|
“Səsindən tanıdılar payızı”

Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Səsindən tanıdılar payızı” adlı klassik yapon şeiri Antologiyasının təqdimatı keçirilib.

AYB-nin sədri, Xalq Yazıçısı Anar Yapon poeziyasına 1979-cu ilində ilk dəfə Xalq Yazıçısı Elçinin müraciət etdiyini söyləyib. Bildirib ki, o, özü də yapon poeziyasından bir neçə şeiri dilimizə tərcümə edib.

AYB-nin sədri yeni nəşri xalqlarımız arasında mənəvi əlaqələrin daha da möhkəmlənməsinə təkan verən ədəbi hadisə kimi dəyərləndirib.

Azərbaycan Yazıçılar Birliyi nəzdində fəaliyyət göstərən Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin və “ATV Kitab" layihəsinin rəhbəri Səlim Babullaoğlu “ATV Kitab" layihəsinin və “Parlaq imzalar” nəşriyyatının birgə layihəsi çərçivəsində işıq üzü görən “Səsindən tanıdılar payızı” klassik yapon şeiri Antologiyasını kitabsevərlərə hədiyyə adlandırıb.

Bildirilib iki, ölkəmizdə bu silsilədən artıq 4-cü nəşr olan antologiyada klassik yapon poeziyasının zirvəsi sayılan Başo, Buson və İssanın üçlükləri - seçmə haykuları yer alıb. Eyni zamanda, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq bu antologiyaya daxil edilib.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirinin birinci katibi Ginqa Kobayaşi, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurlan Tarık, antologiyanın tərtibçisi və redaktoru istedadlı publisist Cəmşid Bəxtiyar, yazıçı-tərcüməçi Kamran Nəzirli və başqaları kitabın xalqlarımız arasında mənəvi ədəbi körpü olduğunu bildiriblər.

Yaradıcı qrup antologiya üzərində iş zamanı Yaponiyanın Azərbaycandakı səfirliyinə də göstərdikləri köməyə görə minnətdarlıqlarını bildiriblər.

Sonda kitab tədbir iştirakçılarına hədiyyə edilib.

Cia.az