|
“Mərkəzi Bankın uçot dərəcəsini yüksəltməsi heç nəyi dəyişməyəcək”
Mərkəzi Bankın bir müddət əvvəl uçot dərəcəsini 5 faizə qaldırması ekspertlər tərəfindən fərqli prizmalardan izah edilir. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faiz, yuxarı həddini isə 10 faiz səviyyəsində müəyyən etmək qərarı verib. 
Qərarın milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi ilə qəbul edildiyi bildirilir.
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini qaldırması əslində öz uçot dərəcəsini inflyasiya səviyyəsinə uyğunlaşdırması ilə bağlıdır. Əgər ümumi qiymətləndirsək, bu, heç nəyi dəyişməyəcək. Çünki Mərkəzi Bankın uçot dərəcəsi simvolik xarakter daşıyır. İndiyə qədər Mərkəzi Bank qlobal maliyyə böhranı və digər dövrlərdə uçot dərəcəsinin dəyişdirilməsi barədə qərar qəbul edib.
 
Bunlar, bu qərarlar kredit bazarına verilib və yığımlara təsir göstərməyib. Ona görə ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit faizləri arasında kəskin fərq var. Mərkəzi Bank tərəfindən istehlak kreditləri üçün müəyyənləşdirilmiş limit 29 faizdir. Mərkəzi Bankın uçot dərəcəsi 3 faiz idi. Bu, o deməkdir ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit faizləri arasında on dəfəyə yaxın fərq var idi, indi 6 dəfə fərq olacaq. Amma bu 6, ya 10 dəfə heç də iqtisadi qanunlarla izah edilə bilməz. Bu, ondan xəbər verir ki, Mərkəzi Bankın uçot dərəcəsi kredit bazarına və kredit faizlərinə təsir göstərmir. Son qərardan sonra kredit faizlərinin dəyişəcəyi gözlənilmir. Çünki kredit faizləri artmayacaq, azalmayacaq. Çünki Mərkəzi Bankın uçot dərəcəsi bazara təsir göstərmir. Mərkəzləşdirilmiş kreditlərin kommersiya banklarına cəlb etdiyi vəsaitlərdə payı azdır. Yenə də cəlb edilən vəsaitlərin təxminən beşdə dördü Mərkəzi Bankdan kənar mənbələr hesabına cəlb edilir. Pay az olduğu üçün birmənalı şəkildə Mərkəzi Bankın mərkəzləşmiş kreditlər resurslarından kommersiya banklarnın faydalanmasına imkan vermir. Kredit faizlərinə təsir edəcək səviyyədə faydalanmasına səbəb olmur. Ona görə də uçot dərəcəsinin dəyişdirilməsi birmənalı şəkildə kredit faizlərinə və kredit bazarına hər hansı bir təsiri olmayacaq. Bu, Mərkəzi Bank tərəfindən yüksək inflyasiya səviyyəsinə uçot dərəəcsinin uyğunlaşdırılmasıdır"

Ekspert Rəşad Əliyev isə uçot dərəcəsinin daşınmaz əmlak bazarına təsirindən danışıb. Onun sözlərinə görə, milli valyutalarının məzənnəsi müəyyən dərəcədə dayanıqlı olan inkişaf etmiş iqtisadiyyatlarda Mərkəzi Banklar tərəfindən uçot dərəcəsinin artırılması daşınmaz əmlak bazarına təsirsiz keçmir:
 
 “Çünki faiz dərəcəsinin artırılması elə ölkələrdə ipoteka kreditləri üzrə faizlərin artımına, daşınmaz əmlaka investisiyalar üçün nəzərdə tutulan kredit resurslarının bahalaşmasına səbəb olur ki, bunlar da təlabata təsir edir. Əlavə olaraq digər maliyyə alətləri üzrə, məsələn istiqrazlarla, əmanətlərlə gəlirliyin artması da onların daşınmaz əmlaklara nisbətən daha cəlbedici edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, faiz dərəcələrinin artımı inflyasiya ilə mübarizəyə yönəlir ki, bu da bir sıra aktivlərin dəyərinin sürətlə artımının qarşısını alır. Demək olmaz ki, faiz dərəcələrinin artımı daşınmaz əmlak bazarına mənfi təsir edir. Bu addım daşınmaz əmlak bazarında ”köpüyün" yaranmasının tam olmasa da nisbi olaraq qarşısını alır. Faiz dərəcələrinin azaldılması isə əksinə olaraq həmişə daşınmaz əmlak bazarıncanlanma yaradır. Bu yanaşma bütün normal inkişaf səviyyəsinə çatmış dayanıqlı iqtisadiyyatlara aiddir. Çünki həmin ölkələrdə iqtisadi artım və inflyasiya bir qayda olaraq eyni istiqamətdə addımlayırlar. Sözsüz, bu hallara müəyyən dövrlərdə baş verən iqtisadi şoklar aid deyil. Ölkəmizin Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 5 faizə qaldırılması daşınmaz əmlak bazarına necə təsir etməsindən danışarkən, diqqət mərkəzinə düşən ilk məsələ bunun ipoteka kreditlərinin faizlərinə təsiridir. Qeyd edək ki, əvvəllər güzəştli ipoteka kreditləri dövlət büdcəsindən maliyyələşdirildiyi üçün onlar üzrə faizlər üçot dərəcəsindən az asılı olurdu. 
 
Ancaq adi ipoteka kreditləri üzrə faizlərin üçot dərəcələri ilə birbaşa olmasa da, dolayı əlaqəsi var idi. Çünki İpoteka Fondu müəyyən dövrlərdə borc istiqrazları vasitəsilə bazardan orta hesabla 3 faizdən pul cəlb edə bilirdi. Üçot dərəcələrinin artırılması artıq İpoteka Fonduna ucuz pul vəsaitlərini cəlb etməsinə maneə yaradacaq. Bu isə adi ipoteka kreditləri üzrə faiz dərəcəsinin 8 faizdən əhəmiyyətli dərəcədə aşağı salınmasına imkan verməyəcək, yəni hər halda artıq məlumdur ki, bu faizlər 5-6 faizdən aşağı düşməyəcək. Ancaq onu da qeyd edək ki, uçot dərəcəsinin artırılması adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin artımına səbəb olmamalıdır. Digər mühüm məsələ isə tikinti sektoruna yönəldilən kreditlərin faiz dərəcəsinə təsiridir. Burada da biz əhəmiyyətli dəyişiklik gözləmirik, çünki Mərkəzi Bankın uçot dərəcəsinin faizi ilə kommersiya kreditlərinin faizi arasında fərq kifayət qədər böyükdür. Ancaq banklar tərəfindən verilən ipoteka kreditləri üzrə məsələ isə qeyri-müəyyən olacaq. Mərkəzi Bankın qərarından başa düşmək olar ki, atılmış addım manatın dayanıqlığının artırılmasına və qiymət sabitliyinin qorunmasına xidmət edir. Bir sözlə desək, bu, manatın və ona bağlı olan digər aktivlərin, manat istiqrazlarının, depozitlərinin və sair aktiv kimi cəlbediciliyinin artmasına xidmət edir. Bu isə onları təkcə valyuta aktivlərinə yox, eyni zamanda daşınmaz əmlaka nisbətəndə cəlbediciliyini artırmalıdır. Ancaq bütün bunlar hələ ki, gözləntilərdir və təcrübədə necə olacağını zaman göstərəcək. Ancaq görünən odur ki, daşınmaz əmlak bazarındakı mövcud trend yolunu davam etdirəcək".
 
Uçot dərəcəsi-Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Bu günədək həmin rəqəm 3 faiz idi.
Cia.az