Abort (tibbi abort) düşünülmüş şəkildə hamiləliyin inkişafının dayandırılmasıdır. Mütəxəssislər bildirirlər ki, 40 faizdən artıq qadınlar həyatlarında ən azı bir dəfə abort edirlər. Hər il dünyada 50 milyondan çox abort həyata keçirilir. Ən çox abortu 20-24 yaşında olan qadınlar edirlər. Tibdə həmçinin "öz-özünə baş verən abort" termini də mövcuddur və 20 həftəyədək hamiləliyin inkişafının öz-özünə (həkimlərin iştirakı olmadan) dayandırılması mənasını verir. Abortun keçirilməsinin ən geniş yayılmış səbəbi qadının arzuolunmaz hamiləliyin inkişafını dayandırmaq istəyidir. Ancaq bəzi hallarda abort hamilə qadının həyatının xilas edilməsi və ya uşağın doğuşdan dərhal sonra ya ölümünə və ya onu sağalmaz əlil edəcək ağır inkişaf anomaliyaları olan dölün inkişafını dayandırmaq məqsədi ilə həyata keçirilir.
Bəs ölkəmizdə abortla bağlı rəsmi rəqəmlər nə deyir?
Rəsmi statistikaya görə, Azərbaycanda 2012-ci ildə abortların sayı 31 000, 2013-cü ildə 27 892, 2014-cü ildə isə 27 220 olub. Reproduktiv yaşlı hər 1000 qadına düşən abortların sayı 2012-ci ildə 11,5 , 2013-cü ildə 10,4, 2014-cü ildə hər 1 000 fertil, yəni 15-49 yaşda olan qadına 10,1 abort düşüb. Abortlar daha çox 25-34 yaşlı qadınlar tərəfindən edilib. Ümumilikdə, ötən il 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub. 2013-cü ildə isə ölkədə 5,5 min vaxtından əvvəl uşaq doğulub. Bu cür uşaqların anadan olması, əsasən anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədardır.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Trendə verilən məlumata görə, bu rəqəmlər ölkədəki bütün abortların sayını əks etdirmir: "Çünki qadınlar reseptsiz satılan bəzi dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar bəzi hallarda problemsiz bitsə də, bir çox hallarda güclü qanaxma ilə nəticələnir. Belə hallarda qadınlar tibb müəssisələrinə müraciət etdiyi zaman həkimlər bu abortlardan xəbər tuturlar".
Qanun deyir ki...
Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur. Milli Məclisdə dəfələrlə müzakirəyə çıxarılan və hələ də qəbul olunmayan "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi selektiv abortların aparılmasını qadağan edir. Layihəyə əsasən, dölün 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər. Bu qanun layihəsinin müzakirəsinin təxirə salınması səbəbi isə onun milli mentalitetə uyğun gəlməməsi ilə izah edilir.
Ginekoloq: "Qadınlarla maarifləndirici söhbətlər aparılır"
Ginekoloq Nailə Hüseynova Bizimyol.info-ya açıqlamasında bildirdi ki, dövrümüzün qadınları əvvəlki illərlə müqayisədə indi daha məlumatlıdırlar: "Əvvəllər qadınların abort üçün müraciətləri daha tez-tez olurdu. Hazırda özəl klinikalardan birində çalışdığım üçün müraciət edən xəstələr də seçilmiş olurlar. Onlar nə istədiklərini bilirlər. Çox qadın hamiləlik üçün hazırlaşıb gəlir. Əgər kimsə abort üçün müraciət edirsə, burda sırf tibbi göstəriş olur deyə müraciət edir. İşlədiyim klinikada abortun qiyməti bahadır. Açığı, xəstəxana abort etməmək üçün yüksək qiymət qoyub. Özüm isə həkim olaraq bir nəfəri belə abort etməmişəm. Buna çox pis baxıram".
Həkim deyir ki, qadınların gələcəkdə abort üçün müraciət etməmələrinə görə hər doğumdan sonra onlarla maarifləndirici söhbətlər aparılır: "Mümkün qədər qorunma barəsində bilgiləndirilir. Dəfələrlə olub, qadın abort üçün müraciət edib, mən onu bu fikrindən daşındırmışam. Razı sala bilmədiyim bir hadisə yadımda deyil. Ona görə də hər bir qadının daimi müraciət etdiyi bir həkimi olmalıdır. Həkimlə sıx əlaqədə olduğu zaman qadın istəmədiyi hamiləlikdən uzaq olur".
