|
“Bölgədəki qeyri-sabitlik, narahatlıq Moskvanın siyasətindən qaynaqlanır”
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun “Yeni Müsavat”a müsahibə verib. Dəyərli diplomatla səmimi söhbətimiz zamanı prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ziyarəti, Bakı-Ankara münasibətlərinin perspektivləri, Türkiyə və Rusiya arasında yaşanan gərginliklər, Suriya ətrafında baş verənlər və digər məsələlərdən danışdıq.
- Cənab səfir, 18 fevralda Türkiyə prezidenti Azərbaycana gələcək və prezident İlham Əliyevlə Gəncədə görüşəcək və prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər. İndiki həssas dönəmdə bu toplantının keçirilməsi hansı zərurətdən irəli gəldi? Bakı və Ankaranın regionla, baş verən proseslərlə əlaqədar hansısa ortaq projesi var? 
- Bu toplantının zamanının və yerinin müəyyənləşdirilməsinin üçüncü bir ölkə ilə və ya spesifik hər hansı bir mövzu ilə əlaqəsi yoxdur. Bu, Türkiyə və Azərbaycanın ortaq iradəsi ilə, hər il keçirilən bir toplantının 2016-cı ildə gerçəkləşdirilməsidir. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası 5-ci dəfədir toplanır. Bu toplantıda dövlət başçıları ilə bərabər hörmətli nazirlər də bir araya gəlirlər. 
Bir il əvvəl qəbul edilən qərarları incələyirlər, bir il sonra yenidən toplanacaqları zamana qədər aparılacaq çalışmaların yol xəritəsini ortaya qoyurlar. Bu, bizim Azərbaycanla ən yüksək səviyyədə həyata keçirdiyimiz işbirliyi toplantısıdır. Bu toplantıda eyni zamanda hörmətli dövlət başçıları şübhəsiz ki, geopolitik gəlişmələri də dəyərləndirirlər. İki ölkə rəhbərinin görüşündə şübhə yox ki, qlobal iqtisadi gəlişmələri nəzərdən keçirəcəklər, Azərbaycan üzərindən həyata keçirilən enerji layihələrini, ən başda TANAP olmaq şərtilə, müzakirə edəcəklər, müvafiq təlimatlarını verəcəklər. 
Enerji nazirləri, SOCAR rəhbərliyi orda olacaq. Regional məsələlər dəyərləndiriləcək, iki ölkənin xarici işlər nazirləri də orda olacaq. Həm Azərbaycanın və Türkiyənin sabitliyi, rahatlığı və rifahı ilə bağlı durum dəyərləndirmələri yapılacaq, həm də birlikdə bu günə qədər etdikləri kimi, bundan sonra da bölgədə işbirliyini necə davam etdirə biləcəkləri, mövcud təhlükəsizlik problemləri ilə nə cür mücadilə aparacaqları barədə dəyərləndirmələr aparılacaq. Bu, çox geniş, əhatəli müzakirələrdir. 
 
Amma dediyim kimi, bu toplantının təyin olunması və keçirilməsi başqa məsələlərlə əlaqəli deyil. Dediyim kimi, biz Azərbaycanla hər mövzuda işbirliyi içərisindəyik. 
 

“Hər zaman Azərbaycanın xidmətindəyik, şübhəniz olmasın”

 
- Bu kimi təmaslar Azərbaycan və Türkiyəni hərbi müttəfiqliklə bağlı sazişlərin imzalanmasına apara bilərmi? Yoxsa NATO ölkəsi olması Ankaraya problem yaradır?
- Əvvəlcə bunu deməliyəm ki, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın torpaq bütövlüyü və suverenliyinə əsasən, sülh yolu ilə çözülməsində Türkiyə ilk gündən olduğu kimi, Azərbaycanın tam yanındadır. İkincisi də Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonrakı ilk günlərdən etibarən bizim Türkiyə olaraq Azərbaycanla hər sahədə olduğu kimi, müdafiə və hərbi əməkdaşlıqda da çox möhkəm işbirliyimiz oldu. 25 il əvvəli düşünsəniz, görərsiniz ki, hansı imkanlarımız var idisə, Azərbaycanla paylaşmağa hazır olduğumuzu bəyan etdik. Bu gün isə qarşımızda bambaşqa bir Azərbaycan var, maşallah. Bizim üçün artıq sadəcə Türkiyənin göstərə biləcəyi dəstək axtarışında olan Azərbaycan yox, bizim də güc aldığımız, bir çox sahədə işbirliyi həyata keçirərək bizim əlavə dəyər əldə etdiyimiz, enerjidaşıma layihələrində olduğu kimi, birlikdə inkişaf etdirdiyimiz fikirlərlə üçüncü ölkələrə, başqa bölgələrə təsir edə biləcək layihələri birlikdə həyata keçirdiyimiz bir ortağımız-Azərbaycan var. Bu ortaqlıq əlaqəsi artıq çox mükəmməl bir hala gəlib. 
 
