ATƏT-in Minsk Qrupunun açıq şəkildə ermənipərəst mövqedən çıxış etməsindən sonra rəsmi Bakı açıq şəkildə bu quruma etimadsızlığını ifadə edib. Erməni tərəf həmsədrlərin növbəti “turist” səfərinin anonsunu verməsinə baxmayaraq, Azərbaycan rəsmiləri dipomatları gözləmədiklərini vurğulayıblar.
Azərbaycan XİN-in rəsmi mövqeyi belədir ki, Minsk qrupu əvvəlcə Strasburqda Ermənistanın təcavüzkarlığını ifşa edən qətnamələrin qəbuluna qarşı cəhdlərini əsaslandırmalı, nədən işğalçının yanında olduqlarının izahatını verməlidirlər. Hələlik hər hansı əsaslı mövqe səslənmədiyi üçün Bakının həmsədrlərlə danışmağa faktiki olaraq, sözü qalmır.
20 ildən artıq müddətdə fəaliyyətsizlikləri ilə diqqət çəkən həmsədrlərin mövqeyi Azərbaycanı həmsədr ölkələrə etiraz məktubları göndərməyə vadar edib, lakin hələlik hər hansı cavab gəlməyib. Maraqlısı budur ki, artıq Minsk Qrupunun yararsızlığı beynəlxalq miqyasda etiraf olunmaqdadır. Hesab olunur ki, yaxın ərəfədə bu təşkilata əlavə nəfəs verilməsə, ən azı işğala məruz qalan tərəfin etibarından məhrum olmuş bir qrupun mövcudluğunun heç bir mənası qalmayacaq.
Almaniyanın həmsədrliyə əlavə olunması təklifinin dartışıldığı bu dönəmdə əlavə bir təklif də müzakirə predmetidir. Belə ki, bəzi ekspertlər Avropa İttifaqının Qarabağ münaqişəsinin həll prosesində aktiv iştirakını istəyir. Qeyd edək ki, bu qurum nüfuzuna görə daha irəli gedib və İran böhranı kimi ağır situasiyalarda ortaya mövqe qoyub, prosesi uğurla məntiqi sonluğuna çatdırıb. Yeri gəlmişkən, Avropa Parlamenti Azərbaycan ərazilərinin işğal faktını iki qətnaməsində sərt dillə rəsmiləşdirib ki, bu da Avropa İttifaqına əlavə arqument verir.
Bir neçə gün əvvəl Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış, Brüsseldə mənzillənən nüfuzlu Avropa Siyasəti Mərkəzi Dağlıq Qarabağ münaqişəsinə dair geniş təhlil hesabatını yaydı. “Dağlıq Qarabağ və Avropa Sərhədlərində Böhranlar Mənbəyi” adlı hesabatın müəllifləri Amanda Paul və Dennis Sammut yazıb ki, Avropa İttifaqı bu münaqişənin kənarında qalaraq, əvəzində bu yükü tamamilə ATƏT-in Minsk Qrupunun çiyinlərinə yükləyib. Hesabatda qeyd olunur ki, ittifaqın Azərbaycan və Ermənistana təsir alətləri olmasa da - hər iki ölkə Avropa İttifaqı ilə assosiasiya sazişinə qoşulmaqdan imtina edib - qurum bu münaqişəyə tamamilə biganə qala bilmir. Erməni tərəf bugünlərdə Azərbaycanın neft yataqlarını vura biləcəyi ilə hədələmişdi, bu, faktiki olaraq bölgədə maraqları olan Avropaya təhdiddir.
Bu mənada Aİ-nin prosesdə aktiv rol oynaması həm də öz maraqları baxımından əhəmiyyətli sayılır. Söz düşmüşkən, ötən ay Brüsseldə keçirilən Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekununda qəbul edilən bəyanatda da münaqişəyə görə narahatlıq ifadə olunmuşdu. “Aİ bir daha təsdiq edir ki, Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması qəbuledilməzdir. Münaqişənin həlli prosesi isə Aİ-nin prioritetleri arasındadır”, - deyə sənəddə qeyd olunurdu. Bugünlərdə Avropa ittifaqından Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı narahatlığın ifadə olunması isə mövzunu daha da aktuallaşdırır.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupunu hər hansı bir qurumla, hətta Avropa Birliyi ilə də əvəzləsələr, bu məsələ müsbət həllini tapmayacaq: “Çünki burada bir neçə məqam var: birincisi, bu gün ATƏT-in Minsk Qrupu BMT-nin mandatına uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Təsəvvür edin ki, bu gün heç BMT-nin özü işğal olunmuş rayonların qeyri-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi dörd qətnaməni icra edə bilmir. İkincisi, BMT-nin Təhlükəsizlik Şurasının beş üzvündən üçü - Çin və Böyük Britaniyadan başqa - ATƏT-in Minsk Qrupunda təmsil olunur. Buna baxmayaraq, yenə də deklorativ çıxışlardan başqa irəliyə bir addım belə atılmayıb. Yəni tək Avropada söz sahibləri deyil, bütün dünya dolayı yolla münaqişənin tənzimlənməsi ilə məşğul olur. Lakin Ermənistanın xeyrinə olaraq status-kvo saxlanmaqdadır”.
