|
Boş qalan dairədə deputat seçkisi nə vaxt olacaq?
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri ləğv olunan 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsinin noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına dair qərarından sonra baxılacağını açıqlamışdı. Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini təsdiq etməsindən 3 aya yaxın vaxt keçir. Yeni Milli Məclis ilk tətilini də başa vurub və ikinci sessiyasına başlayıb.
90 saylı dairədə təkrar seçkilərin nə vaxt keçiriləcəyi, ümumiyyətlə, bu dairədə təkrar seçkilər olub-olmayacağı barədə isə hələ heç bir rəsmi açıqlama verilmir. MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli “Yeni Müsavat”a bildirib ki, 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin nə vaxt keçirilməsi barədə hələ qərar verilməyib: “Hələ ki bu barədə qərar və məlumat yoxdur. Qərar verildikdən sonra Mərkəzi Seçki Komissiyası həmin dairədə təkrar seçkinin təşkili üçün qanunda nəzərdə tutulan işləri həyata keçirəcək”.
 
Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, nəticələri ləğv edilən və ya hansısa səbəbdən deputatsız qalan dairədə bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.
Ancaq Azərbaycan təcrübəsində müxtəlif səbəblərə görə deputatsız qalmış dairələrdə təkrar seçkilər keçirilmədiyi də məlumdur. 2010-cu ildə formalaşmış parlamentin nümunəsində bunu sübut edən 4 fakt var. Əli Əhmədov, Mübariz Qurbanlı yüksək vəzifələrə təyinat aldıqları üçün deputat mandatlarına xitam verilmişdi. Gülər Əhmədov həbs edildiyi üçün deputat mandatına xitam verilmişdi. Hikmət Atayev dünyasını dəyişdiyi üçün onun da seçildiyi dairə deputatsız qalmışdı. Bu dairələrin heç birində təkrar seçkilər keçirilmədi. Odur ki, 90 saylı dairədə də təkrar seçkilər keçirilməsə və Ağdaş camaatı beş il deputatsız qalsa, təəccüblənməmək gərək.
 
Onu da xatırladaq ki, sözügedən dairədən “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev üçüncü dəfə deputat mandatı qazanmışdı. Lakin MSK dairədə seçki pozuntularının olduğunu əsas göstərərək nəticələri ləğv etdi. 
 
Ötən həftə isə hakimiyyətin 90 saylı dairədən beynəlxalq təşkilatlarla əlaqəsi olan QHT rəhbərlərindən birini deputat seçdirəcəyi ilə bağlı informasiya yayılıb.
Cia.az