|
Gənc Tamaşaçılar Teatrının kollektivi Firəngiz Şərifovanı yad edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino aktrisası, Xalq Artisti Firəngiz Şərifovanın anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri xiyabanda aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Teatrın mətbuat xidmətindən bildirilib ki, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək Firəngiz Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb.

Qeyd edək ki, Firəngiz Şərifova 1924-cü il fevralın 6-da Azərbaycan teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub. 1941-ci ildə yaxın ailə dostu Üzeyir Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültəsinə daxil olaraq beş il konservatoriya təhsili alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib. 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunmuş, lakin iki il sonra teatr məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti olaraq bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlamış və tezliklə teatrın aparıcı aktrisalarından biri olub.

Aktrisa 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdaraq öz xahişi ilə işdən azad edildiyi tarixə qədər - 2011-ci ilin sentyabrın 1-dək ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

Firəngiz Şərifova uzun sürən xəstəlikdən sonra 2014-cü il fevralın 20-də vəfat edib.

Cia.az