Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun başçılığı ilə Bakının bütün tikinti şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
Görüş ölkə başçısının tikinti sektorunda canlanma yaradılması, korrupsiya və rüşvət hallarının tam aradan qaldırılması ilə bağlı kəskin xəbərdarlıqlarından sonra reallaşıb.
Nazir bildirib ki, gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. İş adamlarının problemləri İctimai Şurada müzakirə olunacaq, onların aradan qaldırılması üçün tədbirlər görüləcək.
K.Heydərov Bakıda tikilən bəzi binalara ekspertiza rəyi verilməməsi məsələsinə də toxunub: “Yəni, belə olan halda həmin binalara qaz və digər kommunal xidmətlər göstərilməyəndə sakinlər narazılıq edir. Bu problemlər də aradan qaldırılmalıdır. Yəqin ki, bundan sonra asanlaşdırılmış iş rejimində bu problemlər olmayacaq”.
K.Heydərov qeyd edib ki, böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir: “Bu həm sahibkarlar üçün, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir". K.Heydərov onu da vurğulayıb ki, Azərbaycanda tikinti sahəsi xeyli inkişaf edib, böyük işlər görülür: “Hər kəs şahidi olub ki, tikinti sahəsində olan süni maneələr aradan qaldırılıb. Bundan sonra da belə olacaq. Bu, Azərbaycan Prezidentinin tapşırığıdır”.
K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə tövsiyələr də verib. Bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər: “Yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın”.
K. Heydərov yeni Tikinti və Şəhərsalma Məcəlləsi barədə də danışıb. Bildirib ki, məcəllə aparılan hüquqi islahatların tərkib hissəsi kimi hazırlanıb: “Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək”.
Nazir xüsusi vurğulayıb ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.
Cia.az
