Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlının sərt açıqlamalarla çıxış etməsi, son vaxtlar tənqidlərində bir qədər də radikallıq müşahidə olunması bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi jurnalistlər VHP sədrini tənqid edərək sosial şəbəkədə yazıblar ki, Sabir Rüstəmxanlı deputat mandatı ala bilmədiyi üçün müxalifətçilik edir, Milli Məclis üzvü olduğu vaxtlarda müxalifətçilik etmirdi.
S.Rüstəmxanlı isə onu hədəfə alan adamların əsassız danışdığını bildirir: “Mən heç vaxt sifətimi dəyişməmişəm. İndi dediyim sözləri parlamentdə də demişəm, Milli Məclisə getməyəndə də deyirəm. Bəlkə də onlar elə bilirlər mən birinci dəfədir bu sözləri deyirəm? Onlar fil qulağında yatıblar və heç nədən xəbərləri yoxdur, elə bilirlər ki, mən birinci dəfədir belə danışıram. Milli Məclisdə 25 il daim öz mövqeyi olan bir adam olmuşam və daima da öz mövqeyimdən çıxış etmişəm, həmişə millətin dərdini demişəm. İndi də eyni fikri deyirəm, amma bu gün vəziyyət daha ağırdır və ona görə məcburam ki, bəzi məsələləri daha kəskin deyim. Milli Məclisdə olsaydım da, yenə eyni sözü deyəcəkdim”.
Qeyd edək ki, S.Rüstəmxanlı son günlər müsahibələrində hakimiyyətin seçki siyasətini, idarəçiliyi sərt tənqid edib. O bildirib ki, bütün hallarda, məclisə deputat seçkisi siyasəti doğru deyil, seçki yoxdur, təyinat var: “Mən özüm də, o sistemdən kənarda qalmamışam ki, razılıq olub ki, seçilmişəm. Razılıq olmasaydı seçilə bilməzdim axı. Necə ki, indi razılıq olmadı deyə, seçkiyə də getmədim. İndiki seçki siyasəti Azərbaycanın ən böyük bəlalarından biridir. Axı niyə normal, demokratik və şəffaf seçki olmasın? Onsuz da kim seçilirsə seçilsin, Azərbaycanın müstəqilliyini istəyəcək, dövləti qorumağa çalışacaq. Sadəcə, hamısı prezidentin siyasətini dəstəkləməyə, ya da hökumətin fəaliyyətini bəyənməyə bilər. Qoy olsun, amma bu nəyi dəyişə bilər ki?
Onsuz da indi, o sahələrdə nəyisə dəyişə bilmək üçün Məclis hansısa ciddi səlahiyyətlərə sahib deyil. Ona görə də Məclisə əlavə enerji, mütərəqqi fikir mənbəyi kimi, inkişafa yol açacaq əlavə ideyaların verildiyi bir məkan kimi, qurum kimi baxmaq lazım idi. Orda siyasi plüralizmə, müxtəlif siyasi partiyaların öz ideyalarını ortaya qoymaları üçün şərait yaratmaq lazımdı. Amma o məsələ günü bu gün də həll olunmamış qalmaqdadır və bu, Azərbaycanın sözdə yox, gerçəkdən inkişafı üçün vacibdir.
Baxın, indi parlamentdə icra başçılarının nə qədər adamları təmsil olunurlar. Hər icra başçısı gücü çatan yerdən bir-iki adamını irəli verib. Tutaq ki, biri pul qazananını, biri tikinti tikənini, biri qardaşını, biri digər qohumunu Məclisə saldırıb. Belə baxırsan ki, ora Məclis yox, qohum-qardaş yığınağıdır. Belə Məclis olar? Yəni bunlardan başqa kişi yoxdur bu məmləkətdə? Bax, ay əziz qardaşım, axı bir gün soruşarlar ki, niyə bu ölkənin hər şeyi bir qrup adamın əlində olmalıdır, bəs bu millətin özü hardadır. Bu millət və biz də onunla bir yerdə meydanlarda can çürütdük ki, Azərbaycanda normal cəmiyyət qurulsun, xalq seçsin, xalqı onun öz içindən irəli gələn adamlar idarə eləsin...”
Xatırladaq ki, 1990-cı ildən parlamentin üzvü olan S.Rüstəmxanlı 2015-ci ilin parlament seçkilərində namizədliyini verməkdən imtina edib. Onun deputatı olduğu 72 saylı Yardımlı-Masallı dairəsindən hakimiyyət tarixçi alim Musa Qasımlının namizədliyini dəstəkləmişdi.
Cia.az
