|
“Azərbaycan MSŞT-yə üzvlükdən çıxarıla bilər”
İqtisadçı-alim Qubad İbadoğlu yenidən “Mədən Sənayesində Şəffaflıq Təşəbübüsü” təşkilatının (MSŞT) beynəlxalq İdarə Heyətinə tam hüquqlu üzv seçilib. O, növbəti 3 il bu mötəbər qurumda Avrasiya regionunu təmsil edəcək yeganə azərbaycanlı olacaq: “Növbəti dönəmdə Azərbaycan hakimiyyət nümayəndəsinin seçilməməsi bu mötəbər qurumda ən azı 2 məsələdə ölkənin və regionun maraqlarını qorumaq məsuliyyətini mənim üzərimə qoyur”.

 Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə MSŞT-nin İdarə Heyətindən təmsil olunmaq üçün namizədliyini irəli sürsə də, səsvermənin nəticəsində ukraynalı həmkarına uduzub. Q.İbadoğlu musavat.com-a MSŞT-yə üzv seçilməsi, üzvlüyün dövlətlər üçün əhəmiyyəti kimi məsələlərdən danışıb.
 
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü həm məzmun və həm də coğrafi baxımdan getdikcə genişlənməkdədir. Bu, yalnız  təşəbbüsə önəm verən ABŞ, Böyük Britaniya, Norveç kimi dünya nəhənglərinin üzvlüyə qəbul olunması ilə deyil, həm də  mədən sənayesi sektorlarına təsirlərinin çoxalması ilə xarakterizə olunur. Hazırda bü təşəbbüsə üzv olan ölkələrin sayı 49-dur. Onlardan 31-i MSŞT-nin tam hüquqlu, 18-i isə namizəd üzvüdür. Təşəbbüsə yaxın müddətdə Almaniya, Fransa, Avstraliya və Kanada da qoşulmaq niyyətlərini bəyan ediblər. Bu təşəbbüsə yerli və beynəlxalq səviyyədə fəaliyyət göstərən 800-dən çox vətəndaş cəmiyyəti institutları cəlb olunub. Neft, qaz və mədən sənayesi sahəsində fəaliyyət göstərən və 19 trilyon dollardan çox aktivləri idarə edən 90 institusional investor təşəbbüsə dəstək verir. İndiyə qədər 44 ölkə 279 fiskal ili və 1,8 trilyon dollardan çox dövlət gəlirlərini əhatə edən hesabatlar açıqlayıb”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, hazırda seçilən beynəlxalq İdarə Heyəti yeni tərkibdə 2016-2019-cu illərdə fəaliyyət göstərəcək: “Bu heyətdə MSŞT-ni tətbiq edən hökumətlərin 5, onu dəstəkləyən  dövlətlərin 3, vətəndaş cəmiyyətinin 5, neft, qaz və mədən sənayesi sahəsində fəaliyyət göstərən iri şirkətlərin 5, investorların 1 nümayəndəsi təmsil olunur. Beləliklə, İdarə Heyəti 19 nəfər tam hüquqlu üzvdən və 1 sədrdən ibarətdir. Yeni tərkibdə İdarə Heyətinə İsveçin keçmiş baş naziri Fredrik Reinfeldtin sədrlik  edəcəyi gözlənilir. Növbət İdarə Heyətinin təsdiqi fevralın 24-25-də Perunun paytaxtı olan Lima şəhərində keçirilən ”Hesabatlardan nəticələrədək" adlanan MSŞT-nin 7-ci qlobal konfransında olacaq. MSŞT-nin idarəetmə qaydalarına görə, hər bir tərəf- hökümətlər, vətəndaş cəmiyyəti və şirkətlər müstəqil surətdə İdarə Heyətinə nümayəndələrini seçirlər".
 
