|
Ufada “Salamlaşma” kinoforumu Azərbaycan əsilli Rusiya rejissorunun filminin nümayişi ilə başlayıb

Rejissor Rodion İsmayılov özünün ən məşhur “Mənim qohumlarım” filmini Ufada tamaşaçıların mühakiməsinə təqdim edib.

Başkordostanın (Rusiya) paytaxtında açılan kinoforum Nikolay Kiselyovun xatirəsinə həsr olunub. O, 74 il əvvəl Belarus torpağında almanlar tərəfindən mühasirəyə alınan kənddən 218 yəhudini çıxararaq onları xilas edib. İsrail dövləti bu rəşadətinə görə Nikolay Kiselyovu “Dünya xalqlarının xeyirxahı” adına layiq görüb. Nikolay Kiselyova həsr olunmuş ilk kinoforum 2013-cü ildə Moskvada keçirilib. Təşkilatçıların fikrincə, tədbirin əsas qayəsi millətlərarası münasibətlərin dəyərli olmasını qabartmaqdır. Onlar əmindirlər ki, Rusiya kimi çoxmillətli bir dövlətin tolerant olması, bütün xalqlara, onların mədəniyyətinə və adət-ənənələrinə ehtiramla yanaşması onun üçün həyati əhəmiyyət daşıyır.

Nikolay Kiselyovun vətəni Ufada üç gün ərzində kinobaxışlar, film yaradıcıları ilə görüşlər, tamaşaçılar arasında diskussiyalar keçiriləcək. Festival Yaroslavl, Kazan, Rostov Don, Moskva və Simferopolda davam edəcək. Bu il qonaqlar sənədli və bədii kino janrında 16 filmə tamaşa edəcəklər. Mövzu son dərəcə aktualdır: bugünkü reallıq çərçivəsində konfessiyalararası və millətlərarası münasibətlər. Azərbaycan əsilli Rusiya rejissoru Rodion İsmayılovun “Mənim qohumlarım” filmi də bu mövzuya həsr olunub. Otuzdan çox beynəlxalq və Rusiya kinofestivallarının laureatı olan bu film ən yaxşı tammetrajlı sənədli filmə görə mükafatlara layiq görülüb, habelə Vyana kinofestivalında münsiflər heyəti tərəfindən xüsusi qeyd edilib.

“Mənim qohumlarım” sənədli filmində atası azərbaycanlı, anası rus olan 10 yaşlı Lolitanın nənə-babası ilə tanış olmaq üçün ilk dəfə atasının vətəninə getməsindən danışılır. Tamaşaçılar bir məsələdə yekdildirlər: Rodion İsmayılov insanı riqqətə gətirən son dərəcə lirik bir film ərsəyə gətirib. Filmin ssenaristi və prodüseri Nikolay Zatsepinin fikrincə, bu film təkcə Rusiya və Azərbaycan barəsində deyil, həm də R.İsmayılovun özü, eləcə də hər bir tamaşaçı barəsindədir.

Müəllifin özü üçün bu film bir növ antropoloji tədqiqat olub. Rodion İsmayılov deyir: “Bir vaxtlar kim olduğumu başa düşmək məqamını əldən vermişəm. Mən kimliyimi qızımın köməyi ilə tanıdım”. Rejissor bildirib ki, uşağın məxsus olduğu, amma tanımadığı bir mədəniyyətlə necə tanış olduğunu göstərmək onun üçün maraqlı olub. O deyib: “Bu, həm də özünütəhlil və dialoq prosesi idi. Qızım atasının kim olduğunu daha yaxşı başa düşməyə başladı. Mən onu Azərbaycana gətirdim, adət-ənənələrimizlə, mədəniyyətimizlə, ailəmizlə tanış etdim”. R.İsmayılov əmindir ki, insan başqa birisinin əsli-nəcabətini biləndə onu daha yaxşı başa düşür. “Mənim qohumlarım” filminin əsas ideyası da elə buradan qaynaqlanır.

Bu filmin böyük tamaşaçı auditoriyası toplayacağına əmin olan Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya deyib: “Mənim qohumlarım” filmi cəmiyyətə qonşu xalqların öz aralarında necə güclü tellərlə bağlı olduğunu xatırladır. İnsanlar arasında ünsiyyətin bir sınanılmış üsulu var: bir-birini dinləmək və hörmət etmək, özgə mədəniyyəti qəbul etmək”.

Xalqlar dostluğunu və onların qarşılıqlı anlaşmasını bir daha tamaşaçılara xatırlatmaq məqsədi daşıyan belə kinoforumların keçirilməsini çox əhəmiyyətli sayan Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Başqırd Şindler” sayıla bilən Nikolay Yakovleviç Kiselyovun rəşadəti təkcə yüksək humanizm nümunəsi deyil, həm də Böyük Vətən müharibəsi illərində çoxmillətli sovet xalqının rəşadətinin göstəricisidir. O illərdə başqırdlar litvalıları əsirlikdən azad edir, azərbaycanlılar Volqada son nəfəsinədək döyüşür, ruslar öz həyatları bahasına Qafqazı müdafiə edirdilər. “Salamlaşma” kinoforumunun təşkilatçıları belə bir həqiqəti bizə xatırlatmağın ən yaxşı üsulunu tapıblar: biz bir ölkə olmasaq da, hər halda vahid ailə olaraq qalmışıq, ümumi yaddaşımız, qan qohumluğumuz, mənəvi doğmalığımız var. Rusiya və Azərbaycan münasibətləri bunu sübut edir”.

Cia.az