|
Ölkədə neft istehsalı dayandırılsa...
Cia.az xəbər verir ki, bir neçə gün əvvəl politoloq Ərəstun Oruclu “Yeni Müsavat”a müsahibəsində müxalifətin iqtidara proqramlar vasitəsilə çıxış yolu göstərməsinə də münasibət bildirib. O, bu proqramlarda bəzi məntiqsiz təkliflərin yer aldığını da vurğulayıb: “Gəlin icazənizlə müxalifət haqqında da tənqidi fikirlər deyək. İqtisadiyyatla bağlı elə təkliflər verilir ki, bu, ən yaxşı halda acı təbəssüm doğurur. Məsələn, ortada təklif var idi ki, neft qiymətləri düşməkdə davam edərsə, Azərbaycanda neft hasilatı dayandırılmalıdır. Bu, fantastik təklif idi...”.
Onun sözlərinə görə, Azərbaycanda neft hasilatının dayandırılması qeyri-mümkün bir işdir: “Ən azı, neft nə qədər ucuzlaşsa da, istənilən halda bazarı qoruyub saxlamaq lazımdır.  İkincisi, neft, qaz ölkə üçün çox vacibdir. Bu, elə şeylərdir ki, bu sərvətlərə malik olmayan ölkələr onu qızılla satın alır... Texnoloji proses olaraq bu, tamamilə mümkün deyil. Çünki həmin neft yataqlarının dayandırılması bundan sonra onun bərpasına uzun illər və on milyardlarla dollar investisiya tələb edir. Ona görə də istehsal dayana bilməz”. 
 
Ə.Oruclu təklifin hansı partiyadan gəldiyini açıqlamasa da, bunu aydınlaşdırmaq üçün ilk müraciət etdiyimiz partiya fikirləri özünə aid edib. Müsavat başqanının müavini Elman Fəttah musavat.com-a açıqlamasında bildirib ki, Ə.Oruclunun Müsavat Partiyasının hazırladığı sənəddəki fikirləri təhrif etməsindən təəssüflənir: “Müsavat təklif etmişdi ki, neftin qiyməti 30 dollardan aşağı düşərsə, neft ixracatı dayandırılsın. Biz ixracatın dayandırılmasını, stoplanmasını təklif etmişik, hasilatın dayandırılmasını deyil. Neftin depolara doldurulmasını təklif etmişik”. 
 
Ekspert İlham Şaban isə musavat.com-a məsələ ilə bağlı bildirib ki, hasilatı dayandırmaq asan bir iş deyil:“Bu təklifi edənlər neft hasilatını dayandırmaqla nə etmək istəyirlər? Hazırda Dövlət Neft Şirkətinin ümumi dənizdə hasilat quyularının rentabelliyi 15 dollardır. Qurudakı yataqlarda ranteballik 20 dollardan bahadır. Quruda artıq elə yataqlar var ki, onlarda hazırda rentabellik 30 dollardır. Ona görə ortalama Neft Şirkəti üçün rentabellik 20 dollardır. Hazırkı qiymət budur. Ancaq neftin qiymətinin aşağı düşməsi və hasilatın dayandırılması məsələsi qəlizdir. 
 
Belə bəyanatla çıxış edənlər, o təklifləri verənlər, sadəcə, sistemin içərisində olmayan, onu daxildən bilməyən qurumlardır. Söhbət 2016-cı ildən gedirsə, heç bir qurum, nə Beynəxalq Enerji Agentliyi, nə banklar, nə OPEK, neft və iqtisadiyyatla bağlı beyin mərkəzləri bununla bağlı, yəni kəskin ucuzlaşma ilə bağlı açıqlama verməyib. Neftin orta qiymətinin 30 dollardan aşağı olacağı ilə bağlı bir rəqəm səsləndirməyiblər. Söhbət hətta neqativ ssenaridən gedir. İkincisi, səsləndirilən rəqəmlər bütün il boyu həmin qiymətin olacağı demək deyil. Hətta bp şirkətinin rəhbəri öz fikirlərində belə bir ifadə işlədib ki, neft 20 dollara da düşə bilər. Ancaq bu, o demək deyil ki, illik neftin orta qiyməti 20 dollar olur. 
 
Çox şirkətlər öz planlarını ortaya qoyanda neftin orta qiymətini 35 dollardan hesablayırlar. Bu baxımdan, cari il üçün hələlik orta qiymət 32-37 dollar arasındadır. Bu, ən optimal variant sırasında belədir. Ancaq bəzi ssenarilərə görə, 40 dollardan götürülür, 41-42 dollarlıq ssenarilər də var. Hətta 45 dollar da var optimist variant kimi. O baxımdan, neftin qiyməti yanvar ayında 5 gün 27 dollar oldu. Ancaq bir neçə şirkət üçün onun maya dəyəri 35 dollar idi. Bu şirkətlər həmin yataqlarda neftin istehsalını dayandıra bilərdi. Ancaq o yataqlarda sonra hasilatın bərpası üçün iki ay vaxt lazımdır. 
 
Bu, psixoloji baxımdan həmin şirkət üçün ziyandır. Çünki neftin qiyməti heç vaxt düz xətlə olmadığından, bir gün düşür, bir gün qalxır. Həmişə orta qiymət əsas götürülür. Və şirkətlər də həmişə baxırlar ki, orta qiymət nə olacaq. Bu gün nefti satır 15 dollara, 1998-ci ildə hətta 9 dollardan da aşağı düşmüşdü. Orta qiymət 14 dollardan yüksək oldu. Söhbət ondan gedir ki, sonra qiymət artır. 
 
Məsələn, 2015-ci ilin dördüncü rübündə ilk onluğa daxil olan bütün neft şirkətləri milyardlarla ziyana getdilər. Ancaq ilk üç rübdə bunlar mənfəətlə işlədiklərindən, bir çoxları həmin ziyanı örtmüş oldular. Bu da neft sənayesinin ümumi iqtisadiyyatıdır. Bir ayda, üç ayda qiymətlər aşağı ola bilir, sonra qalxır. Neft qiymətləri aşağı olanda, neft emal sənayesində marja yüksəlir. 
 
Neftin qiyməti yuxarı olanda, neft emalında gəlir maksimum olur 2-3 faiz. İndi neft məhsullarında dünya bazarında gəlirlilik 15 faizdir. ”Exon", “Shelf”, “Total” kimi şrikətlər bu saat onun hesabına xam neftin aşağı qiymətlərini qapatmış olublar. Neftayırma zavodlarında çox yaxşı imkanları var, onun hesabına böyük gəlir götürürlər". 
Cia.az