|
Minsk Qrupu - işğalçı Ermənistan üçün “xilas kəməri”
ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ konfliktini dinc yolla həll eləmək iqtidarında olmadığı artıq daşlaşmış həqiqət sayıla bilər. Qalır, sadəcə, yeni və daha işlək həll mexanizmləri tapılanadək formal da olsa onun “xidmətlərindən” yararlanmaq. 
 
Ərazisinin 20%-i düşmən tapdağında olan Azərbaycan hələ ki buna məhkumdur. Hərgah, Bakı rəsmilərinin son bəyanatlarından belə bir qənaət hasil olur ki, “haqqı nahaqdan ayıra bilməyən” həmsədrlərdən pozitiv dəyişiklik gözləməyə dəyməz.  Bununla belə, paralel surətdə format axtarışları da davam etdirilməlidir. AŞ PA, Avropa Birliyi müstəviləri bu formatlardan biri ola bilər - hərçənd AŞ PA-da Qarabağa dair qətnamənin qəbulunun Minsk Qrupu həmsədrlərinin də müdaxiləsi hesabına əngəllənməsi göstərdi ki, bu, elə də asan olmayacaq. 
 
Bundan ötrü əlbəttə ki, Azərbaycan güclü müttəfiqlər tapmalı, beynəlxalq səviyyədə lobbiçiliyi gücləndirməlidir. Hələliksə turist-həmsədrlərin nazı ilə oynamaq, onların ermənipərəst mövqelərinə dözmək lazım gələcək. Bəs ermənilər nədən israrla Azərbaycanın yeni format axtarışına çıxmasına ifrat qıcıqlı və əsəbi yanaşırlar, faktiki, başqa həll formatlarını yaxına buraxmırlar? 
 
***
Əsas səbəb əlbəttə ki, Minsk Qrupunun 23 illik danışıqlar prosesində daha çox işğalçı tərəfin maraqlarını müdafiə eləməsidir. Nədən ibarətdir erməni maraqları? Onları bir daha sadalayaq: 
 
1. Status-kvonun saxlanması və buna görə Ermənistana heç bir söz, irad bildirilməməsi, əksinə, cəbhə xəttindəki gərginliyə görə vasitəçilərin daha çox Azərbaycanı qınaq hədəfi eləməsi (2014-cü ilin noyabrında Ağdam səması üzərində iki işğalçı erməni hərbi vertolyotunun vurulub salınmasına həmsədrlərin verdiyi reaksiyanı yada salın). 
 
2. Həmsədrlərin Ermənistanın təcavüzkar ölkə kimi tanımaqdan imtina eləməsi, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrinin unudulması, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının, digər mötəbər beynəlxalq təşkilatların bu qəbildən ədalətli qətnamələrinin qulaqardı edilməsi.
 
3. Nəhayət, ən əsası, Minsk Qrupu ermənilərin yatıb yuxuda belə görmədikləri bir üstünlüyü onlara qazandırıb - separatçı rejimə öz müqəddəratını təyinetmə hüququnu 7 elementdən biri kimi “Madrid sənədinə” daxil eləməklə.
 
Sadalanan səbəblərdən işğalçı tərəf narahatdır ki, danışıqlar başqa formata keçirilsə, onların işğalı və separatçılığı davam eləməsi üçün zəmin olan bu üç üstünlük əldən gedər. Çünki yeni formatda ABŞ və Rusiyanın dominant olacağına rəğmən, hər şey sıfırdan başlaya, beynəlxalq hüquq normaları, BMT TŞ-nin Qarabağa dair məlum sənədləri əsas götürülə bilər - hansının önünü ki, nə Kreml, nə də Vaşinqton artıq almayacaq. Üstəlik, yeni həll formatında Türkiyə və Almaniya kimi obyektiv mövqeli dövlətlərin də təmsil olunma şansı yüksəkdir. Çünki ABŞ-Rusiya-Fransa “üçlüyü” problemin həllinə qadir olmadığını artıq isbatlayıb.   
 
 
***
Bu üzdən ermənilər Minsk Qrupundan bərk-bərk yapışıb və onun ləğvindən ciddi şəkildə əndişə keçirirlər. Son olaraq belə əndişəli mövqeyi Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zöhrab Mnasakanyan ortaya qoyub. 
 
“Azərbaycan tərəfdən nifrət və aqressiya, insan haqlarının pozulması, daimi silahlanma və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin inkar edilməsi Dağlıq Qarabağ ”xalqı"nın fiziki mövcudluğunu təhdid edir", - deyə o, “BMT-nin Nizamnamə hədəfləri və prinsiplərinə hörmət - beynəlxalq sülhün və təhlükəsizliyin əsas elementi kimi” adlı açıq müzakirələrdə çıxışı zamanı bildirib.
 
Erməni diplomatın iddiasına görə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması bəhanəsi ilə tez-tez xalqların öz müqəddəratını təyin etmə prinsipi təhrif edilir ki, bu da hüququn aliliyinin qulaqardı edilməsinə gətirir.
 
***
Təbii ki, köhnə bayatıdır. 200 min köklü azərbaycanlını Ermənistandan qovandan və monoetnik bir respublika yaradandan, Azərbaycan ərazilərinin 20%-ini işğal edib etnik təmizləmə aparandan sonra öz müqəddəratını təyinetmədən danışmağa nə var ki? Amma bir iş var ki, bu hüquqdan kimlər (çeçenlər, tatarlar, başqırdlar və s.) danışsa da, məhz ermənilərin danışmağa haqqı yoxdur. Çünki onlar çoxdan öz müqəddəratlarını təyin edərək, Ermənistan adlı marionet dövlət əldə ediblər - əfsuslar olsun ki, həm də tarixi türk (Azərbaycan) ərazilərində, rusların əli ilə. 
 
İndi də rusların, amerikanların və fransızların sayəsində və Minsk Qrupu hesabına ikincisinə qovuşmağa ümidlidirlər. 
 
Amma zaman indi başqadır. Ermənistan adlı saxta dövlət yaradılan dönəmdən fərqli olaraq, indi pis-yaxşı BMT var, BMT-nin ölkələrin öz ərazi bütövlüyünü bərpa eləməsinə haqq tanıyan Nizamnaməsi, Təhlükəsizlik Şurası və onun Dağlıq Qarabağa dair qətnamələri var, başqa beynəlxalq təşkilatlar və onların analoji sənədləri də eləcə. 
 
Bu sənəd-qətnamələri  görməmək olar, ancaq ciddiyə almamaq - mümkünsüzdür. 
Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan ən böyük üstünlüyü də elə budur. Qalır ondan rasional istifadə. Əslinə qalsa, rəsmi Bakının yeni və ədalətli həll formatı axtarması da eyni hüquqdan mənbə götürür. Yaxşı ki, bunu nəhayət, həmsədrlər də anlamağa və etiraf eləməyə başlayıblar. 
 
Məsələn, amerikalı həmsədr Ceyms Uorlik Azərbaycan tərəfinin AŞ PA-da Dağlıq Qarabağa dair qətnaməyə Minsk Qrupunun niyə əngəl yaratması ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Bakı münaqişənin həllini başqa müstəvilərdə axtarmaq, başqa beynəlxalq institutlara müraciət eləmək hüququna malikdir. 
 
Göründüyü kimi, cənab Uorlik Azərbaycanı narahat edən əsas suala cavab verməyib. Bu da Minsk Qrupunun gerçəkdən də ermənilərin əlinə işlədiyi haqda qənaəti daha da gücləndirir. İşğalçı erməni tərəfi ondan və Minsk Qrupundan niyə vaz keçsin ki?
Cia.az