Dünyada səs-küy doğuran olaylardan biri də heç şübhəsiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanla bağlıdır. Belə ki, artıq İtaliya prokurorluğu ona qarşı cinayət işi açıb. B.Ərdoğan çirkli pulların yuyulmasında ittiham olunur.
İtaliya prokurorluğu araşdırmalara Türkiyədən olan biznesmen Murad Hakan Uzanın müraciətindən sonra başlayıb. O bildirib ki, B.Ərdoğan Türkiyədən İtaliyaya külli miqdarda qeyri-leqal pul gətirib.
Bu isə bizə bu günə qədər dünyada prezident uşaqları ilə bağlı kriminal xronikanı xatırlatmağı xatırlatdı. Kimlər, nəyə görə ittiham olunub? Hansı cinayət işində adları hallandırılıb? Və sair...
Kriminal xronikanın sevimlisi - Uday Hüseyn...

Bu siyahıya hər zaman Səddam Hüseynin oğlu Uday Hüseyn başçılıq edib. Uday Hüseyn atasının ölkəni yumruqla idarə etməsindən yararlanaraq bir çox cinayətlər törətmişdi. Günün çoxunu içkili halda olan Uday Hüseynin cinayətlərindən ən dəhşətlisi atasının dadbilənini (dequstator) məclislərin birində elektrik oyma bıçaqla doğrayaraq öldürməsi idi. Bundan əlavə Uday Hüseyn dəbdəbəli həyat tərzi ilə də yadda qalıb. Buna misal olaraq isə Uday Hüseynin 1200-dən çox bahalı maşınlarının olmasını göstərmək olar.
Eyni zamanda İraqdakı istənilən qadına təcavüz edirdi. Qadınları yoldan oğurlayır və Udayın hüzuruna gətirirdilər. Onunla birgə olmaq istəməyən qadınları isə öldürürdü. Deyilənə görə, qadınlara təcavüz edəndən sonra Uday onların kürəyini adının baş hərfi olan “U” ilə damğalayırdı. Bundan başqa, Uday hədsiz sadistliyi ilə də ad qazanmışdı. Onun 2 köməkçisini ölümünə qədər döyməsi, habelə İraq türmələrindəki işgəncələrdə şəxsən iştirak etməsi də yayılan xəbərlər sırasındadır.
Udayın qardaşı Qusey Hüseyn isə gizli polis idarəsi yaratmışdı və bu idarə müxalifətə qarşı amansız əməliyyatlarla məşhur idi. Qardaşlar 2003-cü ildə, artıq İraq işğal olunan zaman Şeyx Nəvvaf Zeydanın iqamətgahı bombalanan zaman orda ölüblər.
Narkotacir və orqan alverçisi - belə varisdən harda var?
Jean-Claude Duvalier - Haitidə Jean Claude Duvalier (bəzən “Baby Doc” da adlandırırlar) keçmiş Haiti diktatoru olmuş Francois Duvalierin (bəzən “Papa Doc” da adlandırırlar) oğludur və 19 yaşında atası vəfat etdikdən sonra hakimiyyətə gəlib. Tarixə dünyanın ən gənc prezidenti kimi düşüb. Hakimiyyətə gəldikdən sonra əlindəki gücdən istifadə edərək narkoticarət və Haitidə öldürülmüş insanların orqan ticarəti ilə də məşğul olub.

Kim Jong In - Şimali Koreyanın ikinci ölməz lideri olan Kim Jong İl-in oğlu Kim Jong In atasının ölümündən sonra hakimiyyətə gəldi. Həm də dünyanın ən gənc lideri seçildi Kim In. Hazırda Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikasının Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandınıdır. Mifoloji maşını artıq çoxdan işə düşüb, Şimali Koreyada onun atasına və babasına hər sahədə oxşadığı beyinlərinə yeridilib.
Atası öldü, onu mühakimə etdilər...