Q.İbadoğlu Ş.Mövsümovun seçilməməsinə bu cür aydınlıq gətirib: “Hökumətlər və vətəndaş cəmiyyəti nümayəndələrinin seçkisi zamanı regional təmsilçilik nəzərə alınır. Azərbaycan Avrasiya regionuna daxildir. Bizim regiondan hökumət 1 əsas və 1  əvəzedici, eyni zamanda vətəndaş cəmiyyəti də eyni qayda ilə 1 əsas və 1 əvəzedici üzv seçir. Köhnə tərkibdə Dövlət Neft Fondunun icracı direktoru, MSŞT Komissiyasının sədri Şahmar Mövsümov Avrasiya regionuna daxil olan üzv dövlətlərinin hökumətlərini, mən isə vətəndaş cəmiyyətini əsas heyətdə təmsil edirdim. Hər ikimizin əvəzedici Qazaxıstandan hökumət və vətəndaş cəmiyyəti nümayəndəsi idi. Bu dəfə seçkilər zamanı Avrasiya regionunda Ukrayna hökumətinin mümayəndəsini əsas və Qazaxıstan hökumətinin nümayəndəsini isə əvəzedici heyətə seçdilər. Vətəndaş cəmiyyətinə gəlincə, Avrasiya regionundan mən əsas heyətə, Ukraynalı həmkarım isə əvəzedici heyətə seçildi. Hökumət nümayəndlərinin seçkisi əvvəl aparıldığından Şahmar Mövsümovun seçilməməsi məni çox təəccübləndirdi. Çünki Şahmar müəllim İdarə Heyətinin ən fəal üzvlərindən biri idi. Beynəlxalq səviyyədə MSŞT prosesinə xeyli töhfələr vermişdi. Odur ki, onun nəyə görə seçilməməsini şərh edə bilmərəm”.
 
Hazırda MSŞT-də təmsil olunan yeganə azərbaycanlı olmasının üstünlük və təhlükələrindən söz açan Q.İbadoğlu qeyd edib ki, bu, daha çox məsuliyyət yaradır: “Artıq 3 ildir ki, MSŞT-nin  Beynəlxalq İdarə Heyətində əsas üzv olaraq fəaliyyət göstərib xeyli təcrübə yığmışam. Növbəti dönəm çox mürəkkəb və məsuliyyəti dövrü əhatə edir. Avrasiya regionunu təmsil edən  yeganə azərbaycanlı kimi bu, mənim həm məsuliyyətimi artırır və həm də yükümü çoxaldır. Ötən heyətdə birgə fəaliyyətimiz zamanı bir çox məsələlərdə aramızda fikir ayrılığı olsa da, elə məsələlər var ki, orada Şahmar Mövsümovla eyni mövqedən çıxış etmişik. Məsələn, Ermənistanın üzlüklə bağlı müraciətinin İdarə Heyətində müzakirəsi zamanı məhz birgə mövqedən çıxış etməyimizin nəticəsində nail olduq ki, MSŞT beynəlxalq katibliyi açıqlama versin ki, Ermənistanın hökumətinin hesabatları yalnız bu ölkənin tanınmış sərhədləri çərçivəsindəki fəaliyyətinə aid ola bilər, işğal olunmuş ərazilərdə fəaliyyət, birbaşa və ya dolayı yolla bu hesabatlara salına bilməz. Çox böyük ehtimalla İdarə Heyəti yeni tərkibdə Ermənistanın üzvlük məsələsinə də baxacaq. Ermənistanın MSŞT-yə üzv olmasına dair danışıqlar 3 il öncə başlanıb. Bu danışıqlar, demək olar ki, yekun mərhələyə çatıb. Təbii ki, belə milli və dövlət  maraqlarının qorunması istiqamətində fəaliyyəti davam etdirəcəm. Amma biz hələ ötən İdarə Heyətində də gördük ki, bu tip məsələlərdə hökümətlə vətəndaş cəmiyyətinin eyni mövqedən çıxış etməsi lazım olan nəticələrə gətirib çıxarır”.
 
