|
Neft Fondunun aktivlərindən 2.8 milyard xərclənəcək
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev yenilənmiş bücə layihəsini şərh edib. (Layihə ilə bağlı ətraflı araşdırma 9-cu səhifədə dərc olunub-red) Ekspert hesab edir ki, planlaşdırma və proqnozlaşdırma düzgün aparılmadığından təxminən 11 ay zaman sərf edilib hazırlanan büdcə sənədi yenidən işləniləsi oldu: «Beləliklə, dövlət büdcəsinin gəlirləri manat ifadəsində 2.2 milyard manat artır, dollar ifadəsində 3 milyard dollar azalır. Artan 2.2 milyard manatın 408 milyon manatı Vergilər Nazirliyinin, 220 milyon manatı Gömrük Komitəsinin hesabına təmin ediləcək. Artımın yerdə qalan 1.6 milyard manatı Neft Fondundan transfertlər hesabına təmin ediləcək. Nəticədə büdcənin köhnə variantında Fondun öhdəliyi kimi müəyyən olunan 6 milyard manat 7.6 milyard manata çatdırılacaq».
 
R.Ağayevə görə, devalvasiya Neft Fondunun yükünü bir qədər yüngülləşdirir: «Əgər köhnə məzənnə ilə 6 milyard manatı büdcəyə köçürmək üçün 5.7 milyard dollar lazım idisə, yeni məzənnə ilə 4.9 milyard dollar lazım olacaq.
 
Amma hökumətin Fondun gəlirlərini neftin 25 dollar qiyməti əsasında tərtib edəcəyi göz önünə gətirilsə, bu o deməkdir ki, Neft Fondunun büdcəsinin yenilənmiş variantında devalvasiyanın təsirləri nəzərə alınmaqla Fondun büdcə gəlirləri maksimum 5.4 milyard manat təşkil edəcək. Bu, yeni məzənnə ilə təxminən 3.5 milyard dollar valyuta gəlirinə bərabərdir».
 
İqtisadçı əlavə edir ki, büdcəyə transfertlərin yeni artımını nəzərə aldıqda, Fondun xərcləri 10 milyard manata yaxınlaşacaq. Bu isə yeni məzənnə ilə 6.3 milyard dollara bərabərdir: «Göründüyü kimi, icmal büdcənin yeni variantında Neft Fondunun kəsirinin azı 2.8 milyard dollara çatdırılması qaçılmazdır. Dekabrda təsdiq olunan büdcə ssenarisinə görə isə Neft Fondunun kəsirini örtmək üçün 1.4 milyard dollar yetərli idi.
 
Beləliklə, 2016-cı ilin dəyişən büdcəsi üçün manatın 50 faizlik devalvasiyası yetərli olmadı. Hökumət Neft Fondunun kəsirini örtmək üçün Fondun xaricdəki aktivlərindən əlavə olaraq 1.4 milyard dollara yaxın - ümumilikdə isə 2.8 milyard dollar civarında vəsait götürməli olacaq. Əgər neftin qiyməti indiki səviyyədə qalsa, bu ilin sonunda Neft Fondunun aktivlərinin 30 milyard dollardan aşağı düşəcəyi qaçılmazdır».
Cia.az