|
Sabiq bank işçisi ölkə başçısına müraciət etdi
“Bu məhkəmələrdən o qədər bezmişəm ki, inşallah, nə vaxtsa məhkəmələr bitərsə, mən ”Ginnesin rekordlar kitabı"na müraciət edərək, adımı o kitaba saldırmaq niyyətindəyəm. Hər halda məhkəmələrim dünya üzrə rekord həddə çatmaq ərəfəsindədir".
Bunu “Unibank”ın sabiq işçisi Sahib Qüdrət oğlu Ağayev  ölkə rəhbərliyinə ünvanladığı müraciətində yazıb. Sabiq bank işçisi qeyd edir ki, artıq 6 məhkəmə prosesindən keçib və 7-ci məhkəməyə doğru gedir: “Bakı Ağır Cinayətlər məhkəməsində hakim Rauf Əliyev  CM-in 178.3.2 və 313-cü maddələri ilə məni təqsirli bilərək 8 il azadlıqdan məhrum edilməm barədə hökm verdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov bu hökmü dəyişdirmədən qüvvəsində saxladı. 
 
Ali Məhkəmənin hakimi İlham Cəfərov bəraətverici əsaslarla işi yeni apelyasiya baxışına qaytardı. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov tam əsaslarla bəraət hökmü verdi. Ali Məhkəmənin hakimi Fərhad Kərimov ağır ittihamlarla işi yeni apelyasiya baxışına təyin etdi.
 
Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev 1 nəfər şəxsi əsas tutaraq əməlimi CM-in 178.2.4-cü maddəsinə tövsif edərək cərimə cəzası tətbiq etdi. İş yenidən Ali Məhkəmədə hakim İnqilab Nəsirovun icraatındadır.  18 fevral 2016-cı ildə işə yenidən baxacaqlar. Gördüyünüz kimi, mən sanki “voleybol topu”yam, bu hissədən o hissəyə, o hissədən bu hissəyə..."
 
Sabiq bankir güman edir ki, ona qarşı yeni plan işə salınıb: “Yenidən oyun hazırlayıblar ki, işi yenidən ləğv edib yeni apelyasiya baxışına təyin etsinlər. Prokurorluğun bəzi əməkdaşları dayanmır, çünki dayandıqları təqdirdə qanunsuzluq edən müstəntiqin başı ciddi şəkildə ağrıyacaq. Əlbəttə ki, dövlət ittihamçılarına sadə bir Azərbaycan vətəndaşının taleyi maraqlı olmalıdır. Amma belə deyil. Bankın rəhbərliyinin sifarişini böyük məmnuniyyətlə icra edirlər. Vətəndaşın taleyi necə olursa olsun, əsas odur ki, qanunsuz əməllər ört-basdır olunsun.

Cənab Prezident!
 
Hər kəsə aydın şəkildə məlumdur ki, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi birbaşa Sizin imzanızdan sonra qüvvəyə minir. Yəni ki, bu kitablardakı hər bir cümlə Sizin tərəfinizdən yoxlanılır və qəbul edilir. Lakin bəzi məmurlar və hakimlər Sizin dəyərli imzanıza hörmət etməyərək, əhəmiyyət vermədən bəzi qanunları tətbiq etmir və ya da ki, öz istədikləri formada tətbiq edirlər.
 
CM-in 14.2-ci maddəsində qeyd olunur ki: “Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir”. Yəni, bu maddənin açıq-aydın izahı ondan ibarətdir ki, əgər hər hansı bir əməldə formal olaraq cinayət əlaməti vardırsa, lakin bu əməl ictimai təhlükə yaratmırsa, cinayət hesab edilmir. Mənim əməlimdə 3 nəfər öz doğmalarımın adına kredit rəsmiləşdirib, kredit şəklində pulu özüm götürmüşdüm və bu pulları da şikayət olunmamışdan çox əvvəl öz istəyim və məsuliyyətimlə artıqlamasıyla ödəmişəm. Burada hansı cinayətdən söhbət gedə bilər? 
 
Lakin bəzi hakimlər “Unibank” KB ASC-nin tam məğlubiyyətini ört-basdır etmək naminə AR CM-nin 14.2-ci maddəsini tətbiq etmir və bununla da mənə ləkə vurmaqla yanaşı, Sizin imzaladığınız qanunlara da riayət etmirlər.
 
Ümumiyyətlə, CM-in 14.2-ci maddəsinin hər hansı bir şəxsə tətbiq edilməsi də praktikada ya yoxdur, ya da nadir hallardadır. Eyni zamanda, məhkəmə baxışlarında da dəfələrlə aparılmış araşdırmalardan aydın göründü ki, mənim işim mülki məsələdir. Şahid və zərərçəkmiş qismində tanınmış şəxslərin də ifadələri bunu sübut etdi.

Ailəmiz çox ağır durumdadır. Hətta vəziyyət o hala gəlib çıxmışdır ki, yaşadığımız evin kirayə haqqını belə ödəyə bilmirik. Üzərimdə olan bu məhkəmə prosesləri, tarixçəmin ləkələnməsi işləməyimə böyük əngəllər yaradır. Vəziyyətimiz çox ağırdır.

18 fevral 2016-ci il tarixdə hakim İnqilab Nəsirovun sədrliyi ilə Ali Məhkəmə baxışı təyin edilmişdir. Sizdən çox xahiş edirəm, bu məhkəmə prosesində haqq-ədalətin bərqərar olunmasında, işimə qanunla baxılmasında və sübutlarıma düzgün hüquqi qiymət verilməsində mənə köməklik göstərəsiniz. Mənim, bir Azərbaycan vətəndaşı olaraq, heç bir məmura inamım qalmamışdır. Mən bir tək Sizə və Sizin zəhminizə inanıram".
Cia.az