ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Krist Smitin Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara dair Konqresə təqdim etdiyi qanun layihəsinə onun daha iki həmkarı qoşulub. Bunlar Nyu-York ştatından olan demokrat konqresmen Luiza Sloter və Nevada ştatından olan Co Hekdir. Konqresmen Luiza Sloter (Nyu-Yorkdan demokrat) vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyanın tətbiqini nəzərdə tutan qanun layihəsinə qoşulan ilk Konqres üzvüdür.
“Azərbaycan demokratiya aktı” adlı qanun layihəsi 2015-ci ilin dekabrında Helsinki Komissiyasında qəbul edilərək Konqresə irəli sürülüb. Qanun layihəsi Azərbaycanda hökumət üzvlərinə qarşı müxtəlif sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.
Azərbaycan hakimiyyəti qanun layihəsinin qəbul olunmaması və gündəmdən çıxarılması üçün diplomatik kanallar vasitəsilə iş aparır.
Bir sıra hakimiyyət təmsilçiləri Smitin layihəsinin ermənilərin sifarişi ilə hazırlandığını bəyan etməklə yanaşı, son vaxtlar belə fikirlər də səsləndirməyə başlayıblar ki, layihə artıq gündəmdən çıxmış sayıla bilər.
K.Smit bir neçə gün öncə Bakıdan onun ünvanına səslənən ittihamları şərh edib. O deyib ki, “Azərbaycan demokratiya aktı”nın ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır: “Xədicə İsmayılova kimi jurnalistlər də daxil olmaqla, bir çox insanlar öz araşdırmalarına görə həbs olunanda biz ”Azərbaycan demokratiya aktı" kimi sənədləri qəbul edirik. Ölkə parlamenti və hökumətin buna reaksiyası düşüncəsizliyin təzahürüdür, çünki onlar tamamilə həqiqətəuyğun olmayan fikirlər söylədilər. Əsasən bildirdilər ki, bu aktı ermənilər mənə sifariş ediblər. Ermənilərin buna heç bir aidiyyəti yoxdur, bundan əlavə, bu qanun layihəsinin hazırlanmasından onların xəbəri olmayıb. Bu qanun layihəsində məqsəd Azərbaycanda islahatlara təkan vermək, cinayət törətməyən insanları həbsdən azad etdirməkdir".
Bəs Smitin sanksiyaları nəzərdə tutan məlum layihəsinə daha iki konqresmenin qoşulması bu məsələnin gündəmdən çıxacağı barədə deyilənlərin əsassız olduğunu ortaya qoyurmu? Layihənin mart ayında Konqresdə müzakirəyə çıxarılacağı gözləniləndirmi?

Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, konqresmen Krist Smitin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan demokratiya aktının tezliklə qəbul edilməsi gözlənilmir. Daha iki konqresmenin bu akta qoşulmasına gəlincə, bu kimi aktlar 3 nəfərin iradəsi ilə olmur.
Yeni qoşulanlar və səs verənlərin olmaması mümkün deyil, lakin ABŞ bütün vaxtlarda geosiyasi maraqlarını önə çəkən ölkə olub: “Sırf demokratiya məqsədlərinə görə Azərbaycana və yaxud digər ölkəyə sanksiya tətbiq edilməsi mümkün görünmür. Hazırda ABŞ geosiyasi maraqlarına uyğun olaraq əvvəllər tətbiq etdiyi sanksiyaları aradan qaldırır. Əgər ABŞ demokratik məqsədlər üçün sanksiyalar tətbiq etsəydi, o zaman gərək bütün ərəb ölkələrinə, öncəliklə Səudiyyə Ərəbistanına, Küveytə, Misirə və digərlərinə bunu rəva görərdi. Rəva görmür, çünki geosiyasi maraqları var. Azərbaycan da belə. Məgər Kubada insan hüquqları və demokratiya ilə bağlı məsələlər həll olundu? Daha betərdir. Lakin ABŞ 1959-cu ildən Kubaya tətbiq etdiyi sanksiyaları ləğv etdi. İranda insan hüquq və azadlıqları betərdir. Amma sanksiyalar aradan qaldırıldı. Vacib olan geosiyasi maraqlar üstün gəldi. İrana nüvə silahına malik olmağa icazə vermədilər. Amma digər problemlərə göz yumuldu.
Onlarla digər nümunələr də var. İnanıram ki, Azərbaycan hakimiyyəti özünün ABŞ-ın geosiyasi maraqlarına daxil olmasını təmin edəcək. Bunun çalarlarını görməkdəyəm. Əgər İran faktoru Azərbaycanın önəmini azaldıbsa, Rusiya faktoru qüvvəyə minib. Artıq Azərbaycan xarici siyasətində manevrlər etməyə başlayıb. Elə bilirsiniz ki, XİN müavini Araz Əzimovun Bəşər Əsədi dəstəkləməsi təsadüfi jestdir? Xeyr. Bu bir mesajdır. İndi ABŞ Azərbaycana minnətçi düşməlidir ki, bunu etmə. Bunu etməməyin isə şərtləri var. Azərbaycan geosiyasi arenada itirdiyi nöqtələri başqa yüksəkliklərlə əvəz etməyə çalışır. Buna nail də olacaq”.
Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva isə bildirdi ki, sanksiyaları nəzərdə tutan qanun layihəsi Azərbaycanda demokratiya, insan haqları sahəsində vəziyyətin müsbətə dəyişməsi, siyasi məhbusların azadlığa buraxılmasına nail olmaq üçün hazırlanıb. Əgər qeyd olunan məsələlər həllini tapsa, həmin layihə qəbul edilməz.
Lakin siyasi məhbuslar azad olunmayacağı, demokratiya sahəsində islahatlar aparılmadığı halda layihənin Konqresin müzakirəsinə çıxarılaraq qəbul edilməsi gözləniləndir: “Dünyanın bir sıra ölkələrinə qarşı da zaman-zaman bu cür sanksiya layihələri gündəmə gəlib. Həmin ölkələr qaldırılan problemləri həll ediblər. Ona görə sanksiyaları nəzərdə tutan layihə qəbul edilməyib. Danimarkanın, Macarıstanın adını misal olaraq qeyd edə bilərəm. Azərbaycan hakimiyyəti də həlli istənilən problemləri həll etsə, çox ağıllı addım olardı. Nə qədər ki, o problemlər qalır, Smitin hazırladığı qanun layihəsi gündəmdən çıxarılmayacaq və hər an Konqresin müzakirəsinə çıxarılması ehtimalı qalacaq. Onlar məqsədlərinə çatmayınca bu məsələ gündəmdə qalacaq. Başlayıblarsa axıra qədər gedəcəklər”.
A.Abdullayeva “Helsinki Komissiyasının sədri Krist Smitlə tanışlığının olmadığını, sadəcə, rəhbərlik etdiyi qurumların adlarında oxşarlıq olduğunu vurğuladı: ”Helsinki Komissiyası ilə Helsinki Vətəndaş Assambleyası arasında heç bir bağlılıq yoxdur. Sadəcə, adları bir-birinə bənzəyir. Bir də ki, məqsədlərimiz eynidir. Məqsədlərimiz demokratiya, insan haqlarının bərqərar olması, sülhdür".
Cia.az