A.Nağıyev qeyd etdi ki, bu gün böyük meqalayihələrin həlli regionla bağlı olduğu üçün bir sıra təşkilatlar artıq bu məsələnin həllinə önəm verməyə çalışır: “Bizim üçün əsas şərt ilk öncə ərazi bütövlüyümüzdür. Buna görə də Paris və Madrid prinsipləri var. Ən önəmli məsələlərdən biri də dini məsələdir. Fikir verin, bu gün artıq uzun bir zaman kəsiyində bir-biri ilə az qala düşmən mövqeyində olan Dünya Katolok Kilsəsinin və Rusiya xristianlarının rəhbərləri görüşmək və dostluq münasibətini göstərmək qərarına gəliblər. Məzhəb ayrılığını ortaya salan Qərb artıq bu varianta da əl atır. Bu gün Qərb Azərbaycanla münasibətlərin istiləşməsi istiqamətində addımlar atır. Buna bariz nümunə kimi dövlət başçımız İlham Əliyevin Londona dəvətini və Dağlıq Qarabağla bağlı mühüm çıxışını da də göstərmək olar. Yəni bu, yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Lakin bütün bunlara baxmayaraq, regionda maraqlı olan supergüclərin, o cümlədən ABŞ və Rusiyanın rəyi mütləqdir. Yəni tək Ermənistana mövqe nümayiş etdirməyə qalsaydı, məsələ istənilən formada həllini tapardı. Bu günsə nüfuz davası getdiyi üçün güclü siyasətlə yanaşı, güclü ordu və qələbə əzmi də əsasdır”.
Konfliktoloq Elxan Mehdiyev xatırlatdı ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi numayəndəsi var:“Əvvəlki nümayəndə bir ara bu işlərlə məşğul olmağa cəhd etdi, amma həmsədrlərin etirazı və müqaviməti ilə üzləşdi. Sonradan onlar daha çox ”prosesə" kömək məqsədilə bölgədə inam yaratmaq təşəbbüsləri ilə çıxış etdilər. Eyni zamanda Dağlıq Qarabağ nümayəndələrini də siyasi müzakirələrə qoşmaq istəyirlər. Eynilə Dağlıq Qarabağda iqtisadi və humanitar sahədə işlər görmək niyyətindədirlər. Dağlıq Qarabağ separatçılarının liderləri ilə də görüşləri bu qəbildəndir".
E.Mehdiyevə görə, onlar bunu xoş niyyətlə etmək istəyirlər: “Amma Dağlıq Qarabağ erməniləri bundan beynəlxalq tanınma kimi istifadə etməyə çalışır. Avropa Birliyinin vasitəçiliyi mümkün görünmür, çünki həmsədrlər etiraz edir. Nəzərə almaq lazımdır ki, Avropa Birliyinin iki böyük dövlətindən biri Fransa qurumdadır. Almaniya və başqa dövlətlər isə onların iradəsinin əleyhinə təşəbbüsdə olmaz. Bu baxımdan hələ də həmsədrlər Azərbaycanın başını qatmağa çalışacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır: “Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzinin (European Policy Center) Dağlıq Qarabağ münaqişəsinə dair keçən həftə yaydığı geniş hesabat da bundan xəbər verir. Birincisi, hesabatda vurğulanıb ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin kənarında qalaraq, əvəzində bu yükü tamamilə ATƏT-in Minsk Qrupunun çiyinlərinə yükləyib. Bunun əsas səbəbi kimi Avropa İttifaqının Azərbaycan və Ermənistana təsir alətləri olmadığı göstərilib. Həqiqətən hər iki ölkə Avropa İttifaqı ilə assosiativ sazişə qoşulmaqdan imtina edib. Halbuki Azərbaycan və Ermənistan bu sazişə imza atsaydılar, Brüsselin Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolu arta bilərdi. İkincisi, baxmayaraq ki, Avropa İttifaqı münaqişənin həllində fəal rol oynaya bilmir, Brüssel cəbhə bölgəsindəki hazırkı vəziyyətdən və atəşkəsin pozulmasından ciddi narahatdır. Çünki Azərbaycanın iştirakı ilə böyük regional enerji layihələri reallaşır. Azərbaycanın əsas iştirakçısı olduğu tranzit və enerji layihələri isə bölgəni Avropa ilə birləşdirəcək. Buna görə də Avropa İttifaqı bölgədə sabitlikdə maraqlıdır”.
