|
Kremlin işğalçının arxasında durduğunu isbatlayan yeni ilginc fakt
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığı və işğalçı Ermənistanın arxasında dayandığı bir daha öz təsdiqini tapdı. Ötən həftəsonu bəlli oldu ki, şimal qonşumuz ağır maliyyə-iqtisadi durumda olmasına rəğmən, Ermənistana 10 illiyə 200 milyon dollar həcmində kredit verəcək - elə özünün müasir hərbi texnika və silahlarını İrəvana satmaq üçün.
Sənədə olunmuş əlavəyə görə, bura “Smerç” reakiv yaylım atəşi sistemləri və onun sursatları, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26" qumbaraatanları, Draqunov snayper tüfəngləri, ”Tiqr" zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri daxildir.
Bu fakt Türkiyə baş naziri Əhməd Davudoğlunun az öncə Kiyevdə verdiyi bəyanatın ciddiliyini və aktuallığını yenidən ortaya qoyur, Kremlin Azərbaycan ərazilərini işğal eləmiş Ermənistanın əsas himayədarı olduğu və arxasında dayandığına heç bir şübhə yeri saxlamır. Zatən, bu gerçək indiyədək də bəlli idi.  
 
Doğrudur, Rusiya Azərbaycana da silah satır - ancaq dünya qiymətlərinə, forpost Ermənistana isə bunu su qiymətinə, özünün ayırdığı kreditə və bəzən hətta havayı verir. Əsas fərq bundadır. 
 
 
Maraqlıdır ki, Rusiya tərəfinin silahların siyahısını açıqlaması Ermənistanda narahatlıq yaradıb, bu fakt Rusiyanın məxfi anlaşmanı pozması kimi qiymətləndirilib. İstisna deyil ki, Ermənistan həm də Türkiyə baş nazirinin fikirlərinin öz təsdiqini tapmasından əndişə keçirir. 
 
***     
Beləcə, Moskva postsovet məkanında özünün yaratdığı konfliktlərin, o cümlədən Dağlıq Qarabağ ixtilafının həllini özü də əngəlləməkdə və qəsdən qəlizləşdirməkdə davam edir. Bunu indi anlamayan, dərk etməyən siyasətçi, analitik, demək olar, qalmayıb. 

 
“Rusiya Dağlıq Qarabağ münaqişəsində təcavüzkar və işğalçının yanında çıxış edir”. Bu sözləri Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko öz ölkəsinin mediasına verdiyi müsahibədə müasir Rusiya siyasətinin nüanslarını şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün Avropada yeddi hərbi münaqişə var və onların da altısı Şərqdədir: “Bunlar Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Krım, Dnestryanı, Donetskdir. Hərbi münaqişədə də Rusiya işğalçının və təcavüzkarın yanındadır. Azərbaycanda, Dağlıq Qarabağda baş verənləri ”Azərbaycanın məsələsi" adlandırmayın. Cənubi Osetiyada, Abxaziyada baş verənləri “gürcü məsələsi” adlandırmayın. Yaxud da Dnestryanıdakını - “moldav məsələsi”. Bunlar hamısı rus məsələsidir" - vurğulayıb eks-prezident. Onun sözlərinə görə, bu münaqişələr Şərqi Avropada yaşanan bütöv bir destabilizasiya zənciridir. Yuşşenko təəssüflə onu da qeyd edib ki, beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın, Cənubi Osetiya və Abxaziya münaqişəsində Gürcüstanın, Dnestryanı münaqişəsində Moldovanın yanında dayana bilməyib və bir daha Rusiya amilinin dağıdıcı rolunu qeyd edib.
***
Əfsus ki, Moskva ayrı yol tanımır. Şimal qonşumuzu konstruktiv məcraya yönəltmək üçünsə beynəlxalq və regional səviyyədə hələ çox işlər görülməlidir. Türkiyə, Azərbaycan və Gürcüstan birgə əməkdaşlığı bu yöndə önləyici fəaliyyətlərdən biri ola bilər. Ötən həftə Tiflisdə üç ölkə xarici işlər nazirinin görüşü sözsüz ki, ən əvvəl yekun olaraq bölgəyə Rusiya təhlükəsini minimuma endirməklə bağlı idi.
      
