“Ermənistan işğal etdiyi beynəlxalq nəzarətdən kənar ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.
Dövlət başçısı Azərbaycan ərazilərinin 20 faizinin iyirmi ildən artıqdır ki, erməni işğalı altında olduğunu xatırladıb: “İnsanlarımızdan başqa təbiət də bundan əziyyət çəkir. Beynəlxalq nəzarətdən kənar bu ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirilir. Xüsusilə meşə zolaqları qırılır. Çünki bu ərazi özünün qədim ağacları ilə məşhurdur. Ona görə də onlar kommersiya məqsədləri üçün qırılır”.
Prezidentin sözlərinə görə, Azərbaycan üçün ən böyük iqlim təhdidi odur ki, ölkəni su ilə təmin edən çayların əksəriyyəti qonşu ölkələrdən gəlir: “Araz çayı Ermənistan tərəfindən çirklənir və bu da bizim hamımız üçün təhlükədir. Bu çirkləndirməni dayandırmaq barədə müraciətlərə baxmayaraq, Ermənistan bu əməlini davam etdirir. Biz işğalı davam edən ölkə tərəfdən daha çox anlayışın olmasını istərdik”.
“Yanvarda AŞPA Ermənistanın qonşu regionlara su təminatı zamanı problem yaratmasını pisləyən qətnamə qəbul edib. Dağlıq Qarabağın de-fakto Azərbaycanın nəzarətində olduğu zaman orada tikilən su anbarı sivil insanlara problem yaratmaq məqsədləri üçün istifadə edilir. Kür və Araz çaylarından Azərbaycana su təminatı kirtikdir” - qeyd edib ölkə başçısı.
Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu söyləyib:“Ermənistan insan haqları, prezident və parlament seçkilərinin saxtalaşdırılması və digər məsələlərdə Avropa parlamenti, Avropa Şurası tərəfindən tənqid olunur”. Dövlət başçısı Azərbaycanın Ermənistanı yalnız işğalda günahlandırdığını bildirib: “Ermənistanı nəinki biz, o cümlədən dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub. Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkələrə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”.
Azərbaycan prezidenti bununla belə, Ermənistanla əməkdaşlığı mümkün sayıb - bir şərtlə ki, ərazilər işğaldan azad edilsin. “Azərbaycanla Ermənistan arasında əməkdaşlığın başlanması üçün ərazilər işğaldan azad olunmalıdır. Bu, qarşılıqlı etimadın bərpası üçün ən effektli addım olar” - əlavə edib ölkə başçısı və onu da xatırladıb ki, İrəvan Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasında maraqlı olduğu halda Bakı bunu qeyri-məqbul sayır.
***
Ölkə başçısının Münhendən verdiyi Qarabağ mesajlarına və irəli sürdüyü ədalətli şərtə hələlik Ermənistan rəsmiləri və ATƏT-in Minsk Qrupunun ermənipərəst həmsərdlərindən, eləcə də Qərbin özündən hər hansı reaksiya gəlməyib. Halbuki, Qarabağ konflikti zonasında yeni müharibə ehtimalının gücləndiyi zamanda bu təklif xüsusi önəm daşıyır və aktuallıq kəsb edir.
Məntiqlə beynəlxalq sənədlərdə təcavüzkar kimi tanınan Ermənistan həqiqətən də iqtisadi izolyasiyadan çıxıb inkişaf eləməkdə, sülhə nail olmaqda maraqlıdırsa, Bakının son təklifinə laqeyd qalmamalıdır. Əfsuslar olsun ki, erməni tərəf həm də öz Qərbdəki havadarlarına arxayın olaraq on illərdir məsələdə maksimalist mövqe tutur, Azərbaycanla barışığı, ərazilərin boşaldılmasını yalnız “separatçı rejimin müstəqilliyinin” Bakı tərəfindən tanınması qarşılığında mümkün sayır.
Bu isə Qarabağa dair beynəlxalq sənəd və qətnamələrin ruhuna və hərfinə, beynəlxalq hüquq normaları daban-dabana ziddir. Azərbaycan isə, prezidentin də dəfələrlə vurğuladığı kimi, heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq, öz torpaqlarında ikinci saxta erməni dövlətinin yaradılmasına razı olmayacaq.
Cia.az
