Milli Məclisin (MM) fevralın 23-də keçiriləcək iclasında 2016-cı ilin büdcəsində dəyişiklik ediləcək. Gündəliyə MM-in payız sessiyasında qəbul olunmuş "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Prezident tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi salınıb.
"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb. 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub.
2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256, mln. manat və ya 15,5% çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur.
2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək.
Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 bareli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.
Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 mln. azalması hesabınadır.
İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 mlrd. 610,2 mln. manat artırılaraq 24 mlrd. 566,6 mln. manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək.
Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.
Bu ilin yanvarın 28-də isə maliyyə naziri Samir Şərifov bildirib ki, cari ilin dövlət büdcəsinə yenidən baxılıb, gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb.
Əli Məsimli: "Büdcəyə dəyişikliyi zəruri edən hallar var"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli bildirib ki, büdcəyə dəyişikliyi zəruri edən hallar var.
"2016-cı ilin dövlət büdcəsinin dəyişməsinə ehtiyac neftin qiymətinin kəskin surətdə aşağı düşməsi oldu. Eyni zamanda 2015-ci ilin fevral və dekabr aylarında devalvasiyalar oldu. Ona görə də proqnozlar, o cümlədən bir sıra maddələr nöqteyi-nəzərindən 2016-cı ilin büdcəsində dəyişikliyə ehtiyac yarandı. Əgər neftin qiyməti 2016-cı ilin büdcəsində 50 dollar götürülmüşdüsə, indi bir barel üçün 25 dollar götürülür. 25 dollarla 50 dollar arasında yarıbayarı fərq olduğuna görə, büdcənin proqnozlaşdırılmasına da xeyli təsir göstərir. Məsələn, əvvəlki büdcədə 2016-cı il üçün ÜDM-də təxminən 1.8 faiz artım gözlənilirdi, amma neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə əsaslanan proqnozlar şəraitində 2016-cı ildə 1.8 faiz artım gözləmək mümkün deyil. Bu rəqəm hardasa sıfır və sıfırdan aşağı olacaq. Bundan başqa, inflyasiya üç faizin ətrafında nəzərdə tutulmuşdu, indi 10 faizdən yüksək inflyasiya gözlənilir. Bir sıra digər istiqamətlərdə də dəyişiklik olacaq. Əsas məsələ ondan ibarətdir ki, iki devalvasiya nəticəsində əhalinin güzəranının pisləşməsinin qarşısını almaqdan ötrü tədbirlər həyata keçirilməsi zəruridir. Bu da əməkhaqqı, pensiya və digər müavinətlərin artırılması ilə bağlıdır. Bunu nəzərə alaraq, büdcədə xərclərin artırılması nəzərdə tutulub. Büdcə kəsiri 1.6-1.7 milyard ətrafındadır. Əsas məsələ devalvasiya ilə əlaqədar sosial müdafiə tədbirləri üçün əlavə vəsaitin ayrılmasıdır" - deyə deputat bildirdi.
"Büdcə dəyişikliklərinin əhalinin yaşayış səviyyəsinin artmasına təsirləri olacaqmı" sualına isə Əli Məsimli belə cavab verdi:
"Biz artıq leksikonumuzu dəyişməli, "daha gözəl", "daha da yaxşı" ifadələrini leksikonumuzdan çıxarmalıyıq. İndi pisləşmənin qarşısının alınması istiqamətində tədbirlərdən söhbət getməlidir. Əgər 21 dekabrda 50 faiz devalvasiya olubsa və bir sıra insafsızlar əsas istehlak mallarının qiymətini 70-80 faiz qaldırıbsa, bununla əlaqədar taxıl məhsullarından ƏDV-nin götürülməsi ilə əlaqədar çörəyin qiymətində dəyişiklik olmaması, üstəlik, əməkhaqqı və pensiyaların 10 faiz artırılması yaxşı haldır. Amma bütün bunlar əhalinin itkilərini tam kompensasiya edə bilməyib. Yəni bir çox iş yerləri bağlanıb, yaxud əvvəlki gücü ilə işləmir, işsizlərin sayı artır, xeyli dərəcədə əlavə problemlər var. Ona görə də "güzəranın daha da yaxşılaşdırılması" kimi sözlər leksikonumuzdan çıxmalı və "pisləşmənin qarşısının alınması istiqamətində real nəticəsi olan addımların atılması" ifadəsi ilə əvəzlənməlidir" - deyə Əli Məsimli bildirdi.