Təbii ki, bizim təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət, xarici siyasət, diaspor işi və digər bir sıra sahələrdə həyata keçirdiyimiz işbirliyi kimi, hərbi, müdafiə sahəsində də çox ciddi işbirliyimiz var. Müttəfiqlik ifadəsinə gəldikdə, Türkiyə tərəfdən baxanda, biz bir ittifaqın parçasıyıq, NATO-nun üzvüyük. Azərbaycan hər hansı bir ittifaqın üzvü olmasa da, Türkiyə nümunəsində çox möhkəm əsgəri, müdafiə sənayesi sahələrində bizimlə işbirliyindədir, öz ordusunu NATO standartlarına yüksəltmək axtarışlarındadır. Torpaqlarının iyirmi faizi işğalda olduğu üçün təhlükəsizlik məsələləri ilə bağlı ehtiyacları olan bir ölkədir, ancaq son dönəmlər hərbi qüdrətini, müdafiə sənayesini inkişaf etdirməkdədir. Belə olan təqdirdə bizim Azərbaycana söylədiyimiz budur ki, Türkiyənin nə qədər imkanı varsa, Azərbaycanın bunlardan hansına ehtiyacı varsa, biz hər zaman Azərbaycanın xidmətindəyik, buna azca da olsa, şübhəniz olmasın.  
 
- Cənab səfir, Rusiyanın Bakıdakı səfirliyi ilə qonşusunuz, ayaqla da gedib-gəlmək mümkündür. İndiyə qədər, xüsusilə də təyyarə olayından sonra rus həmkarınız Vladimir Doroxinlə hansısa təmasınız olubmu?
 
- 24 noyabrda təyyarə hadisəsi yaşandıqdan sonra Türkiyə tərəfindən verilən açıqlamalarla hər biriniz tanışsınız. Biz həm bu hadisədən üzgünlüyümüzü ifadə etdik, həm də bu hadisənin yaşanmaması üçün əlimizdən gələn hər şeyi əvvəlcədən etdiyimizi xatırlatdıq. Biz ortaya çıxan bu nəticə üçün məsuliyyət daşımırıq. Amma təəssüf ki, rus tərəf Türkiyənin ilk gündən soyuqqanlı açıqlamalara müsbət qarşılıq vermədi, əksinə, kəskin reaksiyalar verdi və prosesi indiki nöqtələrə gətirib çıxardı. O dönəmdə xarici işlər nazirimizin AGİT zirvəsi çərçivəsində Belqradda keçirilən toplantıda Rusiya xarici işlər naziri Lavrovla görüşü də oldu. Biz orada da rus tərəfinə təyyarənin vurulması ilə bağlı araşdırmanın aparılması üçün komissiya yaradılmasını təklif etdik. Yəni biz ilk gündən hər şeyi soyuqqanlı, rasional, duyğusallıqdan uzaq bir şəkildə Rusiya ilə müzakirə etməyə hazır olduğumuzu dedik. Amma təəssüf ki, bunlara qarşılıq verilmədi. İndi Bakıda mənim və ya rus həmkarımın üzərinə bu mövzuda düşən özəl bir görəv yoxdur, şəxsən mən belə bir təlimat almadığımı deyə bilərəm. Eyni zamanda bizlər peşəkar diplomatlarıq, peşəkar münasibətlərimizi hər zamankı mədəniyyət çərçivəsində bundan sonra da davam etdirəcəyik.
 

“Bu gün qarşımızda bambaşqa bir Azərbaycan var, maşallah”

 
 
- Tədbirlərdə üz-üzə gəldiyiniz oldumu?
 
