|
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı - növbəti devalvasiyaya qarşı addım?!
Mərkəzi Bankın İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faiz, yuxarı həddini isə 10 faiz  səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib. Bankdan verilən məlumata görə, bu addım milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün atılıb. Hazırda uçot dərəcəsi 3 faizdir.
Ekspert Samir Əliyev məsələ ilə bağlı bildirib ki, Mərkəzi Bankın bu qərarı bir qədər gecikib: “Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan Mərkəzi Bankın uçot dərəcəsini 3 faizdən 5 faizə qaldırması gözlənilən idi. Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib. Çünki MB siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. Mərkəzi Bankın bu addımı inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. 
Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün Mərkəzi Bank yaxın dövrlərdə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.
Ekspert Əkram Həsənov isə qeyd edib ki, uçot dərəcəsinin yaxında yenə də artması gözlənilir: “Ona görə uçot dərəcəsi artırılıb ki, dövriyyədə manat qıtlığı var. Elə məhz buna görə də manatın məzənnəsi bir qədər artıb. Hamı əlində olan manatı dollara çevirib. İqtisadiyyatımız iflic vəziyyətə doğru gedir. Bu qıtlığı banklara manat kreditləri verməklə aradan qaldırmaq olar. Lakin Mərkəzi Bank vermir. Qorxur ki, verdiyi manatı da dollara çevirməyə başlayacaqlar və olan qalan valyuta ehtiyatları da əlindən çıxacaq. Manatın məzənnəsinin cüzi möhkəmlənməsi heç nə demək deyil. Ölkənin valyuta gəlirləri azalan xətlə gedirsə, milli valyutanın möhkəmlənməsi mümkünsüzdür. Buna görə də uçot dərəcəsini qaldırır ki, manat kreditləri bahalaşsın və manatı dollara dəyişmək istəyi azalsın. Lakin təbii, bu məqsəd üçün 5 faiz də çox aşağı dərəcədir. Əlbəttə, əgər banklar Mərkəzi Bankdan krediti həqiqətən 5 faizlə götürəcəksə, yəni ”şapka" söhbəti olmayacaqsa, bu, aşağı rəqəmdir. Buna görə də uçot dərəcəsinin yaxında yenə də artması gözləniləndir".
 
Ekspert Natiq Cəfərli isə “qafqazinfo”ya açıqlamasında qeyd edib ki, uçot dərəcəsinin artması kredit faizlərinin artmasına səbəb olacaq: “Dünənə qədər bu dərəcə 3,25 faiz idi, indi 5 faizə qədər qaldırılıbsa, bu o deməkdir ki, kreditlərin faizləri də artacaq. Mərkəzi Bank necə olur ki, bunu manata olan inamın bərpası kimi təqdim edir, bunu başa düşmək mümkün deyil. Əgər uçot dərəcəsi aşağı salınsaydı, o zaman bu doğru olardı. Eyni zamanda kredit dərəcələrinin artması inflyasiyanın artmasına, kreditlərin daha da bahalaşmasına səbəb olacaq. Bundan əlavə, uçot dərəcəsinin artması banklarda olan problemi bir az da dərinləşdirəcək. Mərkəzi Bank banklara kömək etməkdənsə, uçot dərəcəsini artırır... Banklar bundan sonra daha çətinliklə manata çıxış əldə edəcəklər. Onsuz da kreditlərin verilməsi dayandırılıb. Dükanlar bağlanır, ticarət dövriyyəsi azalır. İndi Mərkəzi Bank tərəfindən sıx monetar siyasət aparılacaqsa, daha böyük problemlər olacaq”.
Millət vəkili Vahid Əhmədov isə uçot dərəcəsinin 5 faizə qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən verilən qərarı devalvasiyaya qarşı addım adlandırıb: “Hazırda Mərkəzi Bankın qarşısında duran ən ciddi məsələ manatın məzənnəsini qoruyub saxlamaqdan ibarətdir ki, milli valyuta növbəti devalvasiyaya uğramasın. Bunun üçün də Mərkəzi Bank tərəfindən müəyyən addımlar atılır”. Onun sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsini qaldırmaqla manatın məzənnəsini müəyyən müddətə qoruyub saxlamaq istəyir: “İnsanların banklara olan inamını qaytarmaq lazımdır. Eyni zamanda əmanətlərini banklara qoymaq üçün şərait lazımdır. Kredit faizlərinin artması əmanətlərin də faizlərinə təsir göstərəcək. Hesab edirəm ki, bu müvəqqəti addımdır. Çünki manatın dəyəri birbaşa neftdən asılıdır. Yəni ümumi iqtisadi vəziyyətdən asılı olaraq bu addım atılıb”. Millət vəkili qeyd edib ki, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin artması isə bankın aktiv və passivləri, kredit portfeli, nağd və nağdsız hesablaşmalarla əlaqədardır: “Faiz dəhlizinin artırılması müəyyən qədər kredit portfelinə də təsir edəcək. İnanmıram ki, bu qərarlar bankların manata olan çıxışını məhdudlaşsın. Əsas odur ki, müəyyən qədər əmanətlərin faizində artım olacaq. Bu da əmanətləri banka qoymaq üçün şərait yaradacaq. İkinci devalvasiyadan sonra banklarla bağlı problemlər meydana çıxıb. Bu inamı qaytarmaqdan ötrü Mərkəzi Bank müəyyən addımlar atır. Bununla yanaşı, Milli Məclis ”Əmanətlərin tam sığortalanması haqqında" Qanun qəbul edib. Düzdür, qanun hələ ölkə başçısı tərəfindən imzalanmayıb. Yəqin gözləyirlər ki, banklarda birləşmə prosesi qurtarsın. Bundan sonra qanun imzalanacaq".
Qeyd edək ki, uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi)- Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Yəni Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.
Cia.az