Stalinin oğlu Vasili haqda da tarix xoş şeylər demir. Cəsarətli pilot olmasına baxmayaraq - müharibə zamanı iki alman təyyarəsini vurub - həyatı o qədər də yaxşı olmayıb. Xarakter etibarilə çılğın olan Vasili general kimi ad qazansa da, onun aylarla orduya gəlmədiyi, dövlət büdcəsini talan etdiyi - 20 milyon rubl yeyintiyə yol verib, eyni zamanda əyyaş həyat tərzi keçirdiyi, rəhbərliyi altında olan qadınlarla yaşadığı da gəzən söz-söhbətlər arasında olub. Atası bu hərəkətlərinə görə onunla danışmırdı. Amma Stalinin ölümündən sonra oğlunu dövlətə qarşı etdiyi əməllərə görə 8 il müddətinə azadlıqdan məhrum etdilər.
Hitlerin bivec oğlu, ya...?
Hitler də şəxsi həyatında çox ziddiyyətli şəxs olub. Fransa vətəndaşı olan Jan Mari Lorenin 1981-ci ildə yazdığı «Sənin atan Hitlerdir» kitabında Hitlerin gizli oğlu olduğunu bildirib. Lore və Hitlerin qohumluğu barədə əsl həqiqət onun vəkili Fransua Gibonun sayəsində üzə çıxıb. Lorenin yazdığına görə anası 16 yaşlı Şarlotta Lobjua ilə yefreytor Hitler arasında roman 1917-ci ildə - alman ordusu Fransanın Pikardiya şəhərində yerləşərkən yaşanıb. 1918-ci ilin martında Lore dünyaya gəlir. Qonşular və uşağı nifrətlə «kiçik boş» (Fransada almanlardan dünyaya gələn uşaqları belə adlandırırdılar) deyə çağırırdılar. Təhqir və istehzadan bezən Şarlotta bir neçə ildən sonra uşağı gənc bir ailəyə övladlığa verir. Taleyin gərdişinə bax ki, 1939-cu ildə Hitlerin oğlu Almaniya faşistlərinin əleyhinə vuruşmaq üçün müharibəyə gedir, işğal vaxtı isə fransız partizanlarına qoşularaq Klement ləqəbini götürür.1950-ci illərin əvvəllərində doğma anası ölümündən əvvəl Loreyə əsl atasının kimliyini deyir. Bu, onun üçün böyük şok olur. Özünün dediyinə görə, düz 20 il durmadan çalışır ki, əsl kimliyini unutsun.
Rumıniya diktatoru Nikolay Çauşevskinin kiçik oğlu Nikolay atası hakimiyyətdə olanda onun bütün imtiyazlarından istifadə edirdi. Atası barədə rəsmi KİV-lər “Karpatın dahisi”, “Görünməmiş yeniliklər müəllifi” yazırdılarsa, oğlunu “Drakulito” deyə çağırırdılar. O, bütün ölkədə “qız ovu” ilə məşhurlaşmışdı. Diktator oğlunun xoşuna gələn qadınları zorlamaq adəti vardı. Və demək olar ki, bütün qadınlar onun zövqünə uyğun gəlirdi. Amma atasının hakimiyyətdən devrilməsi və öldürülməsindən sonra onunla bağlı ədalət də bərqərar oldu və 20 il müddətinə azadlıqdan məhrum edildi. Azadlığa çıxandan sonra isə böyrək serrozundan dünyasını dəyişdi.
Çauşevskinin digər oğlu Valentin və qızı Zoya isə daha təvazökar həyat tərzi aparırdılar. Amma onlar da maliyyə fırıldaqlarına görə türmənin qapısını tanıdılar. Zoya 2006-cı ildə xərçəngdən dünyasını dəyişdi. Valentin isə türmədən çıxandan sonra fizik kimi fəaliyyət göstərdi.
Qəzzafinin qəddar oğlu hamilə yoldaşını döyüb

Liviya rəhbəri Muammer Qəzzafinin 6 oğlu və bir qızı olub. Atasının hakimiyyəti dövründə uşaqları rəhbərlikdə yüksək vəzifələr tutublar. Onların idarəsində milyardlarla dollar və atalarının hüdudsuz hakimiyyəti olub. Amma hamıdan çox onun oğlu Hannibal pis şöhrət qazanmışdı - o, insanlara qarşı amansız münasibəti ilə tanınırdı. 2008-ci ildə hətta İsveçrədə onu otel işçisini amansızcasına döyməsinə görə həbs etmişdilər. Bu insident İsveçrə ilə Liviya arasında konfliktlə nəticələnmişdi. Hannibal akulalar üçün hovuz tikdirir, Parisdə dəlicəsinə yüksək sürətlə maşın sürür və hamilə həyat yoldaşını Londonda döyürdü.
Qəzzafi rejiminin çökməsindən sonra onun iki oğlu - Saif əl-Arab və Hamis Qəzzafi atışma zamanı həlak olub. Hannibal isə anası Safiya, bacısı Ayşə və ögey qardaşı Məhəmmədlə birgə Əlcəzairə qaça bildi.
Buşun içki düşkünü qızları da polisə düşüb

Diktator olmayan, demokratiya paytaxtlarında oturan “papaların” övladları da bir sıra hallarda xüsusi şıltaqlıqları ilə seçiliblər. Amerikanın keçmiş prezidenti Corc Buşun qızları Cenna və Barbara Buş spirtli içkilərə hədsiz aludə olublar. 2001-ci ildə polis Barbaranı gecə barında hədsiz içkili vəziyyətdə yaxalayıb. Buşun digər qızı Cenna da bacısından geri qalmayıb. Uels Universitetinin tələbəsi olan Cenna da Ostindəki digər bir restoranda
“Marqarita” içkisi sifariş etdiyi üçün polis tərəfindən cəzalandırılıb.

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin oğlu Mark Tetçer isə hər dəfə tarixə fərqli qalmaqallarla girib. 2005-ci ildə 52 yaşlı biznesmeni Qvineyada çevrilişə görə ittiham edərək 500 min dollar məbləğində cərimələdilər və 4 il şərti cəza verdilər. Bundan başqa, o, qanunsuz silah alverinə, habelə iri dələduzluq faktlarına görə dəfələrlə ittiham edilib. Anası Marqaret Tetçer isə onun haqqında aşağıdakı unikal sözləri deyib: “Mark pulları o qədər çox sevir ki, eskimoslara qar, ərəblərə qum sata bilər”.
Obamanın 16 yaşlı böyük qızının Pro Ero rep-qrupunun instagram səhifəsində öz fotosunu paylaşması qalmaqala səbəb olmuşdu.
Fotoda prezident qızı qrupun loqotipi əks olunan köynəkdə poza vermişdi.
Xatırladaq ki, əvvəl də dekabr ayında respublikaçı konqresmen Stiven Finçerin mətbuat katibi Elizabet Lauten prezident B.Obamanın qızlarını statuslarına hörmət etməməkdə ittiham etmişdi.
O, hesab edirdi ki, Saşa və Mali teleefirdə özlərini düzgün aparmırlar və prezident qızları kimi geyinmirlər.
Məhz bu çıxışına görə Elizabet Lauten işindən qovulmuşdu.
Cia.az