Natiq Cəfərli: "Büdcə dəyişiklikləri iqtisadi aktivliyə səbəb olacaq"
İqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol"a açıqlamasında bildirdi ki, büdcəyə nəzərdə tutulan dəyişikliklər müsbətdir. "Dəyişikliklər qəbul olunduqdan, parametrlər tam açıqlandıqdan sonra daha dəqiq fikir söyləmək olar. Çünki indi açıqlanan informasiyalarda yer alan məqamların bəziləri dəyişə bilər. Burada çox vacib məsələlər var. Ən vacib məsələlərdən biri isə yəqin ki, dəyişməyəcək. Bu, neftin bir barelinin qiymətinin 25 dollardan götürülməsi və büdcə parametrlərinin buna uyğun hesablanmasıdır. Bu, əslində çox normal və konservativ yanaşmadır. Çünki neftin bir barelinin qiyməti indi 30 dollar civarındadır. Gələcəkdə qiymətin enməsindən-qalxmasından sığortalanmaq üçün daha aşağı qiymət götürmək vacibdir ki, büdcə parametrlərini reallığa uyğunlaşdırmaq mümkün olsun. Amma sonuncu varianta baxmaq lazımdır ki, büdcədə konkret hansı dəyişikliklər olacaq. Məncə həm xərclər, həm də gəlirlər hissəsində müəyyən düzəlişlərə gediləcək. Xərclər hissəsində təqribən 2 milyard manat artım nəzərdə tutulub. Bunun özü iqtisadi aktivliyin artırılması, çox pis vəziyyətdə olan iqtisadi durumun müəyyən dərəcədə yerindən tərpənməsi, canlanması üçün atılmış bir addımdır. Dəyişikliyi bu düşüncə ilə edirlər. Amma iqtisadi aktivliyin artması, manat kütləsinin artması manata olan basqıları da artıracaq. Yəni inflyasiyanın səviyyəsi yüksələcək və manatın dəyərdən düşməsi prosesi yenidən baş verə bilər. Bunu tənzimləmək çox çətindir və dəngələri həssas addımlarla tutmaq lazımdır ki, büdcə qəbul olunarkən hər iki problemin paralel həllinə nail olunsun. Yəni həm iqtisadi aktivlik artmalıdır, həm də manata olan basqılar minimum səviyyədə saxlanmalıdır. İqtisadi canlanma üçün hökumət bəzi addımları atmağa məcburdur. Çünki iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib, iş yerləri qapanır, insanların gəlirləri azalır" - deyə Natiq Cəfərli bildirdi.
Ekspert qeyd edib ki, büdcədəki dəyişikliklərin insanların sosial vəziyyətinə müsbət təsirləri olsa da, bu, müvəqqəti xarakterli olacaq. "Büdcədəki dəyişikliklərin insanların yaşayış səviyyəsinə birbaşa təsiri xərcləmə hissəsinin 2 milyard artmasıdır. Çünki xərcləmələr artacaqsa, bu müəyyən qədər yeni iş yerlərinin, təmir-tikinti işlərinin artmasına səbəb olacaq. Çünki dünən Fövqəladə Hallar Nazirliyində tikinti ilə bağlı keçirilən müşavirə də onu göstərir ki, hökumətin planlarında iş yerinin yaradılmasının ən bəsit yolu kimi təmir-tikinti işlərinin sürətlənməsi nəzərdə tutulub. Təəssüf ki, son 10 ildə Azərbaycanda bu primitiv model düşünülmüşdü və əsasən bu yolla iş yerlərinin sayının artırılması gedirdi. Görünən odur ki, yenidən bu modelin dirçəlməsinə çalışacaqlar. Bu da bəzi iş yerlərinin yaranmasına səbəb olacaq. Amma bunlar əlavə dəyər yaradan, dayanıqlı iş yerləri deyil. Yəni həmin layihələr bitdikdən sonra yenə də insanların işsiz qalma ehtimalı var" - deyə N.Cəfərli vurğuladı.
Cia.az
