|
Azərbaycanı terrordan qoruyan əsas qüvvə
Dünyanın bir sıra dövlətlərində, xüsusilə Azərbaycanın yerləşdiyi coğrafiyaya yaxın bölgələrdə terror hadisələri tüğyan edir. Terrorun meydan suladığı bir zamanda sevindiricisir ki, belə hadisələr Azərbaycanda müşahidə edilmir. 
Bəzi ekspertlərin fikrincə, Azərbaycanın da daxilində son illərdə öz məkrli niyyətlərini həyata keçirmək istəyində olan radikal qruplar, şəxslər olub, lakin təhlükəsizlik orqanları əməliyyatlar keçirərək bu planların qarşısını alıblar. Ölkəmizi terrora hədəf olmaqdan dövlət rəhbərliyi, xüsusi xidmət orqanları və Allah qoruyur.   
“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri, keçmiş MTN zabiti Ərəstun Oruclu isə bu mövzuda danışarkən bildirdi ki, ölkənin tərəf tutmaması burada rol oynayan amillərdən biridir: “Mən Azərbaycanda müxtəlif vaxtlarda antiterror əməliyyatları keçirildiyi və potensial terrorçuların zərərsizləşdirildiyi barədə verilmiş informasiyalara spektik yanaşıram. Xüsusilə Eldar Mahmudovun cinayətkar dəstəsi ifşa olunandan sonra bir daha sübuta yetdi ki, mənim yanaşmam düzgün olub. Eldar Mahmudovun dəstəsinin antiterror əməliyyatları adı altında keçirdiyi əməliyyatların çoxu heç də həqiqətən terrorla mübarizə olmayıb. 
Daha çox görüntü olub. Azərbaycanın şükürlər olsun ki, terrorun hədəfinə gəlməməsi əsasən onunla bağlıdır ki, indi həyata keçirilən terror aktlarının siyasi səbəbləri və arxasında dövlətlər dayanır. Terror artıq bir klassik anlamda terror olmaq funksiyasını itirib. Əvvəllər terror aktlarını sırf terrorçu təşkilatlar özləri istəyir, özləri hazırlayır, özləri reallaşdırırdılar və dərhal da elan edirdilər ki, bu aktı biz həyata keçirmişik. 
 
İndi isə artıq terrorçuların konkret sifarişçiləri var və əksər hallarda sifarişçilər dövlətlərdir. Dövlətlər terrorçuları münaqişə vəziyyətində olan ölkələrə təsir etmək məqsədilə istifadə edilər. Ona görə də indi bu və ya digər ölkənin terrora məruz qalması onun siyasətindən, iri dövlətlərlə münasibətlərinin necə olmasından xeyli dərəcədə asılıdır. Azərbaycanın xarici siyasətində bu gün tərəfsizlik müşahidə olunur. Faktiki olaraq Azərbaycan heç bir şeyə, heç kimin daxili işinə, heç bir münaqişə vəziyyətində olan tərəflərin mübarizəsinə qarışmır. İlham Əliyev də çıxışlarında bunu bəyan edib”.
 
Bununla belə, ekspert vurğuladı ki, Azərbaycan dövləti və cəmiyyəti də ayıq-sayıq olmalıdır. Çünki heç bir dövlət terrordan tam sığortalanmayıb. Azərbaycanı gələcəkdə nəyəsə qarışmağa vadar edəndə bizim həmin nəsnəyə qarışmağımızı istəməyənlərin hədəfinə gələ bilərik: “Diqqət etdinizsə, dövlət başçısı İlham Əliyev Gəncədə səfərdə olan zaman dedi ki, bizi bizə aidiyyəti olmayan məsələlərə cəlb eləmək istəyirlər. Bu elə-belə deyilmiş fikir deyil. Cəlb eləmək istəyirlərsə, heç kəs tam təminat verə bilməz ki, biz cəlb olunmaq istəməyəndə haqqımızda hansı sərt vasitələrə əl atmayacaqlar. Çox təəssüf ki, dünya siyasətində terror bir vasitəyə çevrilib. Bu isə dünyada sabitliyi, əmin-amanlığı pozur”.(Musavat)
Cia.az