Fevralın 14-də Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında cəmləşmiş kürd silahlılarına ikinci dəfə artilleriya zərbələri endirib. Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriya ərazisinə quru qoşunlarının daxil ola biləcəyi anonsunu verib. Rusiya isə Bəşər Əsəd rejimini Türkiyəyə qarşı yönləndirməklə bərabər, özü də hədələyici bəyanatlar verməkdədir.
Bu arada Səudiyyə Ərəbistanının hərbi təyyarələri və əsgərlərinin yaxın günlərdə “İncirlik” bazasına gələcəyi xəbəri yayılıb. Ərəb Əmirlikləri də hərbi kontingent göndərməyə hazır olduğunu bildirib. Ekspertlərə görə, Amerika yaşıl işıq yandırarsa, Rusiyanın bu koalisiyanı əngəlləmək şansı yoxdur. ABŞ dövlət katibi Con Kerrinin Bəşər Əsədi quru əməliyyatı ilə hədələməsi isə Vaşinqtonun öz müttəfiqlərinin hərəkətə keçməsinə razılıq verə biləcəyini göstərir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Türkiyə ordusunun Suriya ərazilərinə artilleriya zərbələri endirməsi bölgədə yeni mərhələnin başlanğıcı ola bilər: “Rusiya Krımı işğal etməklə bir dəfə dünya düzənini pozdu. Suriya ərazilərini İŞİD-i bombalamaq adı altında bombalamaqla isə ikinci dəfə Qərbə, Suriyaya, qonşu dövlətlərə meydan oxumuş oldu. Artıq Rusiya Suriya məsələsində tamamilə tərəf olub. Nəinki İŞİD-i, Bəşər Əsədə müxalif olan bütün qüvvələri hədəf götürüb. Rusiya çalışır ki, Əsədin mövqeləri güclənsin. Bir müddət Qərb, Türkiyə, Səudiyyə və digər ərəb ölkələri buna dözdülər. Amma indi onlar üçün də dözüm limiti bitib. Onlar Rusiyanı durdurmağın yolunu neçə aylardır fikirləşirlər. Məncə, çox doğru da yol tapıblar. Yəni əgər Rusiya Suriyada hərbi varlığını ortaya qoyursa, niyə də başqa ölkələr qoymasın? Rusiyanın arqumenti odur ki, guya onu Suriyaya legitim Əsəd hakimiyyəti dəvət edib. Amma Əsəd hakimiyyəti çoxdan legitimliyini itirib. Bu hakimiyyəti dünyada bir neçə ölkə tanıyır. Əsədi saxlayan Rusiyadır. Ona görə də Rusiyanı durdurmağın yolunu Türkiyə, ABŞ, ərəb ölkələri quru qoşunlarını Suriyaya yeritməkdə görürlər. Amma bunun da təhlükələri var. Təhlükə daha çox Türkiyə ilə bağlıdır. Türkiyə çoxdan Suriyada bufer zonası yaratmaq və qaçqınları orada saxlamaq istəyir. Amma Türkiyə sərhədini pozan Rusiya təyyarəsini vurandan sonra Moskva pusqudadır. Elə buna görə də Türkiyə təyyarələri Suriya sərhədində uçuşlar həyata keçirmir. İndi Rusiya və Əsəd qoşunları Hələbi mühasirəyə alıb. Türkiyə ordusunun təkbaşına Suriyaya müdaxiləsi problematikdir. Mümkündür ki, bu məsələ koalisiya şəklində həll olunsun. Amma ABŞ-ın nə vaxt qərar verəcəyi sual altındadır. Barak Obama tələsmir. Onu tələsdirən Türkiyə və Səudiyyə Ərəbistanıdır. Əgər Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ koalisiya şəklində Suriyaya qoşun yeritsə, böyük müharibə bu zaman başlaya bilər”.
E.Şahinoğlu xatırlatdı ki, Rusiyanın təyyarə bazası Türkiyəyə yaxın sərhəddədir. Rusiya təyyarələri Türkiyə qoşunlarına zərbə endirsə, bu artıq iki dövlət arasında müharibənin anonsu olacaq: “Bu, Suriya problemindən də kənara çıxacaq. Başqa dövlətlər, NATO bu prosesə qarışmaq məcburiyyətində qalacaq. Ona görə də həqiqətən də böyük miqyaslı müharibə təhlükəsi çox ciddidir. Əslində üçüncü dünya müharibəsinə rəvac verən elə Rusiyanın özüdür”.
Politoloq onu da vurğuladı ki, Türkiyə hələlik radikal kürd qruplaşmalarını öz ərazisindən bombalayır: “Bu, Türkiyə üçün çox həssas məsələdir. Rusiya da Türkiyəyə zərər vurmaq üçün PKK və onun Suriya qoluna çox ciddi dəstək verir. İndi Türkiyə PYD-nin mövqelərini bombalamaqla həm radikal kürdlərə zərbə endirmiş olur, həm də Moskvaya bir mesaj göndərmiş olur ki, həddini bil. Türkiyə bütün riskləri göz önünə alaraq Rusiya ilə qarşıdurmadan çəkinmir. Ən sərt addımlar atacağını nümayiş etdirir və yeni, çox təhlükəli bir mərhələ başlayır. Rusiya və Türkiyə uçurumun bir addımlığındadır. Rusiya Əsəd ordusu ilə birgə Hələbə hücum edir, bombardmanlar Türkiyəni yeni qaçqın axını ilə üzləşdirib. Demək, Rusiya Suriyada hərbi varlığını artıracaq, bunun nəticəsində Türkiyəyə qaçqın axını artacaq və Ankaraya deyəcəklər ki, sən qarışma! Buna özünə hörmət edən hansı dövlət razılaşar? Belə vəziyyətdə Türkiyənin müttəfiqləri ilə birgə Suriyanın bir hissəsində quru əməliyyatı həyata keçirməkdən başqa alternativi qalmır. Prosesdən Azərbaycan da kənarda qala bilməyəcək. Azərbaycan üçün ”Sən kiminləsən" sualı aktuallaşacaq".
Cia.az
