|
Neftlə bağlı təzadlı proqnozlar - kim haqlıdır?
Neftin dünya bazarında proqnozlaşdırılan qiymətləri təzadlıdır. Ekspertlər kəskin şəkildə fərqlənən qiymətlərlə bağlı fikirlərini açıqlayırlar. Məsələn, dünyanın ən nəhəng neft treyderi sayılan “Vitol” şirkəti neft qiymətlərinin 2026-cı ilə kimi 1 barel üçün 40-60 dollar arasında qalacağını bildirib. 

Treyder Çin iqtisadiyyatındakı ləngimələrin və Amerikada şist qazının ixtirasının istənilən karbohidrogen xammalının qiymətindəki artıma mane olduğunu bildirib: “Biz düşünürük ki, neftin qiymətləri 40-60 dollar diapazonunda dəyişəcək. Bu, 5-10 il ərzində belə olacaq”. “Vitol” şirkətinin prezidenti Yan Teylor yaxın gələcəkdə neftin üçrəqəmli qiymətə satılmayacağını deyib.

Dünyanın iri investisiya banklarından biri olan Goldman Sachs isə neftin qiymətini 20 dollarda da aşağı salacaq qiymət oynamalarının davam edəcəyi proqnozunu verib. “Bloomberg”in xəbərinə görə, "Goldman Sachs Group Inc" ehtimal edir ki, təklif və tələb balansının tapılması üçün qiymətlər daha volatil (oynaq) hala gələcək və bunun nəticəsində də neftin barelinin qiyməti 20 dollardan da aşağı düşəcək. 
 
Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pierre Andurand bir barel neftin qiymətinin bu il 50 dollara, 2017-ci ildə isə 70 dollara çatacağını düşünür. Böyük Britaniyanın “Standard Chartered” bankı analitiklərinin dəyərləndirməsi, tam tərsinə, neft istehsalçılarında təşviş doğurub. Onlar neftin barelinin 10 dollaradək ucuzlaşacağını güman edirlər. Səudiyyə maliyyəçiləri isə bildirirlər ki, Səudiyyə Ərəbistanı ilə İran arasında savaş başlasa, 1 barel neft 500 dollara qədər bahalaşacaq. 

Dünya Bankı isə 2016-cı il üçün neft qiymətləri haqqında dərc etdiyi analiz-hesabatda dünya bazarlarında neftin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar: “2015-ci il ərzində neftin qiymətləri 47 faiz aşağı düşdü. 2016-cı il üçün gözlənilən ucuzlaşma isə 27 faizdən aşağı olmayacaq”. Dünya Bankı bu il ərzində neftin 1 barelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib. Bankın bundan öncə açıqladığı proqnoza görə, bu rəqəm 51 dollar təşkil edib. Proqnozun dəyişməsinə səbəb İran neftinin bazara daxil olması, xərclərini azaldan və effektivliyini artıran ABŞ istehsalçılarının dayanıqlığını artırmasıdır. Bununla yanaşı, proqnoza inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf perspektivlərinin zəif olması da təsir edib.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, neftin qiymətini tələb-təklif müəyyən edir: “Fevralın 15-də İran ilk tankerləri Avropaya satışa çıxarır, deməli, təklif yenə artacaq, tələb isə aşağıdır. Ancaq qlobal müharibələr olsa, o zaman neftin qiyməti qalxa bilər. Ümid edək ki, müharibə olmayacaq”. Ekspertin sözlərinə görə, makroiqtisadi və köklü əsas olmadığından yaxın həftələrdə neftin qiymətinin yenidən 30 dollardan aşağı düşməsi ehtimalı çox yüksəkdir. Çünki İran get-gedə bazara daha çox neft çıxaracaq. Çində baş verən iqtisadi yavaşlama da neft istehlakını azaltdığından, neftin qiymətlərinin hələ uzun zaman aşağı səviyyələrdə qalması gözlənilir.

Ekspert Samir Əliyev isə musavat.com-a açıqlamasında qeyd edib ki, əslində neft bazarında informasiya müharibəsi gedir: “Bir tərəf qiymətlərin ucuzlaşacağı haqda məlumatlar yayır. Digər tərəf isə bahalaşacağı ilə bağlı xəbərlər yayır. Bu informasiya müharibələri bir qayda olaraq bazara təsir göstərir. Bahalaşma ilə bağlı məlumatlar ötürülən kimi avtomatik olaraq neftin alışı artır. Amma bu ziddiyyətlərə baxmayaraq, hələ ki heç kim neftin yaxın dövrdə yüz dollar həddinə qalxa biləcəyi barədə fikir bildirmir. Əsas proqnozlar 20 dollara qədər ucuzlaşmadır. Başqa proqnozlar da odur ki, neft 40-50 dollara qədər bahalaşa bilər. Yəni bu intervaldadır proqnozlar. Hamı qəbul edir ki, neft yaxın dövrdə kəskin bahalaşmayacaq. Bu, o deməkdir ki, Azərbaycan üçün əvvəlki, neftdən çoxlu gəlirlərin gələcəyi dövr uzaqdadır”.
Cia.az