|
TAP-a və TANAP-a pul tapa biləcəyikmi?
Ölkədəki iqtisadi böhran səbəbindən iri layihələrin taleyi sual altındadır. Hətta TANAP və TAP kimi enerji layihələrinin tikintisinin hansı şəkildə davam etdiriləcəyi ciddi suallar doğurur. Bir çox ekspertlər bildirirlər ki, bu layihələr gələcəkdə Azərbaycan üçün gəlir yeri deyil, büdcə üçün əlavə yük ola bilər. Çünki ölkə iqtisadi böhran şəraitində hətta bu layihədəki payını məcbur olub sata bilər ki, bu da əlavə problemlər yaradacaq. 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, layihələrlə bağlı müxtəlif narahatedici xəbərlər dolaşır: “Əslində hətta hökumətə yaxın bəzi media orqanlarında TANAP və TAP layihələri ilə bağlı araşdırmalar gedir. Əslində Azərbaycanın bu layihələrə imza atarkən maliyyə vəziyyəti də, ölkənin iqtisadi vəziyyəti də tamamilə fərqli idi. 
 
Yəni müqavilələri imzalayarkən tam fərqli bir durumdaydıq. İndi isə getdikcə maliyyə vəziyyətimiz, ölkənin gəlirləri aşağı düşür və bu layihələrdə Azərbaycanın payı kifayət qədər yüksəkdir. TANAP layihəsində 57 faiz, ”Şahdəniz 2"də 20, TAP-da da 20 faizdir. Və ümumiyyətlə, bu layihələrin maliyyələşməsinə Azərbaycan yaxın 2-3 ildə 16-18 milyard dollar vəsait xərcləməlidir. Bir hissəsi artıq xərclənib. Tək 1 milyard bu il Neft Fondundan TANAP layihəsi üçün ayrıca, büdcədənkənar vəsait ayrıldı. Bu, getdikcə artan xətlə yaxın 2-3 ildə gedəcək. Bu da Azərbaycanın indiki maliyyə durumunda ağır yük olacaq. Azərbaycanın həm rezervlərinə, həm ümumiyyətlə bu layihələrin gələcək perspektivi nöqteyi-nəzərindən ağır yük olacaq. Çünki hər iki layihənin gəlir gətirmə perspektivi kifayət qədər uzun vədəlidir. Yəni “Şahdəniz 2", TANAP və TAP layihələrinin tam gücü ilə işə düşməsi təqribən 2020-ci ildə nəzərdə tutulub. 2020-ci ildə Azərbaycan cəmi 10 milyard kubmetrə yaxın qaz sata biləcək Avropaya. Bu isə kiçik bir rəqəmdir və Azərbaycanın bir müddət qoyduğu vəsaitin geri qaytarılması ilə bağlı problemi olacaq. Problem onda olacaq ki, bir neçə il, hətta 10-15 il Azərbaycan qoyduğu vəsaitin geri qaytarılmasına çalışacaq. Qazanc haqqında danışmaq belə yersiz olacaq. Söhbət on il və daha artıq müddətdən gedir. Bu layihələrin həyata keçirilməsi təbii ki, vacibdir. Azərbaycanın gələcəkdə enerji bazarında müəyyən rol oynaması üçün çox vacib layihələrdir. Amma layihələr imzalanarkən Azərbaycan daha irəliyə baxmalı idi. 
 
Geniş bir vizyona sahib olmalı idi ki, bu problemlər yaranmasın. Amma o zaman düşünməyiblər. Çox böyük öhdəliklər götürülüb hər üç layihə ilə bağlı. Bu öhdəliklərin yerinə yetirilməsi Azərbaycana yük gətirəcək yaxın illərdə. Azərbaycan məcburən bəzi layihələrdə ya payını satmalı olacaq, ya da xarici donorlardan borc kredit götürərək öz payının maliyyələşməsinə getməli olacaq. Hər iki variantın da Azərbaycan üçün mənfi cəhətləri var. Biz öz payımızı satsaq, həmin layihələrdə gələcəkdə daha az söz sahibi olacağıq. Borca girsək də, Azərbaycanın indiki durumunda borcları daha yüksək faizlə verəcəklər. Gələcəkdə qazancımızı elə faiz ödəməyə sərf etmiş olacağıq. Yəni müxtəlif nöqteyi-nəzərlərdən baxanda, bu layihələrlə bağlı yaxın zamanlarda, yaxın illərdə biz problem yaşayacağıq”. 

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycan Trans-Anadolu Qaz Boru Xəttindəki (TANAP) payını beynəlxalq maliyyə bazarları vasitəsilə həyata keçirməlidir: “TANAP-ın maliyyələşdirilməsinə gəlincə, yəqin ki, biz beynəlxalq maliyyə bazarları vasitəsilə bu layihədə olan payımızı maliyyələşdirməyə keçməliyik ki, valyuta balansımız üçün əhəmiyyətli gərginlik yaranmasın”. Həmçinin Avropa İnvestisiya Bankının (EIB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 1 milyard avro vəsait ayıra biləcəyi barədə informasiyalar layihənin icrasında problemlər yarandığını deməyə əsas verir. EIB-in direktorunun müavini Pim Van Ballekom bildirmişdi ki, məqsəd “Botaş” şirkəti vasitəsilə layihəyə dəstək olmaqdır: “Çünki Dünya Bankı da bu layihəyə maliyyə vəsaiti ayırmağı planlaşdırır. EIB-in həmin bu vəsaitinin aprelin sonuna kimi təsdiq olunması və ilk ödənişin isə avqustun sonunadək həyata keçirilməsi nəzərdə tutulur”. 
 
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP boru kəmərinə birləşərək “Cənub qaz dəhlizi”nin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2" yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: ”Cənub qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC)- 58 faiz, “Botaş”- 30 faiz və BP şirkəti- 12 faiz.
“Trans-Adriatik” (TAP) qaz boru kəmərinə gəldikdə isə bildirilir ki, bu, “Cənub” qaz dəhlizinin mühüm hissəsidir. “Cənub” qaz dəhlizi isə dünyanın ən böyük infrastruktur boru layihəsi kimi təqdim edilir. Azərbaycanın “Şahdəniz-2" yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı ”Cənub" qaz dəhlizi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir. Uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2" yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).(Musavat)
Cia.az