ABŞ Dövlət Departamenti 2017-ci ilin dövlət büdcəsində Rusiya ilə qonşu olan ölkələrdə korrupsiya ilə mübarizə və cəmiyyətin demokratikləşməsini dəstəkləmək proqramına 953 milyon dollara yaxın vəsait ayırmağı planlaşdırır.
Birləşmiş Ştatlar Administrasiyası çərşənbə axşamı 2017-ci maliyyə ili üçün öz büdcə layihəsini Konqresə təqdim edib. Onun həcmi təqribən 4,1 trilyon dollar təşkil edir ki, bu da 2016-cı ilin analoji sənədində qoyulan məbləğdən 196 milyard dollar çoxdur. Layihə yaxın 10 ildə büdcə kəsirinin 2,9 trln. dollar azaldılmasını nəzərdə tutur. Bu, hər şeydən əvvəl amerikalıların daha varlı təbəqəsi üçün vergi güzəştlərinin azaldılması hesabına baş verməlidir.
Layihədə Azərbaycan üçün maraqlı məqam Rusiyanın qonşuluğunda yerləşən MDB ölkələrinə korrupsiya ilə mübarizə və demokratikləşmə üçün 953 milyon dolların ayrılmasının nəzərdə tutulmasıdır. Azərbaycanın da Rusiyanın qonşusu və MDB üzvü olması onu deməyə əsas verir ki, 953 milyon dolların müəyyən qismi bizim ölkəmizin də payına düşəcək. “Turan” İnformasiya Agentliyinin direktoru mehman əliyev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, korrupsiya ilə mübarizə və demokratiya üçün ayrılacaq vəsaitdən Azərbaycana da çatacağı şübhəsizdir. Əvvəlki illərdə də ABŞ korrupsiyaya qarşı mübarizə və demokratikləşmə üçün Azərbaycan böyük məbləğlərdə pul verib.
M.Əliyev qeyd etdi ki, həmin vəsaitin 90 faizi Azərbaycanın hakimiyyətinə, müxtəlif dövlət və hökumət qurumlarına qrantlar şəklində çatıb: “Bəzi insanlarda yanlış təsəvvür yaranıb ki, ən böyük qrant yeyən QHT-lərdir. Əslində isə Azərbaycanda ən böyük qrant yeyən hökumətin özüdür. ABŞ, Avropa Birliyi və digər beynəlxalq qurumlardan ən çox qarantları məhz hökumət alıb. Xatırlayırsınızsa, 2012-ci ilin yanvarında ölkə başçısı və Prezident Administrasiyasının şəxsən iştirakı ilə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclası keçirilmişdi və oradaca həmin il korrupsiyaya qarşı mübarizə ili elan olunmuşdu. O zaman hakimiyyət ABŞ-dan korrupsiyaya qarşı mübarizə və demokratik islahatların keçirilməsi üçün 1 milyard dollar vəsait aldı. Qarşılığında isə nə ölkədə korrupsiya aradan qaldırıldı, nə də demokratik islahatlar keçirildi. Ümumiyyətlə, indiyə qədər hakimiyyət ABŞ-dan və ayrı-ayrı beynəlxalq fondlardan, beynəlxalq təşkilatlardan islahatların aparılması üçün bağlı böyük məbləğlərdə pullar alıb. Bu pullar həm qrant olaraq, həm də kredit şəklində alınıb. Həmin vəsaitlərin hamısı həqiqətən də korrupsiyaya qarşı mübarizəyə, demokratik islahatlara xərclənsəydi ölkəmiz bu günə gəlib düşməzdi”.
“ABŞ kimi ciddi bir dövlət korrupsiyaya qarşı mübarizə və demokratikləşmə üçün verdiyi pulların hesabatını sormurmu” sualını Mehman Əliyev belə cavablandırdı: “Hesabatını sorur. Neçə illər ərzində hökumət vəd verib. Artıq həmin vədlərin böyük qisminə əməl edilmədiyinə hesabat soranlarda əminlik yaranıb. Son dövrlərdə hakimiyyətin sıxışdırılması prosesinin başlanması da bununla bağlıdır. Hakimiyyətə deyirlər ki, axı siz söz vermişdiniz, filan məsələləri həyata keçirməliydiniz niyə bunları etmirsiniz.
Hakimiyyət isə müxtəlif manevrlər edir. Məsələn, deyir ki, bizdə vəziyyət başqa cürdür, xalq hələ bu islahatlara hazır deyil, vaxt lazımdır və sair. Neçə il idi bax belə bir proses gedirdi, nəticədə qəfildən Azərbaycan iqtisadiyyatı çökdü. Hesabat ciddi şəkildə sorulmağa başlandı. Hökuməti məcburi yolla islahatlara aparmaq istəyirlər. Hakimiyyət də müəyyən addımlar atmaqla yenə manevr edir. Gözləyirlər ki, neftin qiyməti qalxsın, bəlkə bundan sonra vəziyyət yoluna düşər”.
Bu qədər vəsaitləri qrant olaraq hakimiyyət orqanlarına ayırmaq yetərli effekti verməyibsə, Vaşinqton niyə bu siyasətini davam etdirdiyinə gəlincə, həmsöhbətimiz vurğuladı ki, müəyyən effektlər var. Məsələn, ASAN xidmət yaradılıb. Əmlak Komitəsində və başqa bəzi qurumlarda müəyyən islahatlar aparılıb, bəzi sənədlər qəbul edilib. ABŞ vəsaitlərin nəzərdə tutulduğu sahələr üzrə daha effektiv işlədilməsinə çalışır.
“Bəs korrupsiya ilə mübarizə və demokratik islahatlar üçün verilən böyük məbləğdə vəsaitlər geri qaytarılan, yoxsa yardım şəklində verilən vəsaitlərdir” sualını isə M.Əliyev belə cavablandırdı: “Dünya Bankının verdiyi pullar qaytarılmalıdır. Gələcəkdə Azərbaycan dövlətinin hesabından bunlar çıxarılacaq. Amma ABŞ-ın həmin yardımları qrant şəklində birdəfəlik verilir və geri ödənilməsi tələbi yoxdur”.
Cia.az
