|
Zəlimxan Məmmədlinin Gürcüstana girişi yasaqlandı

Gürcüstan azərbaycanlılarını birləşdirən "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişi yasaqlanıb. Bu barədə o özü "Yeni Müsavat"ın əməkdaşı Elşad Paşasoya xəbər verib.

Əməkdaşımızın bildirdiyinə görə, bu qadağan barədə Z.Məmmədliyə bir neçə gün öncə məlum olub və o, əvvəlcə məsələni ictimailəşdirmək istəməyərək yasağın hansı səbəbdən qaynaqlandığını araşdırmaq istəyib.

Qeyd edək ki, Zəlimxan Məmmədli əslən Borçalı mahalındandır və qonşu ölkədə çoxsaylı qohum-əqrəbası var, Gürcüstan azərbaycanlılarının hüquqlarının qorunması istiqamətinə fəaliyyətləri olduğundan ora tez-tez gedib-gəlir, bu ölkədə mədəni-maarifçilik tədbirləri keçirir

Ona da bildirək ki, görkəmli şairdən əvvəl Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı da bənzər sanksiya ilə üzləşib.

Gürcüstan hökumətinin tətbiq etdiyi bu sanksiyaların adları çəkilən şəxslərin ictimai-siyasi fəaliyyətləri ilə bağlı olduğu güman edilir.(Müsavat.com)