|
Ankara faciəsi Türkiyə səfirliyini nədən ziyarətgaha çevirmədi?
Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada törədilən terror faciəsindən sonra bir sıra diqqətçəkən məqamlar ortaya çıxdı. Belə ki, baş verən terror aktının acısını Azərbaycan xalqı sanki qəlbində çəkdi. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önü ziyarətgaha çevrilmədi.

Ankarada 4 ay öncə baş verən faciə ilə indiki hadisəyə münasibətdə ölkəmiz acısından ciddi fərqlər meydana çıxdı. Əgər ötən ilin oktyabrında baş verən Ankara terrorunda ölkəmizin sadə vətəndaşları, siyasi qurumlar Türkiyənin Azərbaycandakı səfirliyinin önündə faciə qurbanlarını yad etsələr də, indi tamam bunun əski baş verdi. 
 
Təsadüfi deyil ki, indiyə qədər yalnız NİDA Vətəndaş Hərəkatı qardaş ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib, binanın önünə qərənfillər düzüblər. Xalqımızda faciəyə biganəliyin nədən yarandığı müəmmalı olaraq qalmaqdadır. Bəzi ekspertlər hesab edir ki, buna səbəb hazırda Azərbaycanda cərəyan edən iqtisadi böhrandır. 
 
Yazıçı-publisist Mehriban Vəzir siyasi partiyaların ziyarət üçün Türkiyə səfirliyinə müraciət etdiklərini bildirdi: “Sosial şəbəkələrdə NİDA Vətəndaş Hərəkatının ziyarətini mən də gördüm. Eyni zamanda siyasi qurumların ziyarət üçün Türkiyə səfirliyinə müraciət etdiyini də eşitdim. Hər hansı bir gündə səfirliyin tədbir təşkil edib-etməyəcəyi ilə maraqlanıblar. Səfirlikdən cavab veriblər ki, elə bir tədbirimiz yoxdur, olarsa, sizə xəbər verəcəyik. Proses bu şəkildə olub. Amma belə məsələlərlə bağlı ictimai proseslər baş vermir. Hər kəs faciəni öz qəlbində yaşayır. 
Bu gün Azərbaycanda insanların tənhalaşma prosesi gedir. Mənimlə küçədə, evdə və digər yerlərdə söhbət edən şəxslər Türkiyə ilə yaxından əlaqələri olan insan kimi, məndən faciə ilə bağlı təəssüflərini, təəssüratlarını bölüşürlər. Sual verirlər ki, niyə Türkiyənin başına bu oyunlar gəlir? Hətta onu da deyirlər ki, güclü dövlətlər nə üçün Türkiyənin əleyhinə çıxırlar. Yəni fikirlərini bu şəkildə ifadə edirlər. İnsanların fərd olaraq, bu hadisə ilə bağlı ürəkləri yanır, qardaş ölkə ilə həmdərdilər. Amma bunu təklikdə ifadə edirlər. Birlikdə ifadə etməyə ehtiyac olsa da, bu həyata keçirilmir. İnsanlarımız tənhalaşıb, özlərinə qapanıblar. Ölkədə iqtisadi böhranla, eləcə də dünyada gedən proseslərlə bağlı çox üzülürlər. Bu üzüntüləri birlikdə ifadə etmək gücü yoxdur. Ölkəmizdə o şərait də yoxdur. Gedən ictimai-siyasi proseslər insanları tənhalaşdırıb, dərdlərini təkbaşına çəkməyə öyrədib. İqtisadi böhranla bağlı səfalət içində yaşayan insanlar sonda intihar yolunu seçirlər. İntihar təkliyin, köməksizliyin nəticəsidir. Çünki o, bilir ki, kimə əl uzatsa, ona yardım edən olmayacaq. Dediyiniz Türkiyə məsələsi də bununla bağlıdır”.
KXCP sədrinin müavini Xəzər Teyyublu ölkənin gələcəyi ilə bağlı vətəndaşlar arasında biganəliyin olmasından şikayətləndi: “Azərbaycanda siyasi məsələlərə o qədər basqı olub ki, insanlar nəyəsə münasibət bildirməyə qorxurlar. Türkiyə məsələsi də bu silsilədəndir. Amma qeyd etmək lazımdır ki, bir sıra siyasi qurumlar Türkiyə səfirliyinə, qardaş ölkəyə başsağlığı verdilər. Lakin qənaətbəxş addımlar deyil. Azərbaycanda iki dəfə devalvasiya baş verib. Amma vətəndaşlarımız dözürlər. Hazırda ölkədə faciələrə olan biganəlik qorxudan irəli gəlir”.
Cia.az