“Müsavat partiyasının Nizami Rayon Qadın özəyinin sədri Südabə Kərimovanın partiyadan çıxarılması göstərişi verilib”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib.
O əlavə edib ki, S.Kərimovanın partiyadan çıxarılması məsələsi Müsavat partiyasının Nizami Rayon Təşkilatında müzakirə olunub: “Dekabrın 10-da partiyanın rayon şurasının iclası olub. İclasda rayon təşkilatının sədri çıxış edərək bildirib ki, Südabə xanım rəhbərliyə qarşı hörmətsizlk edir, ağzına gələni danışır. Sədr və onun müavini Südabə Kərimovanın partiyadan çıxarılmasının tərəfdarı olub. Yerdə qalan şura üzvləri isə “Nə danışırsınız, hər deyilən sözə görə partiyadan adam çıxararlar?” deyə etiraz ediblər. 76 yaşında olan, təqaüdündən üzvlük haqqı verən, ömrünün son 20 ilini partiyaya həsr edən, mitinqlərdə öndə olan, dəfələrlə xəsarət alan Südabə xanımın partiyadan çıxarılması Nizami RT-nin sədrinin təşəbbüsü olub”.
E.Məmmədli vurğulayıb ki, S.Kərimovanın məsələsi partiyanın Mərkəzi-Nəzarət Təftiş Komisiyasında müzakirə ediləcək: “Südabə xanımla mən söhbət etməmişəm. O, həmin günü əsəbi idi. Deyib ki, düz sözə görə nə vaxtsa Müsavatdan çıxarılacağına inanmır”.
Qadınlar Birliyinin sədri onu da bildirib ki, S.Kərimovanın Müsavat partiyasından çıxarılmasına səbəb qurultaydan sonra keçirilən müşavirədə Arif Hacılının başqan seçiminə etiraz etməsi göstərilir.
