Azərbaycanın neft gəlirlərinin azalması, nəticədə iqtisadiyyatda çətinliklər yaranması yeni bir məsələni - maliyyə amnistiyasını gündəmə gətirib. İqtisadçıların fikrincə, bu qanun xaricə axan çirkli pulların ölkə iqtisadiyyatına yatırılmasına və büdcə gəlirlərinin artmasına səbəb ola bilər. Xüsusən, banklardan və büdcədən oğurlanmış milyonlar və məmurların xarici banklarda yatırdığı pullar ölkəyə gətirilsə, bu külli miqdarda vəsaitin iqtisadiyyata yatırılması ilə nəticələnər.
Lakin qanunun qəbulu paralel olaraq, bir sıra islahatlar tələb edir ki, maliyyə amnistiyası əks nəticə verməsin.
İqtisadçı Vüqar Bayramovun fikrincə, maliyyə amnistiyasının həyata keçirilməsi üçün konkret addımların atılmasına ehtiyac var. Ekspert “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu birdəfəlik addım deyil:“Maliyyə amnistiyası qəbul edilməsi digər tədbirlərin də həyata keçirilməsini tələb edir. Bunun biri maliyyə amnistiyası verildikdən sonra gəlirlərin deklorasiyasının tətbiq edilməsidir. Əgər maliyyə amnistiyası verilirsə və gəlir deklorasiyası tətbiq edilmirsə, o zaman maliyyə amnistiyasının verilməsinə ehtiyac yoxdur. Bu yarımçıq islahat olacaq və effekt verməyəcək. Gəlir deklorasiyası haqqında qanun qəbul olunsa da praktiki olaraq işləmir.
İkincisi, maliyyə amnistiyası həm də korrupsiyaya qarşı mübarizənin bir elementi olmalıdır. Maliyyə amnistiyası verildikdən sonra korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Bu addımın yubanmasının əsas səbəbi gəlirlərin deklorasiyası ilə bağlı qanunun tam olaraq reallaşa biləcəyi ilə bağlı bir əminliyin olmaması ilə əlaqədardır.
Əminlik olmalıdır ki, gəlirlərin deklorasiyası haqqında qanun birmənalı hamıya tətbiq ediləcək, məmurlar da, vətəndaşlar da gəlirlərini daimi olaraq deklorasiya edəcəklər”.
Ekspertin sözlərinə görə, qanun qəbul edilməzdən öncə, maliyyə amnistiyasının büdcəyə gətirəcəyi vəsaitlərin tam olaraq dəqiqləşdirilməsinə ehtiyac var: “Bu dəqiq hesablanmalıdır ki, maliyyə amnistiyası büdcəyə nə qədər gəlir gətirəcək, nə qədər investisiyanın cəlb edilməsinə imkan verəcək. Maliyyə amnistiyası tətbiq edilən zaman onun həm mənfi, həm də müsbət tərəflərinin qiymətləndirilməsinə ehtiyac var.
Bu həm də ona görə vacibdir ki, insanlar müxtəlif yollarla qazandıqları gəlirləri sərbəst şəkildə investisiya etsinlər. Yəni, insanlardan heç kim soruşmayacaq ki, bu pulu haradan və necə qazanıb. Söhbət təkcə məmurlardan deyil, biznesmenlərdən və sadə insanlardan da gedir”.
Vüqar Bayramov maliyyə amnistiyasının ölkə iqtisadiyyatına verəcəyi faydalara da toxundu: “Bu imkan verəcək ki, korrupsiyaya qarşı mübarizə güclənsin. Amnistiya verildikdən sonra investisiya yatırmaq istəyən insanlar bunu həyata keçirəcək və amnistiya müddəti başa çatdıqdan sonra, artıq həmin pulları xərcləyə bilməyəcəklər. Bu səbəbdən məcbur olub investisiya şəklində saxlayacaqlar. O baxımdan amnistiya oğurlanmış pullara deyil, indiyədək qazanılmış, investisiya edilməsində müəyyən narahatçılıq olan vəsaitlərə şamil olunur”.
Xarici təcrübəni misal çəkən iqtisadçı, maliyyə amnistiyası ilə bağlı müsbət nümunələrə olduğunu dedi:“Məsələn, qonşu Gürcüstanda maliyyə amnistiyası çox uğurla həyata keçirilir. Həm büdcəyə daxil olan vəsaitlərin həcmi artıb, həm də daxili imkanlar hesabına investisiya qoyuluşları çoxalıb. Bu bir çox hallarda öz vəsaitlərini xaricdə saxlayanlar üçün də müəyyən imkanlar yaradır. O baxımdan Gürcüstan təcrübəsi Azərbaycan üçün də vacib hesab edilə bilər. Maliyyə amnistiyası bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində də tətbiq edilir”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında maliyyə amnistiyasının verilməsinin tərəfdarı olduğunu vurğuladı: “Maliyyə amnistiyasının verilməsi məsələsi aktualdır və biz də Milli Məclisdə bununla bağlı öz təkliflərimizi səsləndirmişik. İndiki vəziyyətdə maliyyə amnistiyasına getmək olar. Ancaq burada bir çox məsələlər var. Maliyyə amnistiyasını elə aparmaq lazımdır ki, bu pullar Azərbaycana ziyan gətirməsin, bu pullardan başqa məqsədlər üçün istifadə edilməsin. Dövriyyədən gizlədilən pullar ölkədə real sektorun inkişafına müsbət təsir göstərsin.
Əlbəttə ki, ölkədə çirkli pullar var. Bunlar aydın məsələdir. Daha çox xaricdə saxlanılır və bunun Azərbaycana gətirilməsinə çox böyük ehtiyac var. Lakin bu qanunu elə çərçivədə qəbul etmək lazımdır ki, o pullar sonradan Azərbaycanın müstəqilliyinə ziyan gətirməsin. Mən maliyyə amnistiyasının qısa müddətdə tətbiq edilməsinin tərəfdarıyam”.
Cia.az
