|
Bütün ölkə gözünü Heydər Əsədova dikib, o isə susur...
Manatın devalvasiyası, ölkədəki iqtisadi böhran alternativ çıxış yolları ilə bağlı müzakirələri də aktuallaşdırıb. Elə gün olmur ki, eksperlər bununla bağlı yeni təkliflər səsləndirməsin, partiyalar təklif paketləri hazırlamasın. Bütün təkliflərin mərkəzində yerli kənd təsərrüfatı sahəsinin inkişafı dayanır. Məsələn, prezident İlham Əliyev də aqrar sahə hesabına ixracatın artırılması barədə fikirlər söyləyib: “Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaqdır” . 

Bundan başqa, İlham Əliyev bildirib ki, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələri görülüb, Taxtakörpü, Şəmkir su anbarları tikilib, Ceyranbatanda müasir təmizləmə qurğusu yaradılıb:“Beləliklə, Azərbaycanda on minlərlə hektar suvarılacaq, suvarılmalıdır. Şimal rayonlarında və Şəmkirdə tezliklə fermer təsərrüfatları yaradılmalıdır. Heyvandarlığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi təkliflər təqdim edib. Biz əvvəllər cins mallar alırdıq, yenə alınacaq. Ancaq süni mayalandırma inkişaf etdirilməlidir”.
 
Dövlət başçısı qeyd edib ki, bitkiçilikdə də böyük inkişaf var: “Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, bu, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq”.
Ekspertlər də bu məsələni xarici təcrübə ilə müqayisə edir. Məsələn, hazırda əksər Avropa ölkələri məhz kənd təsərrüfatı hesabına ayaqda dururlar. Belçika özünü ərzaqla təmin etməklə yanaşı, həm də sırf ərzaq məhsullarının ixracından 45-50 milyard dollara yaxın gəlir əldə edir. Hollandiya təkcə çiçək toxumlarının və çiçəklərin ixracından ildə 12 milyard dollar vəsait qazanır. Bu stimullaşdırma proqramları və vergi güzəştləri vasitəsilə həyata keçirildi. Avropa ölkələrində artıq oturuşmuş bir sistem mövcuddur.
Bu ərəfədə görülən işlər, həyata keçirilən yeni layihələr, daxili bazarın inkişafı üçün atılan addımlarla bağlı “Yeni Müsavat” bir neçə dəfə kənd təsərrüfatı naziri Heydər Əsədovdan müsahibə götürməyə cəhd edib. Amma israrlı zənglərə cavab verməyən nazir bununla da suallarımızı cavabsız qoyub. Nəinki “Yeni Müsavat”a, heç bir media orqanına danışmır. Bununla da ölkənin gözünü dikdiyi bir sahə ilə bağlı bütün suallar cavabsız qalır. Hələ də insanlar üçün qaranlıq qalır ki, bu cür böyük sahəyə nəzarət edən şəxsin, bu qurumun iqtisadi böhranla bağlı hansı təkliflər paketi var.

Cia.az