. Ancaq devalvasiyadan dövlət heç nə qazana bilmədi, əksinə, xarici borcları artdı. Yəni müsbət cəhətlərini ifadə etmək üçün hansısa fakt tapa bilmirəm”. 
Cia.az