|
Ölkədə yaşayışın səviyyəsi: “2", yoxsa ”4"?

Natiq Cəfərli: “5 ballıq şkala ilə Azərbaycanı qiymətləndirsək təbii ki, “2” alır və sinifdə qalır”; Zahid Oruc: “Düşünürəm ki, 4 daha obyektiv qiymət olardı” 

 

2015-ci ildə 2 dəfə baş verən devalvasiya, qiymət artımı əhalinin gəlirlərinə çox ciddi təsir etdi. Manatın ucuzlaşması səbəbindən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı, pensiyalar iki dəfədən artıq dəyərsizləşdi. İş yerlərində ixtisarlar başladı. Azərbaycan dünya ölkələri arasında məvacib baxımından axırıncı yerlərdə qərarlaşır. Belə ki, saata görə minimum əmək haqqı digər ölkələrlə müqayisədə Azərbaycanda çox aşağı səviyyədədir. 

Təqaüdlər də eyni qaydadadır. Bu baxımdan da Azərbaycan aşağı yerlərdə qərarlaşır. Belə ki, bizdən fərqli olaraq Norveç təqaüdçüləri dollar hesabı ilə 2150 dollar, Fin təqaüdçüsü 1900 dollar, amerikalı təqaüdçü 1200 dollar, alman təqaüdçüsü 1290 dollar pensiya alır. Bu ölkələrin yaşayış səviyyəsi 5 ballıq şkala ilə çox yüksək yerlərdə qərarlaşıb.
Maraqlıdır, bəs Azərbaycanın yaşayış səviyyəsini 5 ballıq şkala ilə qiymətləndirsək, neçə alar?
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın 5 balıq şkala ilə qiymətləndirsək “sinifdə qalar”:“2015-ci ili saymasaq, 2014-cü ildə Azərbaycanda bəzi göstəricilər qonşu ölkələrə nisbətən kifayət qədər normal idi. Azərbaycanda orta aylıq əmək haqqının, təqaüdün də miqdarı kifayət qədər yüksək məbləğlərdə göstərilirdi. Çünki manat baha idi. Manatın məzənnəsi devalvasiyadan sonra orta aylıq əmək haqqı, təqaüdlərin hesablanmasında, həm də gəlirlilik səviyyəsində aşağı düşüb və qonşu ölkələrdən aşağı səviyyələrə enmişik. Məsələn, Türkiyə, Rusiya, Qazaxıstanla müqayisəolunmaz dərəcədə aşağı düşüb. Həmin ölkələrdə də devalvasiya proseslərinin getməsinə baxmayaraq orta aylıq əmək haqqı da, təqaüdlərin miqdarı da Azərbaycanla müqayisədə kifayət qədər yüksəkdir. İstehlak zənbilinə gəldikdə isə təbii ki, qiymətlər artdıqca, məhsulların dəyəri də artır. Təəssüf ki, bu artım Azərbaycanda gün keçdikcə davam edəcək və gözləniləndir. Təqaüdlərin və maaşların həcmi istehlak zənbilinə yetəcək qədər deyil. İş yerlərinə gəldikdə isə Azərbaycanda böyük neft pullarının gəldiyi dövrdə çox dayanaqsız və primitiv bir model var idi. Neft pullarının əsasən təmir-tikinti sahəsində xərclənməsi və bu yolla da iş yerlərinin yaradılması xətti tutulmuşdu. İndi də büdcənin, gəlirlərin, xərclərin azalması bunda da problem yaratdı və biz  Azərbaycanda sürətlə iş yerlərinin azalması prosesini görürük. Bunu həm kommersiya, həm də dövlət qurumlarında müşahidə edirik. Bütün bunlar onu deməyə əsas verir ki, indiki şəraitdə biz 5 ballıq şkala ilə Azərbaycanı qiymətləndirsək, təbii ki, ”2" alır və sinifdə qalır".
 
İqtisadçı daha yüksək qiymət almaq üçün üç amilə diqqət yetirilməli olduğunu dedi: “Azərbaycanda gəlirlilik səviyyəsi artmalı, dayanıqlı yeni iş yerləri yaradılmalıdır. Bir də istehlak səbətinə daxil olan məhsulların qiymətinə uyğun olaraq insanların gəlirlilik səviyyəsi artmalıdır. Məsələn, iki il əvvəl mənə bu sual verilsəydi, mən Azərbaycana 5 ballıq şkala ilə 4-ə yaxınlaşan bir qiymət - ”3 üstəgəl" qiymətini verərdim. İndi isə təəssüf ki, “2" alır”.
 
Deputat Zahid Oruc isə 5 ballıq şkala ilə Azərbaycan əhalisinin yaşayış səviyyəsinin “4"-ə uyğun gəldiyini deyir: ”Şkalalar bir az şərti xarakter daşıyır. Müxtəlif iqtisadi parametrlərə görə hesablama sistemləri də çox fərqlidir. İş yerlərinin itirilməsi, ixtisarların getməsi, ayrı-ayrı biznes strukturlarının, eyni zamanda dövlət təşkilatlarının gələcək planlaşdırmalarında müəyyən qədər qənaət rejiminə keçidi nəticəsində vəziyyət dəyişib. Bilirsiniz ki, müəyyən qədər insanlar iş yerlərini itiriblər. Bunun üzərinə əvvəlki illərdə də olanları gəlsək, hazırda hökumətin qarşısında dayanan ən mühüm vəzifələrdən biri iş yerləri ilə bağlıdır. Hesab edirəm ki, məhz indiki vəziyyətdə 5 ballıq şkala ilə Azərbaycanı “4"-lə qiymətləndirmək olar. Düşünürəm ki, bu, daha obyektiv bir qiymət olardı. Bununla bərabər, bilirəm ki, indiki gerçəklikdə çox aşağı qiymətləndirmə ilə də çıxış edənlər var və onların göstərdiyi faktlar da mövcuddur. 
 
Mən Milli Məclisdə təmsil etdiyim Bərdə rayonuna səfər etdim. Hörmətli Ramil Usubovun rəhbərliyi ilə Bərdədə müşavirə oldu. Qeyd etdiyiniz o parametrlərin hamısı həmin müzakirələrin əsasını təşkil edirdi. Cənab prezidentin son bir ayda verdiyi tapşırıqlara uyğun olaraq, məmurların bölgələrə daha kütləvi və intensiv səfərləri olur. Ümidvaram ki, biz həm bu ”4" qiymətini əhalinin bütün kateqoriyalarına aid edə biləcəyik. Bizim cavabımızı bir işsiz oxuyarkən bu onda müəyyən bir mənfi assosiasiya doğura bilər. Gəlirləri aşağı düşmüş, borc öhdəliyi olan, xüsusən də kredit altında olan insan parlament üzvlərinin bəlkə də real vəziyyəti bilmədiyini, yaxud da vəziyyətə qeyri-obyektiv qiymət verdiyini düşünə bilər. Amma hər halda, əvvəlki dövrdə müəyyən bir potensial formalaşıb. Ölkənin infrastrukturu var. Çox sürətlə qeyri-neft sektoruna keçid baş verməkdədir. Əminəm ki, bizim verdiyimiz qiymət bundan sonrakı dövrdə daha da möhkəmlənib ölkə əhalisinin bütün kateqoriyalarını əhatə edə biləcək".
Cia.az