|
Elxan Şahinoğlu: "Araz Əzimov danışmasaydı daha yaxşı olardı..."

"Araz Əzimov illərin diplomatıdır, Azərbaycan müstəqil olandan XİN-də çalışır, Dağlıq Qarabağ danışıqlarında ölkəni və prezidenti təmsil edir və belə bir mühüm pozisiyaya malik adam deyir ki, Bəşər Əsəd prezident kimi hazırda Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır və onun ordusu hüquqi institutdur (?!).

Əvvəl deyirdim və yazırdım ki, başda xarici işlər naziri Elmar Məmmədyarov olmaqla diplomatlarımızın yerli və xarici mətbuatla sıx əlaqədə olması vacibdir. Ancaq indi görürəm ki, elə müsahibə verməsələr yaxşıdır".

Bunu tanınmış politoloq Elxan Şahinoğlu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə verdiyi müsahibəni şərh edərkən deyib.

"Araz Əzimovun Əsədlə bağlı fikirləri Rusiya və İran rəsmilərinin fikirləri ilə tamamən üst-üstə düşür. Məgər biz Suriya məsələsində Moskva və Tehranın mövqeyini müdafiə edirik? Araz Əzimovdan heç kim tələb etmir ki, Qərb və Türkiyə liderləri kimi desin ki, Əsəd getməlidir. Bu bizim dərdimiz deyil, heç prezident İlham Əliyev Əsədi dəstəkləyən açıqlamalar vermir, Suriyadakı vəziyyətlə bağlı ümumi ifadələr işlədir, çünki bilir ki, Əsədin günahları terrorçuların günahlarından az deyil. Görəsən illərin diplomatı Araz Əzimov Əsədin adını çəkmədən Suriyadakı durumla bağlı ümumi ifadələr tapa bilməzdi?

Məncə, Araz Əzimovun müsahibəsindəki fikirlərə ya o özü, ya da XİN aydınlıq gətirməlidir. Əks halda Qərbdə və Türkiyədə Azərbaycanı İran və Rusiya ilə yanaşı Əsəd dəstəkçiləri siyahısına aid edəcəklər", - deyə politoloq vurğulayıb.

Cia.az