Adil Qeybulla: "Heç bir administrativ tədbir kriminal abortların qarşısını almaqda yetərli deyil"
Həkim Adil Qeybullanın fikrincə, abortlara hansısa qadağaların qoyulması düzgün deyil: "Bu insanların şəxsi arzusuna bağlı məsələ olmalıdır. Təbii ki, həkim təyinatı da vacibdir. Çünki bəzən abort müalicə məqsədi ilə ananın həyatını xilas etmək üçün aparılır. Arzu olunmayan hamiləlik olduqda təbii ki, həkim tərəfindən izahat işi aparılır. Ancaq təkid olunduqda, ondan azad olunmaq zərurəti ortaya çıxır. Ona icazə verməyəndə abort kriminal xarakter alır. Yəni xəstə kimləsə danışır və bunu həyata keçirir. Ona görə hesab edirəm ki, bu məsələdə sərbəstlik olsa daha yaxşı olar. Təcrübə göstərir ki, heç bir administrativ tədbir kriminal abortların qarşısını almaqda yetərli deyil".
Cinslər arasında qeyri-bərabərsizlik...
Cinslər arasında qeyri-bərabərsizlik xüsusilə 1991-ci ildən bu yana kəskin artıb. Qafqazda abortlara xüsusilə ailədə ikinci, ya da üçüncü uşağın cinsi qız olarkən əl atılır. Məsələn, Ermənistanda əgər ailənin birinci uşağı qızdırsa, ikinci uşaq 61 faiz halda oğlan doğulur. Yaxud birinci uşaq oğlan olarsa, ikinci uşağın qız olmasına çox da mane olmurlar. Yəni bu ölkədə ailə üzvlərinin sayına deyil, kompozisiyasına diqqət yetirirlər. Ucuz qiymətə ultrasəs müayinəsi vasitəsilə dölün cinsiyyətini erkən dövrlərdə müəyyən edirlər. Sovet hakimiyyəti illərində ultrasəs müayinəsi əsasən orduda istifadə olunan nadir tibbi avadanlıqlardan idi, onun Qərbdən idxal olunması da qadağan idi. 1991-ci ildə həmin tibbi avadanlıqların geniş yayılması ilə abortlar da artmağa başlayıb. Amma bu tibbi avadanlıqlar Ukrayna və başqa qonşu ölkələrdə yayılsa da, abortlar daha çox Qafqaz regionunda artıb. Burda siyasi səbəb ola bilər. Çünki hər üç Cənubi Qafqaz ölkəsində dondurulmuş münaqişələr var. Bu münaqişələr ailə planlaşdırılmasında oğlanlara üstünlük verilməsinə səbəb ola bilər. (Azadlıq Radiosu)
Küçəyə atılan embrionlar
Fevralın 15-də Bakının Nəsimi rayonunda, Azadlıq prospektilə Həsən Əliyev küçəsinin kəsişməsində 2 uşaq embrionu tapılıb. Bu barədə 1news.az-a hadisənin şahidi olan həkim xəbər verib. Onun dediyinə görə, embrionlar yolun hərəkət hissəsində zibil qutusunun yanında tapılıb. Şahid bildirib ki, onlar abortdan sonrakı rüşeymlərdir. 10-15 santimetrlik rüşeymlər hamiləliyin təxminən 2-3 aylıq olduğunu göstərir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, Bakı küçələrində tapılmış embrionların hər hansı xəstəxana və ya doğum evi ilə əlaqəsi yoxdur: "Xəstəxanalar indiyə kimi olanları küçəyə atmadı, 2 embriona gücü çatmadı? Xəstəxanaların, doğum evlərinin özlərinin utilizasiya üsulu və krematoriyaları var. Xəstəxana o boyda antisanitariya eləməz və əhalinin də hissləri ilə oynamaz. İkincisi, əgər embrion üçün abort göstərişi verilibsə, o heç yumurtadan böyük olmur. Onu elə böyük formada çıxardıb atmırlar".
Qeyd edək ki, qaydalara əsasən, "B" sinfinə aid tibbi bioloji tullantılar (abort və düşük nəticələri) xüsusi ərazilərdə dəfn olunmalı və ya xəstəxanalardakı mini-krematorilərdə yandırılma yolu ilə məhv olunmalıdır. Küçəyə atılan embrionlar isə kriminal və qeyri-qanuni qaydada həyata keçirilən abortları ağıla gətirdi.
Cia.az
