Duz gündəlik qida rasionumuza daxil olan çox önəmli məhsuldur. Yeməklərimizi duzsuz təsəvvür eləmək çətindir. Xörək duzundan həddən ziyadə istifadə təhlükəli sayılsa da, ondan tam imtina da həkimlərə görə doğru deyil və sağlamlığa zərərlidir.
Ancaq son vaxtlar insan səhhəti üçün zərərli olan və yodsuz duzların satışda olması kimi faktlar insanlarda bir qədər çaşqınlıq yaradıb. Yod tez buxarlanan maddə olduğundan, mütəxəssislər yodun duzlarda çox qalma ehtimalının olmadığını bildirirlər. Yodsuz duzlar isə təhlükəli sayılır.
Belə ki, aparılan araşdırmalara görə, uşaqlarda yod çatışmazlığı boyun uzanmaması, zehnin az işləməsi, öyrənmə qabiliyyətinin azalması, qəbul etmə və öyrənmək qabiliyyətinin azalması kimi problemlər yaradır. Yetkinlərdə isə trioid, xərçəng riskinin artması kimi nəticələr qaçılmaz hala gəlir.
Duz alarkən ilk öncə onun istehsal tarixinə və saxlanma müddətinə diqqət yetirilməlidir. Yodlaşdırılan duzun yararlılıq müddəti kalium yodidin istifadəsi zamanı 6 ay, kalium yodatın istifadəsi zamanı isə 9 ay müəyyən edilib. Duzda yodun kütlə payı 40+10 mkq/q olmalıdır. Yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır. Normal bir insanın gündəlik duz tələbatı əslində 5 qram olmalıdır.
Ancaq araşdırma zamanı məlum olub ki, marketlərdən qida alan insanlar ortalama olaraq 18 qram duz qəbul edirlər. Bu da həkimlərin tövsiyəsindən 3,5 qat çoxdur. Mütəxəssislər bir çox xəstəliklərin xüsusilə də ürək-damar xəstəliklərinin, və xollesterolun yaranmasında ən böyük səbəb olaraq duzu göstərir.
Hazırda satışda müxtəlif qiymətə müxtəlif növ duzlar satılır. Məsələn, “Bizim duz” 45 qəpik, “Azərduz” 63 qəpik, pendir və turşu üçün nəzərdə tutulan “Salute” duzlarının 3 kiloqramı 94 qəpik, “Salute” xörək duzu 37 qəpik, “Naxçıvan duzu” 80 qəpiyədir. Satıcılar satışda daha çox yerli duzların olduğunu, xaric istehsalı olan duzların satılmadığını deyirlər: “Azərbaycanın zəngin duzu var. Xaricdən gətirilən duzlara ehtiyacımız yoxdur. Duzların əksəriyyəti də yodlaşdırılıb”.
İnsan səhhəti üçün zərərli olan duzların satışına gəlincə isə satıcı bunun həqiqətə uyğun olmadığını dedi:“Başqa mağazalarda deyə bilmərəm ki, bu hallar var. Amma mən rast gəlməmişəm. Biz hətta turşu üçün istifadə edilən duzu ayrı, süfrə üçün istifadə edilən duzu ayrı qoyuruq. Qar yağan zaman yollara səpilən duzlar isə mağazada yer almır”.
Ümumiyyətlə, duzlar ölçüsünə, formasına, rənginə və dadına görə müxtəlifdir. Məsələn, bu duz növlərindən biri dəniz duzudur. Bu duz Günəşlə zənginləşdirilmiş duzlu sudan hasil edilir. Duz dəniz suyunun sahəyə tökülən yerlərdən yığılır, qurudulur, bəzən yenidən kristallaşdırılır. Narın xörək duzu isə qida duzudur. Bir qayda olaraq daş və ya çöküntü mənşəlidir. İkinci variant maksimum dərəcədə təmiz sayılır. Duzlu suyun dəfələrlə yenidən kristallaşması nəticəsində əldə edilir və duzdan savayı tərkibinə çox az bir şey daxildir. Ağ xörək duzunun təmizliyi 97 faizdən az deyil.
Xörək duzu maksimum dərəcədə təmiz duzlu dada malikdir, bu onun eyni zamanda həm müsbət, həm də mənfi tərəfləridir. Müsbət tərəfi odur ki, onun vasitəsi ilə hazırlanma zamanı dəqiq dozalaşdırma miqdarını təyin etmək olur. Mənfi cəhəti yastı və birölçülü dadıdır. Xörək duzu mineral duzla bərabər ən ucuz duz növlərindən hesab edilir.
Sürtmə duz adi xörək duzunun özəl halıdır. Adi duzdan fərqi dənələrinin bir qədər iri olması və kristallarının formasıdır. Xüsusi buğa vermə prosesi nəticəsində hissəcikləri yastı və piramidaşəkilli formada alınır. Daha çox Amerikada istehsal olunan bu duz növü peşəkar mətbəxlərdə sənaye standartına çevrilib. Dadına görə adi xörək duzundan fərqlənmir. Ancaq bu duz növü heç vaxt yodlaşdırılmır. Sürtmə adı ona görə verilib ki, bu duzun vasitəsilə əti sürtərək üzərində olan qan qalıqlarını təmizləyirlər.
Daş duz adı altında daha çox şaxta üsulu ilə əldə edilən ağ xörək duzu başa düşülür. Daş duzdan həmçinin texniki məqsədlər üçün, məsələn, hovuzu duzlamaq və ya yollara tökmək məqsədilə istifadə edilir.
“Fleur de sel” isə bir çox baş-aşpazlar və adi istehlakçılar tərəfindən qiymətləndirilən lopa şəklində olan duz növüdür. Törənişi, forması, zahiri görünüşü, rütubətliyi və duzluluq dərəcəsi ilə digərlərindən fərqlənir.
Ətirli duz növlərinin isə sayı çoxdur və onların hamısı insan tərəfindən yaradılıb. Bu cür duz istənilən mənbədən əldə edilə bilər, əsas məqsədi iki funksiyanı yerinə yetirməsidir: yeməyi duzlu və ətirli etmək. Bunun üçün duza müxtəlif əlavələr qatılır və müəyyən lazımi dəyişikliklər edilir (misal üçün, hisə verilmə). Əlavələr müxtəlif növ ola bilər: güllər, ədviyyatlar, otlar, giləmeyvələr və hətta şərab.
Bu cür duzlardan biri qara cümə axşamı duzudur, kifayət qədər mürəkkəb manipulyasiyanın nəticəsidir. Əvvəllər bu duz mərasim duzu hesab edilirdi (çəhrayı Havay duzu kimi), indi o qeyri-adi dad keyfiyyətlərinə görə mətbəxlərdə tez-tez istifadə olunur. Bundan başqa, çoxlu növdə dəniz duzu, maldon duzu, qara, çəhrayı Himalay duzu, çəhrayı Havay duz növləri var.
Cia.az
