|
Yanvarda 1 milyard manat əmanət banklardan çıxarılıb
Azərbaycanda əmanətlərin banklardan çıxarılması ilə bağlı ciddi problem yaşanır. İstər bağlanan banklardan əmanətlərin geri qaytarılması, istərsə də fəaliyyəti davam edən banklardan əmanətlərin çıxarılmasında problemlər  var. 

Bəzi banklar vətəndaşlara əmanətlərini qaytarmaqdan imtina edir. Bağlanan bankların aktivləri və passivlərinin qiymətləndirilib cəmiyyətə məlumatların verilməsi prosesi isə gecikdirilir. 
 
Əmanətlərin Sığortalanması Fondu əmanətlərin bir qismini qaytarsa da, məbləği 30 min manatdan yüksək olan əmanətlərin taleyi məchuldur. Proseslərin bu cür davam etməsi, əhalini kütləvi şəkildə əmanətlərini banklardan çıxarmağa məcbur edib.  
 
Ekspertlər dövlətin bu sahədə ciddi addımlar atmasını vacib hesab edir. Əks halda, bu, həm əmanətçilərin narazılığına, həm də bankların müflis olmasına səbəb ola bilər. 
 
İqtisadçı ekspert  Rəşad Həsənov  da bildirdi ki, bankların ləğv edilməsi prosesində zərərçəkənlərin sayı artır: “Hazırda əsas iş bağlanan banklar ”Gəncəbank" və “Bank of Azerbaijan”  üzərində gedir. Artıq  “Gəncəbank” haqqında qərar var ki, bank ləğvetməyə getsin. Lisenziyası dayandırılıb, lakin ləğvetmə prosesi bugünlərdə başlaya bilər. Bundan əlavə, “Kredobank” ilə bağlı da hüquqi proseslər başlayacaq. Lisenziyası ləğv olunan digər bankların isə hansısa formada birləşmə ehtimalı var. Əgər bu proses baş tutarsa, bu bankların ləğv edilməsi dayandırıla bilər. Əmanətlərin qaytarılmasına gəlincə, hazırda daha çox şikayət “Bank of Azerbaijan”dan gəlir. Mərkəzi Bankın bu bankın lisenziyasını ləğv etməzdən əvvəl və sonrakı dövrlərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən insanların əmanətlərinin qaytarılması prosesi başladı və qısa müddət ərzində ciddi rəqəmlərlə ifadə olunan əmanətlər vətəndaşlara geri qaytarıldı. Ancaq təbii ki, bankların ləğv edilməsi prosesində zərərçəkənlər oldu".
 
Ekspert vurğuladı ki, bankların maliyyə durumu ilə bağlı məlumatlar açıqlanmadığı üçün bu prosesin mənfi nəticələrini sonrakı dövrlərdə görəcəyik: “Hələ ki bağlanan bankların aktivləri və passivləri arasında fərqin nə qədər olması ilə bağlı məlumatlar cəmiyyətə açıqlanmayıb və qiymətləndirmə prosesi də başa çatmayıb. Amma sığortalanan əmanətlərin geri qaytarılması ilə bağlı hər hansı ciddi  narahatlıq müşahidə olunmur. Narahatlıq daha çox sığortalanmayan  əmanətlərin qaytarılması ilə bağlıdır. Banklar bağlanan zaman daşınmaz əmlak da daxil olmaqla, onların bütün aktivləri və passivləri qiymətləndirilir. Bunların reallaşması, kreditlərin yığılması, aktivlərin və daşınmaz əmlakın satılması və banka aid olan sair yığımlar həyata keçirildikdən sonra bankın borclarının qaytarılması prosesi gedir. Bu, uzunmüddətli bir prosesdir və bu səbəbdən də hansı nəticələrin ortaya çıxacağını demək çətindir. Düşünürəm ki, müəyyən narazılıqlar olacaq”. 

