Hüquq müdafiəçiləri dövlət başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət göndəriblər. Bu barədə musavat.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. O bildirib ki, məktubda bir neçə məhbusun əfvi xahiş edilir.
“Ramiz Mehdiyev Əfv Komissiyasının sədridir. Biz ona və prezidentə məktub yazmışıq, siyahı təqdim etmişik. Siyahıda 27 nəfərin adı var. Həmçinin ilahiyyatçılar barədə də xahiş etmişik. Dekabrın 11-də hüquq müdafiəçiləri toplaşıb yenə siyasi məhbuslarla bağlı müzakirə aparacağıq. Məktub isə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu tərəfindən göndərilib”. O, siyahıdakı şəxslərin adlarını konkretləşdirməsə də, hamısının əfvə düşəcəyinə ümid etdiyini bildirib.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da qeyd edib ki, onlar əfv gözləyirlər: “İşçi Qrupunun növbəti iclası təyin edilməyib. Monitorinq Qrupu isə son bir həftədə Ədliyyə Nazirliyində, Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda görüşlər keçirib. Görüşlərdə əfvlə bağlı məsələlər gündəmə gətirilib. Bizim müzakirəyə, baxışa çıxardığımız insanların taleyi gündəmdədir.
Xəstələr, əfv ərizələri yazanlar əsas müzakirə edilir. İstintaq altında olanlarla bağlı da iş gedir. İntiqam Əliyev, Leyla Yunus və digərlərinin məsələsi gündəmdədir. İntiqam Əliyevlə bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişik. Rəsul Cəfərovla bağlı da müraciət etmişik, əfv edilməsini xahiş etmişik. Leyla Yunusla bağlı da narahatıq. Düzdür, əfvlə bağlı səlahiyyət prezidentdədir. Amma biz müraciətimizin nəzərə alınacağına ümid edirik”.
