|
“Toska” operası üç ölkənin vokalçılarının ifasında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı xaricdən tanınmış opera və balet sənəti ulduzlarının dəvəti ilə, onların bizim sənətçilərlə birgə çıxışlarının təşkili istiqamətində uğurlu qastrol fəaliyyətini davam etdirir. Teatrın növbəti qonaqları qardaş Türkiyənin “qızıl səsli sopranosu” adlanan Deniz Yetim və Belarusun əməkdar artisti Vladimir Qromov olacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tanınmış sənət adamları fevralın 27-də C.Puççininin “Toska” operasının tamaşasında iştirak etmək üçün ölkəmizə dəvət olunublar. “Toska” operasının tamaşasında xarici sənətçilərlə yanaşı, Opera və Balet Teatrının istedadlı solistləri – əməkdar artistlər Fərid Əliyev, Əkrəm Poladov, Cahangir Qurbanov və Xalq Artisti Əli Əsgərov çıxış edəcəklər. Tamaşanın dirijoru Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdir.

D.Yetim İstanbul Opera və Balet Teatrının aparıcı solistidir. Bir sıra beynəlxalq müsabiqələrin qalibi, Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatının sahibidir. Dünyanın bir çox ölkələrində mötəbər teatr və konsert səhnələrində çıxış edən D.Yetim 2014 və 2015-ci illərdə Opera və Balet Teatrının səhnəsindəki parlaq çıxışları ilə bakılı tamaşaçıların yadında qalıb.

Cia.az