Ancaq marketdən-marketə qiymət artımında müəyyən fərqlər var. Belə ki, “Makro Market”, “Rahat Market”də qiymət artımı kiçik marketlərə nisbətən daha çoxdur.
Belə ki, çaylardan 500 qramlıq “Paşa”çayı 6 manat 40 qəpiyə, 585 qramlıq “Final” çayı 6 manat 85 qəpiyə, “Azərçay” qramından asılı olaraq 5 manat 74 qəpik, 8 manat 25 qəpiyə, 450 qramlıq “Berqa” çayı 6 manat 90 qəpiyə satılır. Düyülərdən “Ruschmand” 1 manat 47 qəpiyə, “Bizim tarla” 1 manat 70 qəpik, un 1 manat 25 qəpiyə, qarabaşaq isə 2 manat 60 qəpiyə satılırdı. Qəndlərin qiyməti 1 manat 55 qəpikdən 4 manat 35 qəpik arası dəyişir. Hətta “Galina Blanka”nında qiymətində daha 5 qəpik artım olub - 20 qəpik.
Həmçinin əvvəllər 1 manata satılan “Rolton” supları indi 1 manat 55 qəpiyədir. Konservləşdirilmiş balıq məhsullarının qiyməti isə 1 manat 20 qəpikdən başlayaraq, 4 manat 68 qəpik arasında dəyişir. 1 manat 80 qəpiyə olmuş tomat isə indi 2 manat 40 qəpiyədir. Adi suların, meyvə sularının və spirtli içkilərin qiymətində də artım müşahidə etdik. Habelə, salfetlərin qiymətində növündən asılı olaraq, əlavə 20-30 qəpik bahalaşma var. Əvvəllər kilosu 6 manata satılan konfetlər indi 8 manata satılır. Ümumilikdə konfetlərin qiyməti 8-20 manat arasında dəyişirdi. Şorların qiyməti 1 manat 55 qəpikdən, qatıqların qiyməti 1 manat 60 qəpikdən, südlər isə 1 manat 30 qəpikdən başlayaraq satılırdı.
Quru meyvələr 7 manat 10 qəpiyə, qoz ləpəsi 19-25 manat arası, keşyu 19 manat 20 qəpik, badam 22 manat, ərik qurusu 15 manat 60 qəpiyə idi. Yuyucu vasitələrinin də qiymətində kəskin artım müşahidə olunur. Belə ki, əvvəl 1 manat 70 qəpiyə satılan “Ariel” yuyucu tozu indi 1 manat 95 qəpiyə, “Persil” 2 manat 15 qəpiyə, “Boss” 3 manat 20 qəpiyə, “Vernel” 3 manat 75 qəpiyə, “Finish” 3 manat 50 qəpiyə satılır.
Qab şampunlarından “Fairy”nin qiyməti qramından asılı olaraq 2 manat 39 qəpik, 3 manat 50 qəpiyə, “Bello” 1 manat 30 qəpiyə satılırdı. Şampunlardan əvvəllər 1 manat 40 qəpiyə satılan “Wash & Go” 2 manat 20 qəpiyə, 3 manat 80 qəpiyə satılan “Elidor” indi 4 manat 20 qəpiyə təklif edilir. Diş məcunlarından olan və əvvəl 1 manat 70 qəpiyə satılan “Colgate” 2 manat 35 qəpiyə satılırdı.
Satıcılardan bahalaşmanın səbəbini soruşsaq da, sualımıza tutarlı bir cavab ala bilmədik. Onlar ya bunun səbəbini bilmədiklərini deyir, ya da firmadan baha gətirildiyini söyləyirdilər. Maraqlıdır, qiymətlərin yenidən bu qədər bahalaşmasına səbəb nədir?
İqtisadçı ekspert Rəşad Həsənov səbəb kimi öncə hökumətin qiymət artımına qarşı olan təzyiqinin azaldığını qeyd elədi: “Bir çox idxalçı şirkətlər öz depolarında olan məhsulların satışını həyata keçirir. Devalvasiyadan sonrakı dövrdə hökumət müəyyən formada inzibati üsullarla sektorda tənzimləmə apararaq qiymət artımının mümkün qədər qarşısını almağı düşünürdü. Təbii ki, bu doğru yanaşma deyil. Hazırda yeni partiya məhsulların ölkəyə daxil olması və təbii ki, dollarla ifadədə bu məhsulların maya dəyərinin yüksək olması məhsulların qiymətində mərhələli şəkildə artımlara səbəb olub.
Adətən devalvasiya və devalvasiyadan sonrakı 1-2 ay ərzində hökumət daha aktiv olur. Daha doğrusu, hökumət cəmiyyətin həssaslığını nəzərə alaraq ətrafa bu məsələ ilə bağlı administrativ təzyiqlər göstərərək müəyyən dövr üçün əhalini yeni yaranmış situasiyaya adaptasiya olmasını gözləyir. Bundan sonra zaman keçdikcə təbii ki, bu təzyiqlər azalır və yavaş-yavaş mərhələli şəkildə şirkətlər qiymətlərin tənzimlənməsi istiqamətində işlər görürlər. Bir çox məhsulların idxalçıları, eyni zamanda ölkədaxili istehsalçıları İqtisadi İnkişaf Nazirliyi ilə müəyyən qədər əlaqələr yaradaraq qiymət artımlarını əssaslandırmağa cəhd göstərirdilər. Bu da müəyyən zaman tələb edirdi.
Təbii ki, daxili istehsalın xammal baxımından asılılığı yerli məhsulların hansı faiz dərəcəsində devalvasiyadan sonra bahalaşmasını müəyyənləşdirməyi tələb edir. Bununla bağlı istehsalçılar və idxalçılar nazirlik qarşısında qeyri-rəsmi formada müəyyən arqumentləşmə almağa cəhd göstərirlər”.
İqtisadçı ekspert şirkətlərin mərhələli şəkildə qiymət artımına başladığını dedi: “Hökumət qiymət artımına imkan verməmək üçün təzyiqləri artırdıqca idxalçılar prosesdə maraqlı olmur. Ona görə də bu vəziyyət uzun çəkə bilməzdi. Məhsul qıtlığı yarana bilərdi ki, bu proses artıq müəyyən qədər Azərbaycanda başlayıb. İdxal prosesinin yanvar ayı üçün çox ciddi azaldığını Dövlət Gömrük Komitəsi özü də açıqladı. Hazırda şirkətlər mərhələli şəkildə qeyri-rəsmi icazələr daxilində qiymətlərin artımı prosesinə başlayıb”(Musavat)
Cia.az