 
Q.İbadoğlu vurğulayıb ki, bu ilin aprelin 15-də Azərbaycanının öhdəliklərini qiymətləndirilməsi başlayacaq: “Bu, çox geniş spektrli dəyərləndirmə olacaq. Qiymətləndirmə hesabatı əsasında Azərbaycan Respublikasının bu təşkilat qarşısında öhdəliklərinin icrası müzakirə olunacaq və ölkənin statusu yenidən dəyərləndiriləcək. Xatırladım ki, ötən il yerli vətəndaş cəmiyyətinın bu təşəbbüsdə iştirak imkanlarını dəyərləndirən beynəlxalq faktaraşdırıcı missiyanın hesabatı əsasında ölkənin öhdəlikləri qiymətləndirilmiş və onların rəyi əsasında İdarə Heyətinin 15 aprel 2015-ci il tarixli  toplantısında Azərbaycanın statusu tam hüquqlu üzvdən namizəd səviyyəsinə endirilib. Bundan sonra İdarə Heyəti Azərbaycan hökumətinə 1 il üçün islahedici plan təqdim edib. Bu ilin aprel ayında islahedici planın müddəti başa çatır və bundan sonra onun icrası ilə bağlı İdarə Heyətində yenidən müzakirələr aparılacaq və Azərbaycanın statusuna dair təkrar qərar veriləcək”.

Gözləntilərdən danışan Q.İbadoğlu deyib ki, əsas qiymətləndirmə predmeti vətəndaş cəmiyyətinin bu təşəbbüsdə iştirakı olacaq: “Bu istiqamətdə vəziyyət ağır olaraq qalır. Ümumi kontekstdə vətəndaş cəmiyyəti instututları ciddi çətinliklərlə qarşılaşdılar. Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları məhdudlaşıb, yerli QHT-lərin bir qrupunun bank hesabları hələ də bağlıdır, onların üzərinə əsassız olaraq vergi cərimələri qoyulub. Təşkilatçıların təmsilçilərinin sərhəd məntəqələrində  xüsusi yoxlamalardan keçirilməsi davam edir, bəzi ictimai fəallar ölkəni məcburən tərk edib, bəzilərinə ölkədən çıxış qadağı qoyulub, tanınmış QHT liderləri hələ də həbsdədirlər. Xüsusi olaraq "Mədən sənayesində şəffaflığın artırılması" QHT Koalisiyasının üzvlərinin də bu qəbildən olan çoxsaylı problemləri qalır. Baxmayaraq ki, MSŞT sədri xanım Kleir Şiort ötən ilin oktyabrın 8-də prezident İlham Əliyevlə görüşəndə ona söz verilmişdi ki, bu problemlər həll olunacaq. Amma bu istiqamətdə işlər çox ləng gedir. 
 
Yenə də çox şey Azərbaycan hökumətinin bu tip öhdəliklərə necə əməl etməsi səviyyəsindən asılı olacaq. Hələ az da olsa vaxt var, əgər hökumət bu istiqamətdə ciddi qərarlar qəbul edəcəksə, problemlərin həllinə nail olacaqsa, o halda MSŞT İdarə Heyəti Azərbaycanın statusunu qaytara bilər. Əks təqdirdə isə Azərbaycanın bu qurumda fəaliyyəti dayana və ya ölkəmiz hətta üzvlükdən də çıxarıla bilər. Bu quruma üzvlük Azərbaycana çox şey verir. Əvvəla, neft gəlirləri barədə Azərbaycan icmaiyyəti müntəzəm olaraq məlumatlandırılır. Hazırda malik olduğumuz 33 milyardlıq ehtiyatlarımızın formalaşmasında və saxlanmasında bu təşəbbüsün az rolu olmayıb, yoxsa indi o pullar da xərclənmişdi. Digər tərəfdən, Azərbaycanın investistorların cəlbində MSŞT-nin rolu böyük olub. Ötən il Azərbaycan hökuməti bu təşəbbüsü tərk edə bilərik bəyanatını verəndə yalnız BP kimi investorlar deyil, həm də Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi kreditorlar da narahatlıqlarını ifadə etmişdilər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının investisiyalara və kreditlərə ehtiyacı indi daha da çoxalıb, o baxımdan, MSŞT-də fəaliyyətimizi davam etdirmək strateji maraqlarımıza cavab verir".
Cia.az