- Təbii ki, oldu. Biz iki mədəni insanıq. Onun da özünə görə baxışları ola bilər, mənim də. Amma diplomatlar hətta anlaşa bilmədikləri hallarda belə, danışıq kanallarını açıq saxlamaqdır. Biz ikimiz də peşəkar olduğumuz üçün görüş zamanı da təbii ki, hər hansı gərginlik olmadı. Amma bizim bu görüşümüzdən hardasa 2  ay keçib. Mən 3 il yarımdır burada çalışıram, Rusiya səfiri də peşəkar diplomatdır. Bizim aramızda peşəkar münasibətlər olduğu nöqtədən davam edir. 
- Bakı həm Türkiyəyə, həm də Rusiya ilə yaxın münasibətlərdədir. Türkiyə ilə təbii ki, özəl münasibətlər var. Bu mənada Azərbaycanın vasitəçiliyi ilə Ankara və Moskvanın münasibətlərinin normallaşdırılması mümkün görünürmü, yoxsa buna cəhd etməyə dəyməz?
 
- Təbii, Türkiyə üçün Azərbaycan hər mövzuda ən yaxın və ən güvəndiyimiz strateji müttəfiqimizdir, buna azca da şübhə yox. Dolayısı ilə Türkiyə hər  mövzuda Azərbaycana tam güvən hissi içərisindədir. Amma son hadisə ilə əlaqədar olaraq bizim xüsusi vasitəçi istəyimiz, yaxud belə bir ehtiyacımız, tələbimiz yoxdur. Şübhəsiz, Azərbaycan bu coğrafiyada önəmli dövlətlərdən biridir, Türkiyə və Rusiya ilə tarixdən gələn özəl əlaqələri var. Amma bizim spesifik bir tələbimiz yoxdur.    
 
- Türk ordusunun Suriyadakı terrorçuları hədəfə alması, üstəlik, Türk əsgərinin Suriyaya daxil olduğu barədə xəbərlər var. Qarşı tərəfdə Əsəd rejimini müdafiə edən Rusiya ordusu var. Belə bir vəziyyət böyük bir savaşın başlaya biləcəyi barədə narahatlıq yaradır. Bu narahatlıq nə qədər əsaslıdır?
 
- Türk əsgəri Suriyada deyil. Biz elə bir macəraya atılmağa həvəsli deyilik. Lakin təbii ki, təhlükəsizliyimiz üçün zəruri olan hər cür tədbiri görəcəyik. YPG-nin hədəfləri iki gündür vurulur. Türkiyənin bunu niyə etdiyini yaxşı dərk etmək, dayandığımız nöqtənin arxasında olanları addım-addım təhlil etmək lazımdır.  Ümumiyyətlə, savaş ehtimalından danışaraq bölgədəki prosesləri analiz etmək yanlışdır. Bu bölgədə nəinki savaşı, qeyri-sabitliyi, narahatlığı ən son istəyəcək ölkə Türkiyədir. 
 
Türkiyənin son 10-15 ildəki profilinə baxdığımızda görərik ki, iqtisadi potensial etibarilə böyük işlər görüb, turizm imkanlarını artırıb, dünyaya iqtisadi cəhətdən inteqrasiyasını çox önəmli nöqtələrə daşıyıb, iqtisadiyyatını ixracat üzərində qurmağı bacarıb, çox ciddi xarici yatırımları cəlb edə bilib. Üstəlik, Türkiyə bütün qonşuları ilə iqtisadi, sosial, mədəni əlaqələrini inkişaf etdirmək iradəsini ciddi şəkildə ortaya qoyub. Belə bir ölkənin ön son istəyəcəyi şey bölgədə qeyri-sabitlik, narahatlıq, qarşıdurma kimi şeylərdir. Türkiyənin xarici siyasətinin ana xəttini “Yurdda sülh, cahanda sülh” ... təşkil edir. 
 
Bu, bizim üçün vazkeçilməyəcək siyasətdir. Çünki Türkiyə barış, sabitlik və etimad ortamı şəraiti içərisində özünün iqtisadi potensialı, insan potensialı ilə ölkənin rifahını, ətrafındakı xalqlarla birlikdə bölgədəki rifahı inkişaf etdirəcəyinə inanır. Türkiyə bu sahədə iddialıdır və söhbət rəqabətdən gedirsə, bu potensialı ilə qlobal səviyyədə rəqabətə hazırdır. Başqa cür oyunlara, misal üçün “təsir dairələri” yaratmağa və ya geosiyasi tarazlıqları dəyişdirməyə həvəsi və ehtiyacı yoxdur.

