Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq Artisti Əliabbas Qədirovun anadan olmasının 70 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları teatrın foyesində sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan gecədə mərhum aktyorun sənət dostları onun həyat və yaradıcılığından söz açaraq xatirələrini bölüşüblər.
Tədbirdə Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət görkəmli sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatr sənətindəki xidmətlərindən və yaratdığı obrazlardan söz açıb.
Bildirilib ki, Ə.Qədirov 1970-ci il aprelin 6-dan ömrünün sonunadək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib və teatrın bədii rəhbəri və direktoru vəzifəsinədək yüksəlib. O, yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradaraq böyük tamaşaçı rəğbəti qazanıb. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızın parlaq səhifələrini təşkil edir.
Vurğulanıb ki, Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə biri-birindən maraqlı personajlar yaradıb. 1978-ci ildə “Sevinc buxtası” filmindəki roluna görə Dövlət mükafatına layiq görülüb.
Unudulmaz sənətkar 2006-cı ildə Bakıda vəfat edib.
Xatirə gecəsində Əliabbas Qədirovun teatr və kinoda yaratdığı bir-birindən maraqlı obrazlardan fraqmentlər nümayiş olunub.
Cia.az