Rəşad Həsənovun sözlərinə görə, bağlanan bankların maliyyə vəziyyəti heç də yaxşı deyil: “Bu prosesin hesabatlılığı ilə bağlı da müəyyən problemlər var ki, bu da vəziyyətin düzgün qiymətləndirilməsinə imkan vermir. Son günlərdə də lisenziyası ləğv olunan ”Texnikabank"ın əmanətləri ilə bağlı məsələ də bunu göstərdi ki, son anda 46 milyona yaxın yeni əmanət ortaya çıxmışdı. Yəni banklar zamanında şəffaf məlumat verməyiblərsə, Mərkəzi Bank qarşısında hesabatlılığı yerinə yetirməyiblərsə, təbii ki, bu kimi problemlər ortaya çıxacaq. Bu, daha çox sığortalanmayan əmanətlərə aid olacaq". 
Bank və maliyyə məsələləri üzrə fəaliyyət göstərən hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir sıra banklardan əmanətlərin çıxarılmasında da problemlər yaşanır: “Qanunvericiliyə görə, əmanətin dörddə bir hissəsi əmanətçiyə dərhal,  tələb etdiyi gün, qalan dörddə üç hissəsi isə 5 iş günü ərzində qaytarılmalıdır. Ancaq indi bəzi banklar aylarla əmanəti vətəndaşa qaytarmır. Bu, qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Nə Mərkəzi Bank, nə də digər dövlət orqanları bu  sahədə hər hansı tədbir görmür. Əslində belə bankın lisenziyası əlindən alınmalıdır, ancaq təəssüf ki, alınmır. Bu baxımdan əmanətçilərin ciddi problemləri var. Ona görə də, əhali əmanətlərini banklara qoymur, çalışırlar ki, banklardan çıxartsınlar. Hesab edirəm ki, bu tamamilə əsaslı və düzgün addımdır”. 
 
Hüquqşünasın sözlərinə görə, əgər vətəndaşlar əmanətlərini banklardan çıxara bilmirsə, dövlət də heç bir tədbir görmürsə, əhali banklarda əmanətləri saxlamasa daha yaxşı olar: “Vətəndaşlar məhkəmələrə müraciət edə bilərlər, haqlarını tələb edə bilərlər. Ancaq bu uzun bir prosesdir, illərlə davam edə bilər. O zaman həmin müddətə qədər o bank da bağlana bilər. Ancaq bu heç də o demək deyil ki, məhkəməyə müraciət edilməməlidir. Vətəndaşlar həmin bankları  məhkəmələrə verməli və müflisliyini elan etməyini tələb etməlidirlər, sonra bu məsələni ictimailəşdirməlidirlər. Əgər bizdə normal bank sistemi olsaydı, buna ehtiyac qalmazdı. Çünki belə olan halda həmin banklar bağlanmalı idi. 
 
Əmanətlər yalnız bankların bağlandığı hallar üçün sığortalanır və bank bağlanandan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilir. Ancaq bank bağlanmayıbsa və vətəndaşa əmanətini vermirsə, bu  zaman sığortalanmanın da vətəndaşa xeyri yoxdur. Yəni ona heç kim kompensasiya ödəmir. Bu halda dövlətin  əmanəti sığortalaması sistemi də etibarını itirir və hamı görür ki, bu sistem reallıqda işləmir". 
 
Ekspert əmanətlərin banklardan çıxarılması prosesinin sürətləndiyini, əmanət qoyuluşunun isə azaldığını ifadə etdi: “Yanvarın 1-nə olan məlumata görə, əhalinin banklarda təxminən 9 milyard manata yaxın əmanəti var. Dollar ekvivalentində bu təxminən 6 milyard dollar edir. Əmanətlərin xeyli hissəsi dollarda olduğu üçün dollarla ifadə etmək daha doğru olar. Bir il əvvəlki dövrlə müqayisədə banklarda 4 milyard dollar əmanət azdır. Ötən il əmanətlər 10 milyard dollar həcmində idi. Yəni banklara əmanətlərin qoyulması məhdudlaşıb. Bu, yanvarın 1-nə olan məlumatdır. Fevral ayı ilə bağlı məlumat hələ ki açıqlanmayıb. Ancaq ötən ay külli miqdarda əmanət banklardan geri götürülüb. Bizim hesablamalarımıza görə, yanvar ayında təxminən 1 milyard manat əmanət banklardan çıxarılıb”. 
Cia.az