Təsadüfi deyil ki, Tiflisdəki üçlü görüş Rusiyada da diqqətlə izlənib. “Bu görüşün ən aktiv iştirakçısı Türkiyə olub. Ankara özünün Rusiyaya qarşı siyasətinə iki ölkədən dəstək almağa çalışır”. Bunu Moskvadakı Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Mixail Aleksandrov bildirib.
 
“Gürcüstan birmənalı şəkildə Türkiyəni müdafiə edir. Azərbaycan iki stulda oturmağa cəhd edir” - deyən analitik hesab edir ki, Türkiyə həmçinin, Azərbaycandan neft-qaz nəqlinin yalnız Gürcüstan vasitəsilə olmasını istəyir, çünki “istisna deyil ki, Rusiya Türkiyəyə qaz tədarükünü dayandırsın”. Politoloqun sözlərinə görə, Tiflis görüşündə postsovet məkanında Rusiyaya qarşı müttəfiqlər axtarışı ilə yanaşı, hərbi məsələlər də olub. 
 
“Türkiyə ilə müharibə variantında Rusiya öz qoşunlarını Gürcüstan vasitəsilə Ermənistana istiqamətləndirəcək. Məhz buna görə, Ankara Acarıstana qoşun yeridilməsinin mümkünlüyü ilə bağlı Tiflislə danışıqlar aparacaq. Bu kontekstdə Türkiyə habelə Azərbaycandan antierməni fəaliyyətini gücləndirməyi və Ermənistana hərbi zərbə endirməyi tələb edəcək. Çünki Türkiyə ilə müharibə başlasa, Ermənistan da ona qoşulmalı olacaq” - qeyd edib ekspert.
 
 
Onun qənaətincə, bu halda Bakının missiyası erməni hərbi qüvvələrinin Azərbaycan istiqamətinə cəlb olunmağa məcbur etmək olacaq. “Ancaq Bakı çətin ki, buna getsin, nədən ki, əks halda Rusiya Azərbaycana ordu yeridəcək” - iddia edib politoloq.
***
Göründüyü kimi, rusiyalı politoloq da vəziyyətin mürəkkəbliyini etiraf edir. Ancaq bu mürəkkəbliyin hansı ölkənin siyasəti sayəsində yarandığını nədənsə söyləmir. Bu, əlbəttə ki, Rusiya dövlətidir - öz perimetri boyu faktiki surətdə sözəbaxmayan 4 postsovet (GUAM) ölkəsinə təcavüz edib, onların ərazilərinin bir parçasını zəbt edən Rusiya, qonşu ölkənin ərazini işğal eləmiş Ermənistanın yanında yer alan Rusiya.
Mövcud vəziyyətdə status-kvonu öz xeyrinə dəyişmək üçün Azərbaycanın iki yolu var. Daha dəqiqi, onların ikisi də eyni vaxtda ciddiyə alınmalıdır: 1. Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün Rusiyanın dominant olmadığı həll formatlarının axtarılması ilə ATƏT-in Minsk Qrupundan qurtulmaq. 2. Ölkənin iqtisadi-hərbi qüdrətinin durmadan artırılması şərti ilə qardaş Türkiyə ilə hərbi müttəfiqliyin ləngimədən ən yüksək səviyyəyə gətirilməsi. Bunu indi həm də bölgə və onun ətrafında gedən mürəkkəb proseslərin təhlükəli mahiyyəti diktə edir. 
Beləliklə, qardaş ölkədəki son terror olayları və rusiyalı politoloqun sensasiyalı iddiası fonunda Azərbaycan-Türkiyə müttəfiqliyi xüsusi aktuallıq qazanıb. Bakı üçün indi iki əsas və məqbul yol var...(musavat)
Cia.az