- Biz də buna şübhə etmirik. Amma qarşı tərəf təyyarə olayından sonra çox qıcıqlıdır... Həmçinin deyilənlərə görə, Türkiyə Suriyaya əsgər göndərsə, savaş çıxa bilər...
- Ən çox “savaş ola bilər” mesajları Moskvadan gəlir. Nədən? Çünki Moskva öz hərəkətlərini arxa planda tutmaq üçün belə bir təəssürat yaratmağa və qeyri-sabitliyin dərinləşməsinin məsuliyyətini başqalarının, xüsusilə də bizim üstümüzə atmağa çalışır. Sizin sualınızda da bu mənanı, bəhs etdiyim təəssürat yaratmaq təşəbbüsünün öz bəhrəsini verdiyini sezdim ki, “türk əsgəri gələrsə, savaş ola bilər” dediniz. Üç addım geri gedək. Rusiya “terrorçuları bombalayıram” deyərək mülayim müxalifəti yox etməyə başladı. Hətta ən sonunda uşaqların və mülki şəxslərin də ölümünə səbəb oldu. Bunu söyləyən və şikayət edən sadəcə Türkiyə deyil. Yəni Suriyadakı bütün problemlərin əsasını təşkil edən Əsəd rejiminin maraqlarına görə hərəkət edən Rusiyadır. Bölgədəki qeyri-sabitlik, narahatlıq əsasən Moskvanın siyasətindən qaynaqlanır. 
Daha da geri gedək, coğrafiyamızda son dönəmlərdə yaşananlara baxaq. Krımın işğal edildiyini unutmayaq, Ukraynadakı vəziyyətə baxaq. Daha əvvələ gedək, Moldovaya, Gürcüstana baxaq, Dağlıq Qarabağ məsələsini xatırlayaq. Coğrafiyamızdakı hadisələrə bütöv halda baxdığımızda “aman, dünyada bir savaş ola bilər” deyən və bu mesajı yaymaqda maraqlı olan Moskvanın əslində bizim bölgəmizdəki bütün narahatlığın arxasında yer aldığını görərsiniz.

- Xatırlayırsınızsa, Amerika lideri Obama Antalyadakı G-20 zirvəsində Əsəd rejiminə qarşı mübarizədə kürdləri də silahlandıracağını açıq mətnlə bəyan etmişdi. Bu gün Suriyadakı kürd terrorçular Türkiyəni də təhdid edir. Bu, o demək deyilmi ki, əslində Amerika və Rusiya bu məsələdə eyni mövqeni paylaşır? 
 

“Bu, bizim Azərbaycanla ən yüksək səviyyədə həyata keçirdiyimiz işbirliyi toplantısıdır”

 
- “Kürdlər” dediniz. Türkiyənin kürdlərlə bir problemi yoxdur. Ancaq Türkiyənin mövqeyi yanlış olaraq dünyaya fərqli formada çatdırılır. Türkiyənin kürdlərlə dərdi yoxdur. Türkiyənin öz daxilində apardığı mücadilə də PKK terroru ilə mücadilədir. Suriyada isə PKK ilə iç-içə olması şübhə doğurmayan və məsələni araşdıran hər kəsin bildiyi orqanik bağlılığı olan bir təşkilat, PYD-nin silahlı qanadı var - YPG. Bu təşkilat Suriyadakı kürdləri təmsil etmir. Amma terror təşkilatı olaraq əlində imkanları olan, Əsəd rejimi ilə birlikdə hərəkət edən, sağlam müxalifətə qarşı duran, amma eyni zamanda İŞİD/DAEŞ-lə mübarizə aparan bir gücdür. 
 
Bu terror təşkilatı DAEŞ-lə mübarizə apardıqda ola bilsin Qərb tərəfindən məqbul sayılır, Əsəd rejimi ilə birgə hərəkət edəndə isə Rusiya üçün məqbul hala gəlir. Amma bu, bir şeyi dəyişdirməz: o da bunun bir terror təşkilatı olması reallığını. Bir terror təşkilatı bizim sevmədiyimiz başqa bir təşkilatla - burada DAEŞ nümunəsini xatırladım - mücadilə edir deyə, bizim gözləntimiz qərbli dostlarımız, müttəfiqimiz Amerikanın bu təşkilatı terror təşkilatlarından ayrı görməmələridir. Həssaslıq burdan qaynaqlanır. (Yeni Musavat)
Cia.az