|
Üzün əməliyyatsız dartılması: thread lifting nədir?

Üzün saplarla dartılması müasir dünya kosmetologiyasının ən aktual prosedurlarından biridir.

Məhz buna görə də ötən günlərdə Parisdə keçirilən IMCAS (İnternational Master Class Antiaging Science) - Yaşlanma Elmi üzrə Beynəlxalq master klassda müzakirə edilən əsas mövzulardan biri olub. Beynəlxalq Monako konqresindən sonra ikinci ən böyük kosmetologiya tədbiri hesab edilən IMCAS-da həkim-kosmetoloq Günay Mikayılova da iştirak edib. O, modern və aktual prosedurlar sırasında ilk yerlərdən birində olan üzün saplarla dartılması haqqında danışıb.

Həkim bildirir ki, üzün saplarla dartılması kosmetologiyada thread lifting adlanır. Prosedur üz dərisinin sallanması mərhələsində həyata keçirilir: “Əgər kosmetologiyanı piramida kimi təsvir etsək, onun əsasında ev qulluğu, sonra isə bir-birinin ardınca salon - kabinet qulluğu, mezoterapiya, biorevitalizassiya, kontur plastikası, botoks və ən yuxarı qatda threadlifting dayanır. Thread lifting kosmetologiyanın son mərhələsidir. Sonrakı mərhələ isə artıq plastik cərrahların işidir”.

Üzün saplarla dartılması cərrahi-kosmetoloji saplar vasitəsilə həyata keçirilir. Saplar iki yerə bölünür - mono saplar, çıxıntılı saplar: “Monosaplarla kim nə və hansı effekti əldə etmək istəyir hələ də bilmirəm. Mono saplar yalnız kommersiya xarakteri daşıyır. Mono sapların verdiyi effekti biorevitalizassiya, kontur plastikası, mezoterapiya və digər dəriyə qulluq prosedurları vasitəsilə əldə edə bilərik. Bunun üçün dəriyə sap qoymağın mənası yoxdur. Mono saplardan liftinq effektini gözləmək sadəlövhlük olardı. Çıxıntılı saplarla isə üz sanki hörümçək torunu xatırladırmış kimi toxunur. Nəticədə dərinin tonusu artır və dəridəki boşluq aradan qaldırılır. Sallaqlığın aradan qaldırılması ilə nəticələnən bütün prosedurlara liftinq deyilir, yəni üzün dartılması. Bunun üçün mütləq dayaq nöqtələrindən istifadə edilməlidir. Çıxıntılı saplar dayaq nöqtələrinə dayanaraq dəri, dərialtı piy və əzələlərin dartılmasına gətirib çıxarır”.

Üzün dartılması üçün istifadə edilən saplar arasında sovrulan və sovrulmayanlar var. Sovrulan saplar süd turşusu və polivinildən hazırlanır. Sintetik tikiş materialıdır: “Sovrulduqdan sonra yerində əmələ gələn kollagen lifləri həmin bu sapın yolu ilə getdiyinə görə sanki süni saplar yerini təbii saplara verir. Həmin karkas və liftinq effekti saxlanılır. Sapların uzunluğu 50-60 sm-dir. Bu saplarla düzgün texnologiya ilə işləyərək üzün cərrahiyyəsiz liftinqini əldə etmək olar. Saplar dayaq nöqtələri ətrafında işlənilir”.

G. Mikayılova üzün saplarla dartılması prosedurunun dərialtı qatda, yəni dərinin piy qatında aparıldığını deyir: “Sapların dərinin əzələ qatına daxil olduğu texnologiyası da var. Lakin bu, artıq cərrahi yoldur və kosmetoloji prosedur hesab edilmir. Kosmetoloqlar sadəcə dəri və dərialtında işləyə bilərlər. Bu saplar dərinin gipodermasında qalır. Üzün saplarla dartılması 35-60 yaş arasındakı mərhələdə həyata keçirilə bilər. Deyə bilərsiniz ki, 35 yaş tezdir. Düzdür, tez ola bilər, lakin insanlar individualdır. İnsanda artıq dərinin sallanması başlayıbsa, bunu ya cərrahiyyə əməliyyatı, ya da saplarla aradan qaldırmaq olar. 35 yaşında insana cərrahi əməliyyatı məsləhət görmək gülüncdür, nəinki saplarla üzünü dartmaq”.

Üzün saplarla dartılması proseduru tam ağrısızdır və mütləq steril şəraitdə aparılmalıdır. Sapın qoyulma müddəti sayından asılı olaraq (2-4-6 sap kifayət edə bilər) 40 dəqiqədən 2 saata qədər davam edə bilər: “Sapı üzün istənilən hissəsinə qoymaq olar. Alın nahiyəsinə qaş qaldırmaq üçün qoyulur, əsas istifadə olunma nahiyyələri yanaqlardır, yanaqları kiçikcik böyütmək üçündür və üzün aşağı 3/1 hissəsidir. Çünki sallaqqlıq əsas üzün 3/1 hissəsində özünü göstərir. Saplar ikinci buxağı aradan götürmək üçün boğaza da qoyulur. Prosedurun effekti 2 aya görünür. Çünki kollagen lifləri sintez olunmalıdır, prosedur zamanı əmələ gələn ödem aradan qalxmalıdır. Çünki saplarla üzün dartılması cərrahi əməliyyat olmasa da, ona yaxın bir prosedurdur və təbii olaraq reabilitasiya dövrü tələb edir”.

Həkim prosedurun 2-3 ilə qədər effektli olduğunu qeyd edir. Bununla yanaşı, pasientin arzusu ilə üzün dartılması proseduru sovrulmayan saplarla da həyata keçirilə bilər. Bunu isə mütləq cərrahlar həyata keçirməlidir. Lakin ildə bir dəfə və ya iki ildən bir ptoz, yəni sallanmanın başlamasından asılı olaraq sapları dartmaq lazımdır: “Onu da deyim ki, 10-15 il əvvəl tərkibində qızıl olan saplar – “qızıl saplar” estetikanın həyatına daxil oldu. Lakin özünü doğrultmadı. Bu, sadəcə reklam tryukudur. Heç bir sapın tərkibində qızıl yoxdur”.

Cia.az