Xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə verdiyi müsahibədə Bəşər Əsədin prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantı olduğunu, onun ordusunun da hüquqi institut olduğunu deməsi bir neçə gündür gündəmin qalmaqallı mövzusuna çevrilib. Əksər siyasi partiyalar və politoloqlar nazir müavinini Bəşər Əsədi müdafiə eləyən mövqe ortaya qoymaqda ittiham edirlər. Hakimiyyət və XİN buna görə tənqid edilir.
Fevralın 17-də XİN-dən məsələ ilə bağlı rəsmi mövqe bildirilib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Trend”ə açıqlamasında bildirib ki, Azərbaycan ən əsası bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq, böhranın siyasi həllinin tapılmasının tərəfdarıdır: “Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Londonda ”Suriyaya və regiona dəstək" adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb".
Hüquq müdafiəçisi, beynəlxalq məsələlər üzrə ekspert Əvəz Həsənov isə Araz Əzimovun əslində düzgün və haqlı mövqe ortaya qoyduğunu düşünür: “Araz Əzimov çox təcrübəli, prinsipial və bəzən diplomatlar üçün xüsusi olmayan hərəkətləri-piyada gəzmək, velosiped sürmək, kostyumsuz gəzməyə meyli ilə seçilən diplomatdır. Onun Bəşər Əsəd haqqında dediyi sözləri mahiyyətinə varmadan hamı ”təhlil" edir. Araz Əzimov rəsmi dövlət nümayəndəsi kimi, Suriyada bütün səhvləri və günahlarını nəzərə almadan dövləti təmsil edəcək və onun təhlükəsizliyinin qarantı olacaq insanın prezident olmasına-bunun B.Əsəd olub-olmamasının artıq əhəmiyyəti yoxdur-işarə vurur. Prezidentin ordusu isə qanuni institut kimi Suriya xalqının taleyi ilə bağlı proseslərdə ölkələr tərəfindən qəbul olunmasına ən çox mənəvi haqqı çatır. İndi bir dövlətin rəsmisi başqa bir dövlətin seçilmiş prezidentinin hakimiyyətdə olduğu bir vaxtda ölkədə təhlükəsizliyin qarantının kim olmasını deməlidir? Əsədin əmrində olan Suriya Ərəb Ordusunun, Suriya müxalifətinin ordusunun, Kürdlərin özünü müdafiə dəstələrinin, İŞİD-in, yoxsa “Cabhat al-Nusran”ın?
Suriyanı elə qarışdırıblar ki, orada mövcud olan qruplaşmalar hərəsi bir dövlətin marağının təmin olunmasında alətə çevrilir. Azərbaycan bu qarışıqlıqda olduqca ehtiyatlı olmalı, Suriya xalqına humanitar dəstəyi göstərməyə hazır olmalı, terrorçular istisna olmaqla, maraqlı tərəflərin cəlb olunması ilə Suriya münaqişəsinin həllinə nail olunmasına çalışmalı, eyni zamanda Suriyanın dağılmaqdan qorunmasında dünya birliyinin yanında olmalıdır. Azərbaycan dövlətinin əsas prioritetləri bunlardan irəli gələcəksə, öz neytrallığını qoruması çətin olmayacaq"
Deputat Fazil Mustafa isə A.Əzimovun timsalında XİN-i sərt tənqid etdi: “Azərbaycan Xarici İşlər Nazirliyindən ən yüksək ranqlı bir məmur çıxıb desə ki, mən İŞİD-i dəstəkləyirəm və ya başqa birisi özünü ”Hizbullah" heyranı kimi təqdim etsə, yaxud digəri “mən Putin uğrunda ölümə getməyə hazıram” desə, inanın ki, qətiyyən təəccüblənmərəm. Burası guya ki, Azərbaycanın ən önəmli nazirliyidir, ancaq fəaliyyətinin ən az Azərbaycana dəxli olduğu görünür. Bu qurumun ən təcrübəli və ağıllılarından biri Araz Əzimov sayılır, adam Avstriyada müsahibə verir və sanki Putinin xoşuna gəlmək üçün bölgədə vəziyyəti şərh edir.
Əsədin və onun dəstəkçilərinin haqlılığını, legitimliyini diplomatik dillə ifadə etmək, həm millilikdən, həm də humanizmdən uzaq bir davranışdır. Araz Əzimov çox yaxşı bilir ki, Əsəd ordusu deyilən ciddi bir qüvvə yoxdur, onun saflarında İran xüsusi təyinatlıları-"Hizbullah", Rusiya hərbçiləri və son vaxtlar da kürd döyüşçüləridir. Tam əmin ola bilərsiniz ki, Əsədi dəstəkləyən qüvvələr Dağlıq Qarabağda sabah ermənilərlə müharibəyə başlasaq, eyni tərkibdə ermənilər tərəfdən bizə qarşı vuruşacaqlar".
Politoloq Ərəstun Oruclu isə bildirdi ki, Azərbaycan üçün indiki mərhələdə ən həyati əhəmiyyətli məsələlərdən biri ölkənin Suriya prosesində iştirakı və tutacağı yerdir: “Bəli, nə qədər təəccüblü görünsə də, belədir. Çünki Suriya ətrafında cərəyan edənlər yeni dünya düzəninin formalaşmasına aparan yolun mühüm bir parçasıdır. Bu məsələ ilə bağlı xeyli müddətdir Azərbaycana qapalı və açıq təsirlər fonunda ölkə hakimiyyətinin prosesdən kənarda qalmaq istəyi əslində real siyasət anlayışlarından belə uzaqdır. Bir tərəfdən İlham Əliyevin Londonda keçirilən Suriya ilə bağlı konfransa qatılması, bunun ardınca isə Araz Əzimovun Avstriya qəzetinə müsahibəsində cinayətkar Əsəd hakimiyyəti haqqında Rusiyanın siyasətini dəstəkləyən mövqe ifadə eləməsi bunun bariz sübutudur”.
Cia.az