E.Şahinoğluna görə, Brüssel haqlı olaraq şübhələnir ki, Azərbaycanla Ermənistan arasında müharibə başlasa, həmin layihələri təhlükə gözləyəcək: “Digər tərəfdən, Brüsselin başqa bir qorxusu ondan ibarətdir ki, Rusiya müharibə vasitəsilə regional layihələrin reallaşmasına mane olacaq. Üçüncüsü, Avropa İttifaqı da o qənaətdədir ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanla Ermənistan arasındakı sülhü uzaqlaşdırır. Çünki Rusiya Azərbaycanla Ermənistanın barışması hesabına Türkiyənin Cənubi Qafqazda rolunun möhkəmlənməsini istəmir. Rusiya Ermənistana təzyiqini artırmaqla Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlikdən də ehtiyat edir. Beləliklə, Avropa İttifaqının hesabatından çıxan ümumi nəticə budur ki, Brüssel Azərbaycanla Ermənistanı barışdırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olsa da, Rusiyanın bu prosesə təsir imkanları daha böyükdür. Digər tərəfdən, Avropa İttifaqı Rusiyanın bu təsirinin münaqişənin həllinə yox, onun dondurulmasına yönəldiyini etiraf edir”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə artan marağı Azərbaycanın maraqlarına uyğundur: “Çünki Avropa İttifaqı və Avropa Parlamenti Ukraynanın ərazi bütövlüyünü dəstəklədikləri kimi Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir. Avropa Parlamenti müxtəlif illərdə bir necə qətnamə qəbul edərək Ermənistanın Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə çağırmışdı. Avropa Siyasəti Mərkəzinin hesabatında da deyilir ki, Avropa İttifaqı, nəhayət, Qarabağ münaqişəsinin çözümü istiqamətində konkret addımlar atmalıdır. Belə olmazsa, Avropa İttifaqının birbaşa sərhədlərində olan münaqişənin çözümündə heç bir rola malik olmaması təsəvvürü yaranacaq. Hesabatın əsas yekunu bundan ibarətdir ki, Qarabağ münaqişəsi bundan sonra Rusiyanın periferiyasında lokal problem kimi deyil, Avropa İttifaqının qonşuluğunda qorxulu sabitsizlik mənbəyi və potensial böhran kimi qiymətləndirilməlidir. Əgər Avropa İttifaqı Dağlıq Qarabağla bağlı gələcək fəaliyyətində Avropa Siyasəti Mərkəzinin bu hesabatını əsas kimi götürsə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki təktərəfli vasitəçiliyinə alternativ yanaşma ortaya qoymalıdır”.
Politoloq xatırlatdı ki, rəsmi Bakı Avropa İttifaqı ilə assosiativ saziş imzalamasa da, Brüsselə strateji sənəd imzalamağı təklif edib: “Böyük ehtimalla, Bakının hazırladığı bu sənəddə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bənd də var.
Assosiativ sazişdə Dağlıq Qarabağla bağlı bəndlər yox idi. Ona görə də rəsmi Bakı assosiativ sazişə maraq göstərmədi. Əgər Brüssel yeni sənəddə Azərbaycanın ərazi bütövlüyünü vurğulayan bəndi qəbul etsə, onda bu sazişin imzalanması Azərbaycanın xeyrinə olacaq. Bu halda Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən narazı olan rəsmi Bakı danışıqlarda Avropa İttifaqının da fəal olmasını istəyəcək. Buna baxmayaraq, Avropa İttifaqı ilə strateji sənədin imzalanması üçün Brüsselin də Bakıya ünvanladığı şərtlər var. Bu şərtlər Azərbaycanda siyasi, iqtisadi və məhkəmə islahatlarının dərinləşdirilməsi və Dünya Ticarət Təşkilatına üzvlüklə bağlıdır. Rəsmi Bakı öz növbəsində Brüsselin bu şərtlərini qəbul edərsə, strateji sənədin imzalanması üçün maneə qalmayacaq”.
Belə görünür Avropa İttifaqı da Qarabağ münaqişəsinin tənzimlənməsinə qoşulmasının qarşılığında rəsmi Bakıdan və İrəvandan asossiativ sazişə imza atmasını istəyir. Bu isə Rusiya təhdidlərinin fonunda kifayət qədər problemli görünür.(Musavat.com)
Cia.az
