ABŞ Dövlət Departamenti Azərbaycan torpaqlarının işğalı ilə bağlı AŞ PA qətnaməsinin qəbul edilməməsində dövlət katibinin köməkçisi Viktoriya Nulandın rolu barədə “Turan” agentliyi və “Amerikanın səsi” radiosunun birgə sorğusuna aydın cavab verməyib. Suala diplomatik dildə cavab verilib: “Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağla bağlı məsələləri istənilən regional və beynəlxalq təşkilat qarşısında, o cümlədən AŞ PA-da qaldırmaq kimi suveren hüququna hörmətlə yanaşır”.
Dövlət Departamentindən Minsk Qrupunun tərəflərin qəbul etdiyi danışıq formatı olduğunu vurğulanıb: “Biz ümid edirik ki, tərəflər sülh yolu ilə həll prosesində həmsədrlərlə sıx işləmək işinə tam sadiq qalacaqlar”.
Xatırladaq ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞ PA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb.
Layihə qəbul olunmayıb.
Sözügedən sənədin AŞ PA-da qəbul edilməməsində ABŞ Dövlət Departamenti və dövlət katibinin müavini Viktoriya Nulandın əlinin olduğu barədə informasiya yayılması Azərbaycan hakimiyyətinin təmsilçiləri və iqtidar mediasının son iki həftə ərzində anti-ABŞ mövqeyinə keçməsinə səbəb olmuşdu.
Ötən həftə “Yeni Müsavat”a açıqlamasında siyasi analitik Elxan Şahinoğlu isə bildirmişdi ki, AŞ PA-da Azərbaycanın xeyrinə olan qətnamənin qəbul edilməsinə Nulandın imkan vermədiyi barədə ermənilər dezinformasiya yayıb. Belə ki, bir ermənipərəst amerikalı konqresmen Ermənistanın hansısa saytına müsahibəsində deyib ki, sən demə, AŞ PA-da Azərbaycanla bağlı qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olub: “Məqsədli şəkildə səslənmiş bu dezinformasiyanı ermənilər geniş şəkildə yaydılar. Çox təəssüf ki, həmin dezinformasiya da Azərbaycanda baş xəbərə çevrildi, hakimiyyətə yaxın bir sıra şəxslər də bu dezinformasiyanı həqiqət zənn edərək, ABŞ əleyhinə fikirlər bildirməyə başladılar. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verdi ki, Nuland məsələsini araşdıracaqlar. Amma Nulandla bağlı araşdırma aparmağa ehtiyac yoxdur.
Araşdırılmalı bir şey varsa, bu da Azərbaycan diplomatiyasının fəaliyyətidir. Araşdırsınlar ki, niyə Azərbaycanın Avropa ölkələrindəki səfirləri bu qədər passiv oldu ki, AŞ PA-da qətnamə keçmədi. İzah edilməlidir ki, necə oldu ki, Azərbaycanla bağlı qətnamənin qəbuluna cəmi 4 səs çatmadı? Axı bunun günahını Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə yükləmək düzgün deyil. XİN və bizim xaricdəki səfirlərimiz Avropadakı deputatların nə qədəri ilə izahat işi aparıblar, nə qədərini Azərbaycanın mövqeyinə yaxınlaşdırıblar? Məndə olan məlumata görə, cəmi bir qrup avropalı deputata məktub göndərilib, onların da mütləq əksəriyyəti qətnamənin əleyhinə səs veriblər. Ona görə də Nulandı günahlandırmaq, ABŞ-a qarşı açıqlamalar vermək deyil, XİN-dən hesabat tələb etmək lazımdır".
Ekspertin sözlərinə görə, ermənilərin məlum dezinformasiyanı yaymasında məqsəd böyük ehtimalla Azərbaycanla ABŞ arasında münasibətləri pozmaqdır: “ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi martın sonunda ABŞ-a Nüvə Təhlükəsizliyi Konfransına dəvət edib. Ermənilər o dezinformasiyanı yaymaqla bu səfər ərəfəsində ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirməyi hesablayıblar.
Azərbaycan cəmiyyəti, xüsusilə hakimiyyət təmsilçiləri bunu nəzərə almalıdırlar və dezinformasiyanın təsiri altına düşüb ABŞ-la münasibətlərə gərginlik gətirə biləcək mövqe sərgiləməməlidir”.
ABŞ Dövlət Departamentindən dünən verilən açıqlama onu deməyə əsas verir ki, ABŞ Dövlət Departamenti Azərbaycanın narazılığının fərqindədir və diplomatik dildə Azərbaycanı müdafiə etdiklərini ifadə eləyir.
Cia.az
