|
İkiqat Azərbaycan çempionu öz maşınında güllələndi

Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla yeni məlumatlar üzə çıxıb.

Onun idmançı dostu Anar Məmmədov musavat.com-a bildirib ki, Elmir Cəlilov yaşı ilə əlaqədar bir müddət əvvəl idmandan uzaqlaşıb. O, Gəncədə bərbərliklə məöşğul imiş: “Çox mərifətli oğlan idi. Gəncədə ən hörmətli idmançılardan biri Elmir idi”.

A.Məmmədov bildirib ki, Elmir Cəlilov kriminal aləmdən uzaq olub, heç kimlə ədavəti yox imiş.

Elmir Cəlilov ailəli olub. İki övladı - qızı və oğlu var. Həyat yoldaşı hamilədir və təxminən iki ay sonra üçüncü övladları dünyaya gəlməlidir.

Gəncədəki mənbələr sayta qətlin səbəbləri ilə bağlı mövcud ehtimalları da açıqlayıblar. Hazırda qətllə bağlı iki versiya dolaşır - namus məsələsi və ya borc pul söhbəti.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Qətli törədən saxlanılsa da, hələlik adı açıqlanmayıb.

*  *  *13:53

Dünən gecə Gəncədə güllələnən Elmir Cəlilov kikboks üzrə ikiqat Azərbaycan çempionu imiş.

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Musavat.com xatırladır ki, hadisə Gəncənin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında baş verib. Elmir Cəlilov öz avtomobilində güllələnib.

*   *  *01:19

Gəncədə qətl törədilib.

Fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Məlumata görə, odlu silahla qətlə yetirilən Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovdur.

Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

Cia.az