İçərişəhərdəki Keramika Mərkəzində Azərbaycan İncəsənət Konsulluğunun (“Arts Council Azerbaijan”) və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Beynəlxalq duet: keramika üzrə simpozium” adlı yeni layihənin təqdimatı olub.
Nazirlikdən bildirilib ki, simpozium keramika ustaları – azərbaycanlı Mirteymur Məmmədov və qazaxıstanlı Artyom Qorislavetsin iştirakı ilə keçirilir. Təqdimatda iştirak edən paytaxt sənətsevərləri mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbirin məqsədi keramika sahəsində təcrübə mübadiləsi aparmaq, bu sənəti ölkəmizdə daha da tanıtmaqdır. Layihə 18 gün davam edəcək. Hər iki keramika ustası bu ayın sonuna qədər türk damğaları ilə bağlı 3-4 əsər yaratmalıdır. Fevralın 28-də həmin əsərlərdən ibarət sərgi təşkil olunacaq.
Qeyd edək ki, simpozium Azərbaycan İncəsənət Konsulluğunun sayca ikinci tədbiridir. Duet-simpozimun ilk tədbiri Mirteymur Məmmədovun ötən il Qazaxıstana səfəri zamanı olub.
Məlumat üçün bildirək ki, tanınmış rəssam, keramika ustası və heykəltəraş Mirteymur Məmmədov İçərişəhərdəki yaşayıb-yaratdığı evini Keramika Mərkəzinə çevirib.
Cia.az
