Qərbin Vladimir Putin hakimiyyətini zəiflətmək cəhdləri onun ram edilməsinə gətirib çıxarmır. Krımın işğalından sonra Avropa Birliyi, ABŞ saysız-hesabsız sanksiyalar da yetərli effekt vermir. Rusiya sıxışdırıldıqca geri çəkilmək əvəzinə hücuma keçir. Faktiki olaraq Putin artıq dünyada ramedilməz imicinə sahibləni.
Qərb, dünya Putini niyə ram edə bilmir? Sanksiyalar, hədələr nədən onu yolundan döndərə bilmir? Kreml sahibinin gücü nədədir?
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əslində geniş rakursdan baxdıqda Rusiyanın itkilərinin qazancından dəfələrlə çox olduğunu görərik. Putin sadəcə olaraq, bu itkiləri kompensasiya etməyə, itirdiklərinin heç olmasa bir hissəsini geri qaytarmağa çalışır.
Yaxın tarixə qısa ekskurs edərək deməliyik ki, SSRİ-nin dağılması və sosialist blokunun çöküşü, Putinin sözləri ilə desək, Rusiya üçün onun imperialist maraqları baxımından böyük geosiyasi fəlakətdir: “Bunun nəticəsində Moskva nəzarət etdiyi nəhəng əraziləri itirdi, geostrateji məkanı olduqca daraldı, Qərbi və Mərkəzi Avropa ilə birbaşa quru əlaqəsi əldən çıxdı, Baltik və Qara dənizlərə çıxışı məhdudlaşdı, enerji ehtiyatlarının nəqli üçün başqalarına tranzit haqqı ödəmə məcburiyyəti ilə qarşı-qarşıya qaldı, dünyada iki qütbdən birini təşkil edən mərkəz yox oldu və onun yerində təkqütblü dünya düzəni yarandı. NATO Şərqə doğru genişləndi, Rusiya Şərqi Avropadan tamamilə uzaqlaşdırıldı və öz içərilərinə doğru sıxışdırıldı.
Putin hakimiyyətə gəldikdən sonra əvvəlcə daxildə dövlətin dayaqlarını möhkəmləndirərək, müəyyən iqtisadi inkişafa nail oldu. Sonra Qərbin bu siyasətinə müqavimət göstərmək yolunu seçdi və ekspansiya siyasəti həyata keçirməyə başladı. Hazırkı proses və Rusiyanın aktivliyi bununla əlaqədardır. Rusiya itirdiklərinin müəyyən hissəsini geri qaytarmaq üçün hücumdadır və Krımın ilhaqını, Donbasa hərbi müdaxiləni, Suriya məsələsində təşəbbüsü ələ keçirməsini bu istiqamətdə onun uğurları kimi qiymətləndirmək olar".
Ş.Cəfərlinin sözlərinə görə, bütün bunlara baxmayaraq, qarşı tərəfin də buna qarşı cavabları var. Əvvəla, postsovet məkanının ən önəmli dövləti olan Ukrayna Krımı itirməsinə və şərqdə separatçılıqla üzləşməsinə baxmayaraq, Rusiyanın nüfuz dairəsindən çıxarılıb, artıq geri dönüş mümkün deyil. Böyük ehtimalla Ukrayna gələcəkdə Avropa Birliyi və NATO-ya da qəbul olunacaq. Bu, müxtəlif adlar altında SSRİ-ni bərpa etmək istəyən Putinin imperialist planlarına sarsıdıcı zərbədir, çünki Avropaya birbaşa çıxışı olan Ukraynasız hansısa effektiv birlik qurmaq mümkün deyil: “Putinin beynəlxalq hüquq normalarını heçə sayaraq Avropada II Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik sistemini dağıtmağa çalışması da cavabsız qalmır və ona qarşı sanksiyalar tətbiq olunur.
Eyni zamanda, Putinin addımları NATO-ya bir növ, ikinci nəfəs verib və bu baxımdan hətta amerikalı strateqləri sevindirib. Çünki SSRİ-nin və onun patronajlığındakı Varşava Paktının çökməsindən sonra Avropada NATO-nun mövcudluğu sorğulanmağa başlamışdı. NATO-nun kimə qarşı mübarizə apardığı, düşmənin kim olduğu sualları açıq qalırdı. NATO-nu özünün Avropadakı maraqları baxımından mühüm alət hesab edən amerikalılar ittifaqı qorumağın zəruriliyini bir müddət beynəlxalq terrorizm təhdidi ilə əsaslandırdılar, lakin asimmetrik təhdidə qarşı böyük hərbi blok saxlamağın zərurət olması o qədər də inandırıcı səslənmirdi. Daha konkret və qorxulu düşmənə ehtiyac var idi və Putinin 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya hərbi müdaxilələri bu baxımdan yaxşı fürsət yaratdı.
Amerikalı strateqlər ehtiyac duyduqları düşməni tapdılar və rusca "sderjivaniye" deyilən yeni bir siyasətin həyata keçirilməsinə start verildi. Bir tərəfdən Rusiyanı sanksiyalar yolu ilə zəiflətmək üçün ciddi və haqlı əsaslar yarandı, digər tərəfdən isə NATO-nu nəinki qoruyub saxlamaq, hətta onun yeni bir inkişaf mərhələsinə çıxararaq alyansın Rusiya sərhədlərində infrastrukturunu gücləndirmək zərurəti ortaya çıxdı. Hazırda biz bu prosesi izləyirik. Baltikyanı ölkələrdə, eləcə də Polşa, Rumıniya və Bolqarıstanda NATO-nun komanda məntəqələri yaradılıb, alyansın çevik reaksiya qüvvələrinin imkanları həm kəmiyyət, həm də keyfiyyətcə artırılır, Rusiya ilə həmsərhəd olan Norveçdə, həmçinin yaxınlıqda yerləşən İslandiyada ABŞ əlavə hərbi qüvvələr yerləşdirir, Finlandiya, İsveç kimi ölkələr də NATO-ya üzv olmağı nəzərdən keçirir".
Ekspert vurğuladı ki, bütün bunları nəzərə aldıqda, Putinin aqressiv addımlarının və ram edilməz imicinin Rusiya üçün geosiyasi mənada faydalarının qısamüddətli olduğunu söyləyə bilərik: “Putini güclü və təşəbbüskar göstərən səbəblərdən biri də budur ki, o, Rusiyada hakimi-mütləqdir, qərarları hər hansı ictimai müzakirə keçirmədən təkbaşına qəbul edərək dərhal icraya yönəldir. Qərb dövlətləri isə demokratik sistemlə idarə olunduğundan, orada qərarların qəbulu prosesi uzanır, bəzən hakimiyyətdəki qüvvə parlamentdə öz mövqeyini qəbul etdirə bilmir, yaxud hər hansı ciddi qərarın qəbulu üçün ictimaiyyət arasında iş aparmaq, ictimai dəstək qazanmaq lazım gəlir. Putinin bəzi hallarda Qərbdən bir addım öndə görünməsi bundan qaynaqlanır. Eyni zamanda, Qərbin strategiyaları uzunmüddətli olduğundan onların həyata keçirilməsi çox yavaş gedir və nəzərə çarpmır. Nəticədə belə təsəvvür yaranır ki, bütün məsələlərdə təşəbbüs Rusiyanın, Putinin əlindədir. Əslində isə belə deyil”.
Cia.az
