Bu günlərdə Qazaxıstanın prezidenti Nursultan Nazarbayev paytaxt supermarketlərindən birinə baş çəkib. O, mağazadan əsasən ölkədə istehsal olunmuş yerli məhsullar alıb. Prezidentin alış-veriş etdiyi mağazada təklif olunan çeşidin yarısı yerli istehsal məhsullar olub.
Azərbaycan marketlərində də yerli məhsullar çoxluq təşkil etsə də, onların əksəriyyətinin xammalı xarici ölkələrdən gətirilir. Sırf yerli istehsal olan məhsullar isə olduqca azdır. Bəs bu məhsullar bazarlarda neçə faiz təşkil edir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ərzaq məhsullarının 50 faizinin xarici xammaldan asılı olduğunu bildirdi: “Ərzaq bazarı sektorunun qorunmasında hökumət düzgün və rasional mövqe tutmayıb. Azərbaycanın ərzaq bazarının təxminən 50 faizi xarici məhsullardan asılı vəziyyətdədir. Daxili bazarda logistika düzgün qurulmadığından, effektli kənd təsərrüfatı siyasəti aparılmadığından, bəzən yerli məhsul xarici məhsuldan baha başa gəlir. Ona görə də bu problemlər Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən həll olunmalıdır. Bir sözlə, daxili bazarın tənzimlənməsi kifayət qədər elmi üsullarla idarə olunmur, çox primitiv idarə olunur. Məsələn, illər boyu yarmarkaların yaradılması və yarmarkalarda dövlət məmurunun qiyməti tənzimləməsi gülünc və absurd siyasətdir. Dövlət məmurunun nə ixtiyarı var ki, kartof əkənə gedib deyə ki, sən kartofu bu qiymətə sat. Dövlət məmurunun işi odur ki, bolluq yaratsın, kəndliyə kömək etsin və sairə. Bu səhv siyasət bazarı bu cür xarici məhsullardan asılı vəziyyətə salıb. Üstəlik, əhalinin xarici məhsullara tələbatı da artıb. Bəzi ölkələrdən Azərbaycana saxta, tərkibi məlum olmayan mallar da gətirilir. Lakin normal ekspertiza şəraiti olmadığı bir şəraitdə bu mallar satılır. Bəzən yaxşı mallar da gətirilir. Lakin bunları ayırd etmək məsələləri hələlik həll olunub qurtarmayıb”.
İqtisadçı-ekspert Natiq Cəfərli heç bir ölkənin 90 faiz məhsulunun yerli ola bilmə ehtimalının mümkün olmadığını bildirdi: “Qazaxıstanda satışda olan malların 90 faizinin yerli məhsul olması ehtimalı bir az aşağıdır. Çünki yəqin ki, bu rəsmi təbliğatın bir növüdür. Çünki dünyanın elə bir ölkəsi yoxdur ki, orada ərzaq məhsullarının 90 faizi öz-özünü təmin etsin. Bu mümkün deyil. Azərbaycana gəldikdə isə, rəsmi statistikaya görə 55-60 faiz civarında biz özümüzü ərzaqla təmin edirik. Amma bu da təbliğat məsələsidir. Çünki yerli məhsul adı altında satışda olan məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. O cümlədən "Azərsun" şirkəti xaricdən gətirdiyi xammal əsasında Azərbaycanda bir çox məhsulları istehsal edir. Məsələn, çay məhsullarını götürsək, marketlərdə çoxlu Azərbaycan markası adı altında çaylar satılır. Amma Azərbaycanda bir o qədər çay istehsal olunmur. Lənkəranda kiçik çay plantasiyaları var. Ancaq Azərbaycanın tələbatının çox cüzi bir hissəsini ödəyə bilər.
Ona görə xaricdən gətirilmiş xammalı, yəni çay məhsullarını burada sadəcə olaraq qablaşdırıb satışa çıxarırlar. Bunu nə dərəcədə yerli məhsul saymaq olar? Bu artıq sual doğurur. Məncə bu yerli məhsul sayılmır. Sadəcə olaraq yerli brend adı altında istehsala gedir, xammal isə xaricdən gəlir. Süd məhsullarını götürsək, bizim marketlərdə ən çox yerli istehsal kimi süd məhsulları önə çıxır. Onun da istehsalı üçün Azərbaycanda bu qədər xammal yoxdur. Yəni xaricdən alınmış süd tozundan istehsal olunur. Əsasən Ukraynadan, Hollandiyadan əksər hallar İrandan gətirilmiş süd tozunun vasitəsilə Azərbaycanda istehsal olunur və satışa çıxarılır".
Ekspert Azərbaycan bazarında olan məhsulların yalnız 1/3 hissəsinin sırf yerli məhsul olduğunu dedi:“Mənim fikrimcə, Azərbaycanda bununla bağlı rəsmi statistikanın verdiyi rəqəmlərdən daha aşağı göstəriciyə malikik. Ən yaxşı halda 30-35 faiz sırf yerli məhsulları bazarlarda görə bilərik. Qalan bütün məhsulların ya özü, ya xammalı xaricdən gətirilir ki, bu da Azərbaycandan kütləvi şəkildə valyuta axınına səbəb olur. Bu, indiki durumda Azərbaycanın ticarət balansı üçün basqı yaradır”.
Cia.az
